Türkiyə Silahlı Qüvvələri 640 min nəfərlik hərbi, mülki və yarımhərbi şəxsi heyəti ilə NATO-nun tərkibində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük hərbi güc hesab olunur. Qardaş ölkə Belçika, Almaniya, İtaliya və Niderlandla birlikdə NATO-nun nüvə paylaşımı proqramına daxil olan beş dövlətdən biridir. Bu proqrama uyğun olaraq 90 ədəd “B61” nüvə bombası İncirlik aviabazasında saxlanılır. Bu bombalardan 40-ı potensial nüvə münaqişəsi zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Lakin bunlardan istifadə etmək üçün mütləq NATO-nun icazəsi lazımdır.
Bütün bunlar isə Türkiyənin hərbi gücü ilə nəyə qadir olduğunundan xəbər verir. Yeri gəlmişkən, qardaş ölkənin Müdafiə Sənayesi Nazirliyi cari il ərzində müdafiə sənayesi sahəsində həyata keçiriləcək layihələrlə bağlı siyahı yayımlayıb. Layihələr sırasında hava, quru və dəniz platformaları yer alıb. Belə ki, hava platformalarındakı ilklər sırasında yer alan reaktiv mühərrikli “Hürjet” təlim təyyarəsinin sınaq prototipinin və “TCG Anadolu” amfibiya hücum gəmisində xidmət göstərəcək “Bayraktar– TB3” pilotsuz uçuş aparatının ilk uçuşunun reallaşdırılacağı nəzərdə tutulub. Habelə Türkiyə Jandarma Baş Komandanlığına “GÖKBEY” helikopterlərinin və Hərbi Hava Qüvvələrinə “Özgür” layihəsi əsasında modernləşdirilən “F-16” döyüş təyyarələrinin ilk partiyasının təhvil veriləcəyi qərara alınıb. Eyni zamanda, “Meltem-3” layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) “P-72” dəniz patrul təyyarəsinin də Hərbi Dəniz Qüvvələrinin istifadəsinə təqdim ediləcəyi planlaşdırılıb.
Dəniz platformalarına gəldikdə isə burada “İstif” (“İ”) sinfinə aid “İstanbul” adlı freqat, “Derya” təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan “Piri Reis” Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasında fəal surətdə xidmət göstərməyə başlayacaq.
Quru vasitələrində zirehli amfibiya hücum maşını ZAHA-nın, yerli mühərriklə təchiz edilən “Vuran” nəqliyyat vasitəsinin, 8×8 təkər formullu evakuatorların və “Amazon” zirehli avtomobillərin ilk partiyası da Silahlı Qüvvələrə təhvil veriləcək. Həmçinin embarqolar ilə üzləşməməsindən ötrü xaricdən alınan bəzi alt sistemləri milliləşdirilən “Altay” tankının ilk seriyalı istehsalı da tamamlanacaq.
Bütün bunlarla yanaşı, “Şimşək” hədəf dronunun süzən sursat konfiqurasiyasının, uzun mənzilli “Siper” hava hücumundan müdafiə sisteminin, “Hava-hava” tipli “Bozdoğan” və “Gökdoğan” raketlərinin, habelə “KARAOK” tank əleyhinə idarəolunan raket kompleksinin ilk partiyasının da Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyi planlaşdırılıb. Eləcə də “Gökdeniz” yaxın məsafəli hava hücumundan müdafiə sisteminin Türkiyə Hərbi Dəniz Qoşunlarının döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan “AKYA” torpedosunun seriyalı istehsalına başlanılacaq.
“ASELSAN” şirkətinin istehsal etdiyi “AESA” radarı ilk dəfə “Akıncı” PUA və “Özgür” layihəsi ilə modernləşdirilən “F-16” döyüş təyyarələrinə quraşdırılacaq. “ERALP” erkən xəbərdarlıq radarı və “MERT” daşınabilən elektron müharibə sisteminin də ilk partiyası Silahlı Qüvvələrin arsenalına daxil ediləcək.
Sonda onu da qeyd edək ki, hazırda Türkiyə dünyanın otuzdan artıq ölkəsinə silah ixrac edir. Azərbaycan Ordusu da öz arsenalını qardaş ölkədə istehsal olunan silahlarla, hərbi texnika və sursatlarla daha da zənginləşdirib. Ordumuzun silah arsenalında olan “Bayraktar TB2”, “Kargu” PUA-ları, “Kobra” zirehli maşınları, “Qasırğa”, “Sakarya” raket sistemləri, həmçinin digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib.
“Xalq qəzeti”