Onlarla eyni dünyanı bölüşmək üçün...-VİDEO

post-img

Autizm – valideynlərin eşitmək istəmədikləri ən qorxulu söz... onlar üçün ağırlığı bir diaqnoza sığışmayan, problemdən daha dərin, ümumi hesab ediləndən daha ağır… 

Hamıdan fərqli olan bu uşaqları cəmiyyətin qəbul edə bilməməsi problemləri daha da dərinləşdirir. Həyatları, dünyagörüşləri, düşüncələri fərqli olan autizmli uşaqların xoşbəxtliyi də xüsusidir. 

Bu xüsusi uşaqlardan biri – 26 yaşlı Şamxal Xələfli haqqında söz açmaq istəyirəm. O hamı kimi peşə bacarıqlarını artırır, idmanla məşğul olur, dostları ilə görüşür, asudə vaxtlarını səmərəli keçirir. Bağda becərdiyi gül-çiçəklərə qulluq etməyi sevir, ağacların barını yığaraq ürəkaçıqlığı ilə hamını qonaq edir. Bu meyvələrdən müxtəlif şirələr, kampotlar hazırlamağı da xoşlayır. Ev işlərində atasına, anasına kömək edir, bir sözlə heç kimdən geri qalmaq istəmir. Rəsm çəkməyi çox sevir. Çəkdiyi rəsmlər sərgilərdə, festivallarda nümayiş etdirilir, satılır. Maddi rifahını yaxşılaşdırır. 

Anası Zəhra Xələfovanın dediyinə görə, bir rəngi ən tez 3 aya, ən gec 8 aya öyrənib. Bəs Şamxal Xələfli heç bilirsiniz rəngləri necə duyur, necə dərindən başa düşür, onlarla necə işləyir? Təsəvvür etmək çətindir ki, bu qədər bacarığa yiyələnmək üçün nə qədər səy göstərir. Bunun özü cəmiyyətə bir nümunə deyilmi? Bu oğlanın rəsmlərindəki rənglərin özü bir dünyadır. Mövzular isə müxtəlifdir – gül–çiçəkli təbiət mənzərələri, heyvanlar... 

Şamxal Xələflinin hazırda reabilitasiya keçdiyi Birgə və Sağlam İctimai birliyinin nəzdindəki Autizm Mərkəzindəyik. 

Şamxal mərkəzdə fəaliyyət göstərən “Kaşalata kafe”də masterklaslarda maraqla iştirak edir. Mərkəzdə reabilitasiya alan Ayaz Əlizadənin anası Kəmalə xanımın rəhbərliyi altında cürbəcür şirniyyatlar, qoğallar, kekslər, pirojnalar bişirdikcə əməyinin bəhrəsinə sevinir.   

Müəllimi Ləman Hidayətova deyir ki, “Kaşalata kafe” 18 yaşdan yuxarı autizm diaqnozlu şəxslərin peşə bacarıqlarının formalaşdırılması üçün qurulmuş bir kafedir. Kafedə uşaqlar həm də ofisiant kimi çalışırlar. Onlar öyrəndikləri peşə bacarıqlarını evdə də tətbiq edə bilirlər. Özlərinə buterbrud, sendviç düzəltməyi, hətta müştərilərə qulluq etməyi öyrənirlər ki, bu da onlara baxan insanın, yaxud ailənin yükünü azaldır. 

Şamxalın kafedəki müştərilərə qulluq etməsinə baxırıq. Öyrəndiklərini rahatlıq və arxayınlıqla tətbiq etməsi xoşumuza gəlir. Padnosda gətirdiyi kofe və şirniyyatı stolun üzərinə qoyur. Aydın baxışlarını üzündəki təbəssüm daha cəlbedici edir. Bir azdan isə təmizlik işləri üzrə masterklasda iştirak edir. Tozsoranı götürüb böyük səy və diqqətlə işə başlayır. 

Anası bu müəssisənin oğlunun ən xoşladığı məkan olduğunu deyir. Burada yiyələndiyi vərdişlər evdə, ailədə onun çox gərəyinə gəlir. Mərkəzin geniş oyun və idman meydançasında uşaqların məşğul olması üçün hər bir şərait yaradılıb. Valideynlər autizmli övladlarını digər uşaqlar kimi parka gəzintiyə apardıqda fərqli münasibətlə qarşılaşırlar. Ona görə autizmli uşağın əlavə bir travma almaması üçün onu belə yerlərə aparmamağa çalışırlar. 

