Polşalı ailə Bakı trekindən sürprizlər gözləyir

post-img

Formula 1 üzrə yeddinci Azərbaycan Qran-Prisinin başlaması ərfəsində paytaxt küçələrində çox sayda əcnəbi turistlər diqqəti cəlb edirlər. Biz də şəhərə çıxıb onların fikirlərini öyrənməyə çalışdıq. İlk rastlaşdığımız şəhərimizin əcnəbi qonaqları Polşadan təşrif buyurmuş Madzuk ailəsi oldu. 

Onlarla Azərbaycan Qran-Prisi barə­də söhbət etdik. Qonaqlar bildirdilər ki, Bakı treki yarışları dünyanın prestijli və populyar avtoidman növlərindəndir. Dün­yada böyük maraqla izlənən Formula 1 yarışlarının Bakıda da uğurla keçirilməsi artıq dünyada bu idman növünü sevən, ona rəğbət bəsləyən azarkeş kütləsi­nin diqqətini cəlb edir. Öyrəndik ki, Bakı həyəcanını yaxından izləmək üçün Mad­zuk ailəsi şəhərimizə birgə gəlməyi qəra­ra alıblar. 

Ailənin başçısı Tomaş Madzuk dedi ki, həyəcan və gərginliklə dolu yarışı bir­gə izləmək barədə təklifi oğlum Filip irəli sürdü. İlk dəfədir ki, Bakı şəhərinə gəlmi­şik. Onu da qeyd edim ki, əvvəl oğlumun bu fikrinə qarşı çıxsaq da, sonradan Ba­kıya gəlməyə qərar verdik. Artıq şəhərlə və Bakı treki ilə tanış olmuşuq. Burada olarkən, dünyanın dörd bir yanından av­toidman həvəskarlarının Bakıya axışdığı­nın şahidi olduq. Bu isə ev sahibinin qo­naqpərvərliyinin və yarışa olan marağın göstəricisidir. Oğlumla mən “Red Bull” komandasının pilotu Maks Ferstappenə azarkeşlik edirik. 

Ailənin böyük övladı Maya Madzuk isə bildirdi ki, Bakıda Formula 1 yarışla­rını izləmək üçün şəhərə təşrif buyuran bütün qonaqlar üçün möhtəşəm ab-ha­va yaradılıb. Xüsusən, şəhərin tarixi abidələri daha çox diqqətimizi çəkdi. İçərişəhərdə olduq. Tarixlə müasirliyin qovuşduğu məkanla yaxından tanışlıq bizdə böyük təəssürat doğurdu. Mən “Al­pin” komandasının pilotu Pyer Qasliyə azarkeşlik edirəm. 

Ailənin kiçik övladı Filip Madzuk dedi ki, Formula 1 üzrə dünya çempio­natında mövsümün dördüncü mərhələsi olan Azərbaycan Qran-Prisi də olduq­ca maraqlı keçəcək. Çünki Azərbaycan Qran-Prisində mövsümün ilk sprint yarı­şı da gerçəkləşəcək. Yəqin ki, pilotlar ilk sərbəst yürüşdən sonra mərhələyə yaxşı başlamağı özləri üçün hədəf seçəcək­lər. Yarışın necə alınacağını isə zaman göstərəcək. Mən Maks Ferstappenə azarkeşlik edirəm. 

Xanım Maqda Madzuk isə ilk dəfə Bakıda olsalar da, şəhərimizdəki qo­naqpərvərlikdən məmnun qaldıqlarını və özlərini evlərindəki kimi hiss etdiklərini dilə gətirdi. O, Şarl Leklerə azarkeşlik et­diyni bildirdi. “Fikrimcə, “Ferrari”, ən azı, ilk üçlükdə qərarlaşacaq”, – deyə Maqda Madzuk firkini yekunlaşdırdı.

Elçin AĞAMİRZƏ,
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat