İyul ayının 1-dən etibarən Bakı–Sumayıt–Bakı qatarlarında biznes sinif vaqonlarının ləğv edilərək, “ekonom vaqon” kimi istifadəsi nəzərdə tutulur. Səbəb biznes vaqonlara tələbatın aşağı olması, ekonom vaqonlarda isə sərnişin sıxlığının müşahidə edilməsidir. Qərarın qəbulundan sonra sərnişin sıxlığının aradan qalxacağı gözlənilir.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova bildirdi ki, qısa məsafələrə gediş zamanı biznes sinif vaqonlarına tələbat çox olmur: “Bu səbəbdən də onlar ekonom sinif ilə əvəzlənəcək. Bakı–Sumqayıt–Bakı xətti üzrə biznes sinif kimi fəaliyyət göstərən, 61 və 88 nəfərlik olmaqla iki tip vaqon mövcuddur. Həmçinin onların salonları da genişdir. Bu vaqonların ekonom sinif kimi istifadə edilməsi imkan yaradır ki, salona daha çox sərnişin daxil olsun. Məsafələr qısa olduğundan sərnişinlər həm oturaraq, həm də ayaq üstə gedə bilərlər. Beləliklə, biz gün ərzində həmin istiqamətlərdə, əlavə olaraq, yüzlərlə sərnişin daşıya biləcəyik. Hazırda biznes vaqonla gediş haqqı 2 manat, ekonom vaqonla isə 1 manat təşkil edir. İyulun 1-dən etibarən bütün qatarların tarifi 1 manat olacaq”.
QSC rəsmisi onu da vurğuladı ki, biznes sinif qatarların fəaliyyəti yalnız Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda ləğv ediləcək. Bölgələrə gedən qatarlarda bu tip vaqonların fəaliyyəti davam edəcək.
QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova iyulun 1-də Azərbaycan dəmir yollarında nəzərdə tutulmuş digər bir dəyişiklik barəsində də danışdı. Bildirdi ki, bu dəyişiklik birdəfəlik biletlərin satışının dayandırlması olacaq. Çünki həmin, biletlər istifadə etdikdən sonra hara gəldi atılır ki, bu da ətraf mühiti, qatarları çirkləndirir.
ADY rəhbərliyi bu addımı atmaqda əsas məqsədi, rəqəmsal ödənişlərin genişləndirilməsini, köşklərdə və kassalarda növbələrin aradan qaldırılmasını, kağız məmulatlarından istifadənin minmuma endirməsini təmin etməkdir. Qurum rəsmisi qeyd etdi ki, müvafiq marşrut üzrə qatarlarda gediş haqqı təmassız ödənişi dəstəkləyən bank kartı və ya ADY-yə məxsus kartlarla ödənilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır. Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə onları kassalara təhvil verməklə ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
Nəqliyyat eksperti Elməddin Muradlı bu addımı müsbət qiymətləndirdi. Ekspert bildirdi ki, burada əsas hədəf pul qazanmaq yox, tıxacın qarşısını almaq, insanları vaxtında mənzil başına çatdırmaqdır. ADY da bu istiqamətdə tədbirlər görür: “Bakı–Sumqayıt–Bakı qatarları vasitəsilə sərinişin daşınmada son vaxtlar xeyli artım müşahidə olunur. Çünki nəqliyyat vasitəsi kimi qatar daha əlverişlidir”.
Elməddin Muradlı maraqlı təkliflərlə də çıxış etdi: “Qatarların intervalı qısaldıla, vaqonların sayı artırıla bilər. Lakin burada stansiyaların tutumu nəzərə alınmalıdır. Bunlardan başqa, gələcəkdə Bakı–Sumqayıt–Bakı qatarını daha da şaxələndirməklə, Ceyranbatan, Saray ərazilərində də stansiyalar tikmək olar.”
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu marşrutu gündəlik 25-30 min nəfərə xidmət göstərir. Ümid edirik ki, verilən qərar özünü doğruldacaq və qatarlarda müşahidə olunan sıxlıq aradan qalxacaq.
R.MƏHƏRRƏMOV