Mərkəzdə Şamxalın məşqlərini izləyirik. Müxtəlif idman alətlərində fəal hərəkətlərinin şahidi oluruq. Yorulmadan öz üzərində çalışan bu gənc daha sağlam olmaq, həyat bacarıqlarına yiyələnmək üçün ona verilən tapşırıqları səylə yerinə yetirməyə çalışır.

 Məşqçisi Tamella Qasımova vurğulayır ki, Şamxal 3 ildir mərkəzdə bir sıra idman bacarıqlarına yiyələnir. Stolüstü tennis oynayır. Bir sıra idman alətlərində sərbəst şəkildə məşğul olur. Velosiped sürmək demək olar ki, hobbisinə çevrilib. Evdə, parkda velosiped sürməyi xoşlayır. 

Zəhra xanım deyir ki, 20 yaşda ikən ilk dəfə velosiped sürəndə o qədər seviniblər ki.... Onda diqqət dağınıqlığı var idi. Ünsiyyətə çətin girirdi. Fikirləşirdik ki, bəlkə də sürə bilməz. Belə valideynlərə demək istərdim ki, diaqnozu eşidib qorxmasınlar. Bu uşaqları xəstə yox, fərqli uşaqlar kimi qəbul etmək lazımdır. Bununla yanaşı, çalışmalıyıq ki, bu sindrom haqqında ictimaiyyət daha çox məlumatlı olsun, cəmiyyət maariflənsin. Burada da problemlərin əksəriyyəti məlumatsızlıqdan, yaxud yanlış məlumatdan yaranır.

Mərkəzin təhsil işləri üzrə supervayzeri Xəqani Qayıbov autizmli uşaqlara, onların valideynlərinə dəstək olmaq üçün yaradılmış müəssisənin əsas məqsədlərindən birinin də, cəmiyyəti bu mövzuda maarifləndirmək, müvafiq kitabların dilimizə tərcümə olunmasına kömək göstərmək, bu sahədə mütəxəssislər yetişdirmək olduğunu bildirdi. Qeyd etdi ki, uşaqlar günüuzadılmış bölmədə gün ərzində 6 saat yarım təlim alırlar. Buraya akademik bacarıqlar, sərbəst şəkildə yemək-içmək vərdişlərinin formalaşdırılması, peşə fəaliyyətlərinin öyrədilməsi daxildir. Autizm mərkəzində 1,6 aylığından 26 yaşadək 100-ə yaxın uşaq reabilitasiya keçir. Tədris edilən təlim yaş qrupuna görə dəyişir. 18 yaşdan yuxarı uşaqlar artıq “Kaşalata kafe”də çalışırlar.

Onu da vurğulayaq ki, Şamxal stolüstü tennis, atletika ilə xüsusi Olimpiya proqramı üzrə 11 yaşından məşğul olur. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sıralarında idmanın sirlərini öyrənən yüzlərcə istedadlı uşaqdan biridir. Çalışqanlığı, zəhməti sayəsində bir sıra yarışların qalib və mükafatçısı olub. Onda əsl idmançıya xas xüsusiyyətlər var. Qalib gəlmək üçün sonacan mübarizə aparır.

Bu cür uşaqların ən böyük problemi isə cəmiyyətə inteqrasiya yolunda maneələrdir. Onların zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti hiss etdirməməsi müəyyən problemlər yaradır. Zəhra Xələfova məhz buna görə ictimai marşrutdan istifadənin çətin olduğunu deyir: “Marşrutdan düşəndə adətən Şamxalı özümdən qabağa buraxıram. Sürücünün kobud şəkildə onu çağırıb ödəniş tələb etməsi əhvalını pozur. Yaxud marşrutda bəzən durub yer verməsini tələb edirlər. Belə hallar onun bir müddət özünə qapanmasına səbəb olur. Çünki insanların ondan nə istədiklərini anlamır. Bununla belə başa düşür ki, onunla pis rəftar edirlər. 

Təbii ki, xüsusi uşaqları yalnız kifayət qədər inklüziv olan cəmiyyət qəbul edə bilər. Əgər belə olarsa, özəlliklər tamamilə normal bir hal kimi qarşılanacaq. 

Bunu problem hesab edib üzümüzü çevirməkdənsə, görmək, hiss etmək, duymaq üçün düşüncələrimizi dəyişməliyik. Müxtəliflik, fərqlilik həyata gözəllik verir, dünyanı darıxdırıcı olmaqdan xilas edir. Məhz bu fərqliliyi başa düşüb, özəlliyi dərk etdiyimiz zaman ona uyğun rəftar edə bilsək, xüsusi uşaqlarla da eyni dünyanı bölüşə bilərik. 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

 

 


Sosial həyat