Göygöl rayonunda ümumrayon tədbiri

post-img

         Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi Göygöl rayonunda təntənəli şəkildə qeyd olunub.

         Mayın 10-da keçirilən yığıncaqdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara da baxış keçirilib. 

         Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. 

         Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. 

         Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir. 

         Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

         Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı-100” filmi təqdim edilib.

 

                   Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri,
Göygöl rayonu

 











Sosial həyat