Bakıda V Milli Kitab Sərgisi başlayıb

post-img

Cəmiyyətdə mütaliə mədəniyyətini təbliğ etmək, insanlarda kitaba olan marağı artırmaq üçün sərgi–yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb.

İçərişəhərdə mayın 27-də başlayan V Milli Kitab Sərgisinin təşki­lində əsas məqsəd gənc nəslin kitaba maraq və sevgisini artırmaq, bəşəri dəyər olan kitabı oxuculara daha yaxın etməklə yanaşı, həm də, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslə­rin inkişafını dəstəkləməkdir. 

Naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə baş tutan sərginin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Xalq şa­iri Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış ediblər. 

Eyni zamanda, açılışda Mədəniyyət Nazirliyi, Elm və Təhsil Na­zirliyi, Əqli Mülkiyyət Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.

Rəsmi açılış mərasiminin ardınca görüş və imza günləri başlayıb. Sərginin proqramına əsasən, Xalq yazıçıları Anar və Çingiz Abdulla­yev öz kitablarını imzalayıblar. Sonra “Azərbaycan dilinin bugünkü vəziyyəti” mövzusunda panel müzakirəsi təşkil olunub. Müzakirədə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, dil­çilər və dərslik müəllifləri iştirak ediblər. 

Sərginin ilk gününün son tədbiri olan “Ədəbiyyatda yeni imzalar” adlı poeziya axşamında gənc şairlər Elvin Paşa, Kazım Kazımoviç və Elşən Mehdi yeni şeirlərini oxuyublar. 

Milli Kitab Sərgisinin təşkilatçısı Leyla Həsənova “Xalq qəzeti”nə açıqlamasında qeyd etdi ki, indiyədək sərgilər Bakı İdman Sarayın­da qapalı məkanda keçirilirdi: “Budəfəki sərgimizi İçərişəhərdə, açıq səma altında keçirməklə tədbiri daha çox insanın ziyarət etməsinə şərait yaratdıq. 30-a yaxın nəşriyyat, kitab evləri, mağazalar və on­layn təşkilatlar öz məhsulları ilə tədbirə qatılıblar. Yay ərəfəsidir və tələbələrin semestr imtahanları yaxınlaşır. Buna baxmayaraq, sər­giyə tələbələr böyük maraq göstərirlər. Sərgidə tək kitablar yox, ma­raqlı əl işləri də nümayiş etdirilir. Xüsusi və təbii daşlar, eləcə də onlardan hazırlanmış əl işləri çoxdur. Sərgidə endirimli və ödənişsiz zona da var. Əlillərə, eləcə də qayğıya ehtiyacı olan insanlara dəstək olmaq üçün bir çox mərkəz və təşkilatlar xeyriyyəçilik edirlər”. 

Sərgiyə qatılan “İZƏ” nəşriyyatının nümayəndəsi Kənan Əliyev sərgidə 2 mindən çox kitab nümayiş etdirdiklərini bildirdi: “Həm öz nəşriyyatımızın kitablarını, həm də rus, türk və digər xarici ədəbiyyat nümunələrini nümayiş etdiririk. Belə sərgilərə həmişə qatılırıq. Kitab­larımıza maraq böyükdür”.

Ziyarətçilərdən tələbə Samir İmranov kitab sərgisinə böyük ma­raq göstərdiyini dedi: “Sərgiyə qrupla qatılmışıq. Maraq göstərdiyi­miz ədəbiyyatları tapdığımıza görə məmnunuq. Burada həm müasir ədəbiyyat, həm klassiklərin əsərləri var. Mən Anarın iki kitabını al­dım”.

8 yaşlı qızı ilə sərgiyə gələn Səfura Verdiyeva müxtəlif çeşid­də kitabların sərgilənməsinin onda razılıq doğurduğunu vurğuladı: “Həm qızıma, həm də özümə kitablar aldım. Müasir texnologiyadan bəhs edən kitablar çox xoşuma gəldi”.

Qeyd edək ki, V Milli Kitab Sərgisi iyunun 4-dək davam edəcək.

Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat