Vətən müharibəsində düşmənə qan udduran Xüsusi Təyinatlı Qüvvələrin şücaəti dillərdə dastan olub. Onlardan biri – Elbrus Abbaszadə haqqında söz açmaq istəyirəm. 1981-ci ildə yalnız doğulduğu Biləsuvarın Xırmandalı kəndinin, müharibədən sonra bütün Azərbaycanın övladı olan qazi Elbrusdan.
1999-cu ildə Biləsuvar hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılan Elbrus Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib. Çətin məşq-təlimlərdən keçib... 2001-ci ildə ehtiyata buraxılıb. Tərxis olunduğu 11 ay müddətində hər an fikrində yalnız Xüsusi Təyinatlı Qüvvələrdə xidmət barədə düşünüb. 2002-ci il fevralın 2-də Müdafiə Nazirliyinin “Gizir hazırlığı kursu”na daxil olub. Məktəbdə 3 ay oxuduqdan sonra, 2002-ci ilin aprelində 500 nəfərlə xüsusi təyinatlıların kursuna başlayıb.
Çox ağır təlimlərdən keçən gənclərdən kursu 42 nəfər bitirir. Həm fiziki, həm mənəvi gücü, iradəsi olanlar sonadək tab gətirir. Beləliklə, Elbrus arzusuna çatır, XTQ mənsubu olur. Çətin tapşırıqlarda iştirak edir, yağı düşmənə gücümüzü dəfələrlə göstərir. 2016-cı ildə aprel döyüşlərində iştirak etməklə, düşmənə xüsusi təyinatlıların nəyə qadir olduğunu sübut edirlər.
Elbrus deyir ki, yeganə amalımız 30 ildə işğalda qalan torpaqlarımızı xilas etmək idi. Ona görə gecə-gündüz məşqlərimizə davam edirdik, kurslar keçib savadımızı artırırdıq. 2016-cı ilə qədər olan bütün tapşırıqlarda dəfələrlə iştirak etmişik. O həmin günləri belə xatırlayır:
– Vətən müharibəsi başlayanda biz ilk hücuma Füzuli rayonunun Cocuq Mərcanlı kəndində, Lələtəpə deyilən ərazinin cənub istiqamətindən ön xətti yarmaqla başladıq. Döyüşlər çox yaxın məsafədə olduğundan yaralılarımız, şəhidlərimiz də çox oldu. Amma biz arzumuzun arxasınca – torpaqlarımızı işğaldan azad etməyə getmək barədə düşünürdük. Arasıkəsilmədən verilən tapşırıqları uğurla yerinə yetirirdik.
Artıq ağır döyüşlər başlamışdı. Mən kəşfiyyatçı radio-teleqrafçı vəzifəsində çalışırdım. Komandirin yanında rabitəçi idim. Bütün əmrlər, tapşırıqlar mənə gəlirdi və mən də şəxsi heyətə çatdırırdım. Demək olar ki, Füzuli istiqamətində çox ağır döyüşlər oldu. Sonra Cəbrayıl istiqamətinə çətin tapşırıqlar aldıq. Əmri yerinə yetirmək üçün əməliyyata keçdik. Sədd yarıldı, düşmən səngərinə girdik və tapşırığı uğurla yerinə yetirdik.
Oktyabrın 2-də ağır artileriyadan açılan atəş nəticəsində yaralandım. Qeyd edim ki, hazırda qardaşım da XTQ-də xidmət edir. Müharibədə xilasetmə qrupunda idilər. İş elə gətirib ki, məni döyüş meydanından o çıxarıb. Mən ona xilaskarım deyirəm. Mən digər təxliyə edilənlərlə Füzulidəki hospitala gətirildik. Əhmədbəyli hospitalında müayinə olunduqdan sonra müalicə üçün hərbi hospitala göndərdilər. Bir ay müalicə olundum.
Noyabrın 2-də döyüş bölgəsinə qayıtdım. Şuşaətrafı döyüşlərdə iştirak etdim. Həmin vaxtlarda Şuşanın azad edilməsi ilə bağlı xəbəri Prezident xalqa çatdırdı. Biz o vaxt Daşaltıda idik. Döyüşlər bitdi. Biz bir neçə ay müdafiə məqsədilə Şuşada qaldıqdan sonra əvvəlki xidmət yerimizə qayıtdıq.
Səhhətimdəki ciddi problemlərə görə mən tərxis olundum və mülki həyata başladım. İşlə bağlı müraciətimə ƏƏSMN-dən müsbət cavab aldım. Hazırda 4 saylı DOST Mərkəzində çalışıram. Gözəl kollektivimiz var, hamıdan razıyam.
Qeyd edək ki, Elbrus Vətən müharibəsindən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və digər medallarla təltif olunub. İşindən, dövlətin qazilərə göstərdiyi qayğıdan çox razılıq edir. Deyir ki, ikinci qrup əlil olsam da, əlimdən gələni etməyə, hər an Vətənin müdafiəsinə qalxmağa hazıram. Çünki Vətən bizim ailəmizdir. Onu biz qorumasaq, kim qoruyacaq?
B.ZƏRİFƏ, “Xalq qəzeti”