Baharlının unudulmaz axar-baxarı...

post-img

Millətçi və təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ucbatından öz doğma yurd-yuvalarından məcburi qaçqın düşmüş insanların – Qərbi Azərbaycanlıların doğma yurd-yuva həsrəti heç vaxt sönməyib. Hətta illər ötdükcə bu həsrət onları daha da ağrıdıb, incidib. Baxmayaraq ki, dövlət qayğısı və himayəsi hər zaman yüksək səviyyədə olmuşdur, lakin bu insanların qəlbini yandırıb-yaxan dərd doğma vətən, ocaq, dədə-baba yurdlarına qayıtmaqdır. 

Doğma yurd-yuvalarından qaçqın düşmüş o insanların sı­ğındıqları yerlər artıq onların isti yuvasına çevrilsə də, qəlblərində­ki vətən nisgili, xiffəti başdan bəri alovludur, sönməzdir. Ən böyük arzuları doğma yurdlarına dön­mək, həyatlarının sonrakı hissə­sini məhz o müqəddəs yerlərdə davam etdirməkdir. Azərbaycanı­mızın bir çox guşəsində məskun­laşmış bu insanlar vətən həsrətli, yurd nisgillidirlər. Onlardan biri müsahibimiz – Ordubad şəhərin­də məskunlaşmış Valeh Mirzəyev də qəlbində yurd sevgisi, vətən göynərtisi ilə yaşayır. Fikri-xəyalı daim doğma Qərbi Azərbaycanın Qafan rayonunun Baharlı kəndin­də dolaşır. 

Valeh Mirzə oğlu 1955-ci ildə Qafan rayonu Baharlı kəndində dünyaya gəlib. Orta təhsilini öz doğma kəndində səkkizillik mək­təbdə alıb. Orta təhsilinin növbəti iki ilini isə qonşu Gığı məktəbində davam etdirib. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Azər­baycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olub. Burada mühəndis-geoloq ixtisasına yiyələnir. Və doğma el-obasına dönərək, Zəngilan­da Vejnəli qızıl yatağında əmək fəaliyyətinə başlayıb. Bir müddət sonra isə doğma kəndi Baharlıya qayıdıb. 

Lakin burada vəziyyətin gər­ginləşdiyini görür. Həmin vaxt azərbaycanlılar məskunlaşan kəndlərin bəzilərində ermənilər su anbarları tikilməsi planı ilə həmin kəndlərdən əhalinin köçü­rülməsi prosesinə başlamışdılar. Mirzəyevlər ailəsi 1982-ci ildə Or­dubad rayonuna köçməyə məc­bur olmuşdu..

İllər sonra Valeh müəllim sıxışdırılaraq çıxarıldıqları doğ­ma yerləri belə xatırlayır: 

Qərbi Zəngəzurda, eləcə də bizim Baharlı kəndinddə tarixən erməni yaşamayıb, o ərazilər başdan-başa Azərbaycan kənd­ləri idi. Ermənilər bu yerlərdə son­radan məskunlaşıblar. Lakin biz ermənilərlə bir yerdə yaşamamış, dərin ünsiyyətdə olmamışdıq. Yalnız mövsüm və məişət məra­simlərimizi keçirəndə ermənilərlə üz-üzə gələrdik. Onlar mərasim­lərimizə çox həssaslıqla yanaşır­dılar. Qonşuluqdakı erməni kənd­lərindən axışıb gələrdilər, məhz bu mərasimlərə tamaşa etmək, hətta onlarda iştirak etmək üçün. Bizdə Xıdır Nəbi mərasimi çox geniş icra olunardı. Əsasən, bu mərasimi fevral ayının sonların­da qeyd edərdik. Qapılara düşüb torba, papaq atan uşaqların sıra­sında erməni uşaqları da olardı. 

Sonrakı mərhələdə də Nov­ruz mərasimini qeyd edərdik. Ən böyük coşqu isə İlaxır çərşən­bədə olardı. İlaxır çərşənbələrin yalnız sonuncusunu keçirərdik, adı da eyni idi: “İlaxır çərşənbə”. Ermənilər bu mərasimimizə də çox diqqət edər və onlarda iştirak edərdilər. Bizim kənddən – Ba­harlıdan bir balaca aralıda uca bir yer var idi, ona Çiləxana piri deyərdilər. Həmin Çiləxana pirin­də ağ qəndillər var idi. Qarşısında böyük göllər yerləşirdi. Ora qədim yaşayış məskəni təsiri bağışla­yırdı. Novruzun bəzi rituallarını həmin gölün ətrafında da qeyd edərdik.

