Göygöldə Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlandı

post-img

        Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Göygöl Milli Parkı ərasizində Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlanıb.

         Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı çərçivəsində ilk mərhələni uğurla başa vurmuş qərb rayonlarından olan bir qrup iştirakçı üçün Göygöl Milli Parkı ərasizində yay düşərgəsi təşkil olunub.

         Belə düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır. 

         Düşərgədə uşaqlar üçün gün ərzində maraqlı və əyləncəli oyunlar, tanınmış incəsənət nümayəndələrinin ustad dərsləri təşkil olunub, bölgənin mədəni-tarixi yerlərinə ekskursiya və intellektual yarışlar keçirilib. 

         Xatırladaq ki, üç turdan ibarət, 22 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən ölkənin ən böyük Uşaq İncəsənət Festivalının ikinci mərhələsi avqust ayının sonunadək davam edəcək. Festivalın final mərhələsi sentyabr ayı ərzində Bakı şəhərində keçiriləcək.

         Layihənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

 

                Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 











Sosial həyat