Sürət cəngavərləri döyüşə başlayır

post-img

Dünyanın ən sürətli şəhər treki sayılan Bakı trası Formula-1 iştirakçılarının ixtiyarına verilib. Məşhur pilotlar üç gün ərzində üç təsnifat üzrə yarışacaqlar. Azərbaycan Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışın davam edəcəyi günlərdə paytaxtımıza təşrif buyurmuş turistlər, sürət azarkeşləri üçün hərtərəfli şəraitin yaradılmasının qayğısına qalıb. 

Bakının heç də asan trek olma­dığını söyləyən Azərbaycan – 2022 Qran-Prisinin qalibi Maks Ferstap­pen mövsümün dördüncü mərhələ­si ilə bağlı fikirlərini bölüşüb. “Red Bull”un dünyaca məşhur pilotu bu­dəfəki yarışlara yeni ştrixin əlavə edildiyini deyir. 26 yaşlı niderlandlı pilot Azərbaycan Qran-Prisində möv­sümün ilk sprint yarışının gerçəkləşə­cəyini xatırladıb: 

“Əslində bu, yarışı bir qədər xa­otik edə bilər. Ona görə də ilk sər­bəst yürüşdən əsas mərhələyə yaxşı başlamaq lazımdır. Nəticənin necə olacağını isə hamımız birlikdə görə­cəyik”.

Onu da qeyd edək ki, bu gün Formula 1 üzrə dünya çempionatı – Azərbaycan Qran-Prisi Bakıda start götürür. Möhtəşəm yarış aprelin 28, 29 və 30-da davam edəcək. Yeri gəl­mişkən, 2023-cü ilin Formula-1 möv­sümü növbəti ilkə imza atıb və 24 yarışla yadda qalacaq. Mövsümə 5 mart tarixində Bəhreyndə start veril­di, noyabrın 26-sı isə ənənəyə sadiq qalaraq Əbu-Dabidə yekunlaşacaq. Builki təqvimdə Mayami və Ostin­lə bərabər, ilk dəfə ABŞ-ın daha bir şəhəri – Las Veqas da yer alır. Qətər Qran-Prisi isə birillik fasilədən sonra Formula-1 təqviminə qayıdır. 

ARAYIŞ: Formula 1 yarışları 1950-ci ildən keçirilir. Dünyanın ən prestijli avtoidman çempionatı sayı­lan Formula-1 həm də ilboyu davam edən ən məşhur idman seriyasıdır. Bu çempionat 4 qitəni əhatə edir və hər ölkədə 1 yarış olmaqla ümumi­likdə 21 ölkədə keçirilirdi. Formula 1 Dünya Çempionatı Formula 1-in tər­kib hissəsidir və bu çempionatla bağ­lı eksklüziv kommersiya hüquqları FİA Formula 1 Dünya Çempionatına məxsusdur.

Hazırladı: İ.HƏSƏNQALA, “Xalq qəzeti”



İdman