Valeh müəllim xatirələrə da­lır...Bir də o günlərə və o yerlərə qayıdacağına olan qəlbində ümidin heç zaman sönmədiyini təkcə sözlə deyil, baxışlarında­kı həsrətlə də ifadə edir:

– Baharlıdan əlavə, 14 kənd var idi ki, hamısında sırf azərbay­canlılar yaşayırdılar. Ermənilər əsasən aprel ayında görünər­dilər. Özlərinin qondarma soyqı­rım yaratdığı xülyalarının məhz aprel ayında baş verməsi haqda yalan mülahizələrini dramatik­ləşdirmək və qisas almaq üçün azərbaycanlılara hücum edirdilər. Bu zaman əməllicə davalar baş verərdi, yaralananlar çox olardı. Ümumiyyətlə, bu ərəfələrdə bizim kəndlərdə xəbər yayılardı ki, er­mənilər silahlanırlar, nə zamansa hücum edəcəklər. Lakin bir azdan söz-söhbət yatardı. İnsanlarımız öz həyatlarına davam edərdilər. 

Lakin bu nisbi sakitlik uzun sürməzdi. Ermənilərin məkrli xis­lətləri mütləq özünü göstərərdi. Növbəti mərasimlərimiz zamanı onların bəziləri bizim gənclərə at­maca atar, söyüş söyərdilər. Çalı­şardırlar, bizim gənclərlə təklikdə qarşılaşsınlar, onları qıcıqlandırıb davaya cəlb etsinlər. Belə da­valar, çox zaman ölümlə və ya ağır yaralanmalarla nəticələnər­di. Odur ki, gənclər bu ərəfələr­də toplu şəkildə küçə-bacalara çıxardılar. Bu baxımdan xalq ara­sında belə bir deyim yaranmışdı: “İki erməni sənə quldu, üç olsa, vay halına, təkliyəcəklər, səni in­cidəcəklər”. 

Valeh müəllim ermənilərlə münasibətlərin daha da gərgin­ləşdiyini, konfliktlərin sürətləndi­yini və çoxaldığını, belə halların, əsasən Livan və Suriyadan gələn ermənilərin axınlarından sonra baş verdiyini deyir: 

Münaqişələrin daha çox baş verdiyi məkanlardan biri Qarabaş dərəsi deyilən yer idi. Qarabaş kəndi də var idi. Buradakı əhali köklərinin qədim olduğunu, qədim türk tayfası olan qarabaşlardan, qarapapaqlardan törədiklərini çox yaxşı bilirdilər. Və buranın əhalisi öz mübarizliyi və döyüşkənliyi ilə diqqət çəkirdi. Kəndlərin əhalisi­nin ən çox önəm və diqqət etdiyi mədəni dəyərlərdən biri də aşıq yaradıcılığı idi. Ümumiyyətlə, biz Azərbaycan aşıq mühitləri içəri­sində Qərbi Azərbaycan aşıq mü­hitinin ən özəl yeri olduğunu çox yaxşı bilirik. 

Lakin bu kəndlərdə isə saz ifaçıları ilə bərabər zurnaçalanlar, nağara ifaçıları, dəm tutanlar da çox məhşur idilər. Belə ki, qonşu kəndlərdən də onları sifarişlə toy məclislərinə, yığıncaqlara dəvət edərdilər. Onlardan Qəzənfər (zurnaçalan), Xanlar-Cəlil qar­daşları (nağaraçalanlar), İslam (dəmtutan) dəstəsi çox məşhur idilər. Hətta Gürcüstandan da buralara aşıqlardan ibarət qrup­palar gələrdilər. Kluba yığışardıq. Dastan başlayardılar, deyişirdilər, bağlayardılar, gedərdilər. On­lar gedəndən sonra isə aylarla o ifaları, o cümlədən qonşu el­dən gələn Aşıq Hüseyn Cavanın gözəl ifalarını unutmaq mümkün deyildi. “Şah İsmayıl” dastanı­nı, Aşıq Ələsgərin səfərlərindən ibarət parçaları, “Abbas və Gül­gəz”, “Əsli-Kərəm” dastanlarını uşaqdan-böyüyə hər kəs əzbər bilərdi. Günlərimiz olduqca xoş keçərdi...

Valeh müəllim Qafanın əs­rarəngiz təbiətindən sinə dolu­su danışır: 

– Yazda dağlara gedərdik, gül-çiçəklərin bəzədiyi dağlara sanki qırmızı, rəngarəng xalılar sərilərdi. Hər tərəf də dərman əhəmiyyətli bitkilərlə dolu idi: ça­yotu, kəklikotu, qantəpər, baldır­ğan çiçəyi bizim içdiyimiz çayla­rın qaynağı idi. Qara çayı elə də sevməzdik...Yayda yaylaqlara üz tutardıq. O yaylaqlarda buz bu­laqlar bizi səsləyirdi. İşgəsu bula­ğının suyu diş dondurardı. Gün­lərimiz bu məkanlarda keçərdi – Vana, Novruzyurdu, Oğlannıca piri... Tarixi yer kimi ziyarətgahı­mıza çevrilən “Şəhidlər qəbiris­tanlığı”nda keçmiş müharibələrdə həlak olmuş türk igidləri yatırdılar 

Hər bir fikrinin əvvəlində doğma el-obasının həsrətini dil­ləndirən Valeh müəllim o böyük şüarı da fərəhlə ifadə edirdi: “Biz qayıdacağıq!”.

 

Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent



Sosial həyat