Vaxtsız xəzanın vida nəğməsi

post-img

Abşeronda ən tez “oyanan” ağac söyüddür. Bu ağacın qeyri-adi xüsusiyyətlərindən biri həm ilk yarpaqlarının, həm çiçəyinin ( bəli, o, bar verməsə də çiçək açır), həm də zoğlarının sarı olmasıdır. Yarpaqlar tam açılandan sonra ağac yaşıllaşır... Bütün bunları kim görməyib ki? 

Ancaq görənlərin hamısı şair və ya rəssam olmadığına görə, bu lövhə çox­larına adi gəlir. Mərhum rəssam Haca­ğa Nəzərli isə həmin lövhəni görəndə – daha doğrusu, ona həmin gözəlliyi mən göstərmişdim – Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin əvvəlindən bir beyti xatırlatmışdı: 

Axır günün əvvəl eyləyib yad, 

Axıtdı sirişkü, qıldı fəryad. 

Təbii ki, bütün körpələr dünyaya gələndə ağlayırlar. Füzuli isə Qeysin (Məcnunun) dünyaya gələndə ağla­masını onun, guya, axır gününü yad edərək göz yaşı tökməsi kimi məna­landırmışdı. Hacağa Nəzərli də söyüd ağacının ilk yarpaqlarının sarı olmasını onun gələcək xəzanı duyma əlavəsi kimi yozmuşdu. 

Dünən – iyulun 10-da işə gələndə küləyin çinar ağaclarından qoparıb asfalt boyu “rəqs etdirdiyi” yarpaqları görəndə məhz Hacağa müəllimin hə­min ifadəsini xatırladım. Mən bir neçə gün əvvələdək küçələrin bəzəyi, çi­narların libası olan yarpaqları, təmizlik işçilərinin cidd-cəhdlə yığıb toplamağa çalışdığı vaxtsız xəzanın qurbanları­nı “quraqlığın yaratdığı lövhələr” kimi qəbul etdim. Həmkarımız, şair Əli Nə­cəfxanlı isə iyulda budaqlara vida söy­ləyib ayaqlar altına düşən yarpaqları dünyadan “vaxtsız köçənlərlə” müqa­yisə etdi. 

... Yadımdadır, gənclik illərimdə kəndimiz haqqında yazdığım bir şeir­də xəzan yarpaqlarını “Külək” adlı atın ayağındakı qızıl nala bənzətmişdim; 

Küləklər payızın kəhər atları, 

Yarpaqlarsa qızıl naldı, kəndimiz. 

Amma indi payız deyil axı. Vaxtsız “ölən” yarpaqların ayaq altına düşmə­si quraqlığın insafsızcasına yaratdığı ağır lövhələrdir. Nə yaxşı ki, çinar yenə göyərəcək... Və təəssüf ki, ölənlər geri qayıtmayacaq...

 

İttifaq MİRZƏBƏYLİ, 

Elşən AĞALAR (foto) , 

“Xalq qəzeti”

Sosial həyat