500 milyon insan Bakı yarışını izləyir

post-img

Bakı 500 milyonluq auditoriyası olan möhtəşəm Formula 1 yarışlarına tam hazırdır. 

Bu sözləri “Xalq qəzeti”nə müsahi­bəsində Formula 1 Azərbaycan Qran–Prisinin mətbuat katibi Turab Teymurov bildirdi. O qeyd etdi ki, hazırlıq işləri uğurla tamamlanıb, trek, tribunalar tam hazırdır. Builki Formula 1 yarışlarında 3 rekorda imza atılıb. Bütün tribuna­lara biletlərin satılması böyük nailiy­yətdir. Yarışı rekord sayda – dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeş canlı izləyəcək. Əcnəbi sayına görə də rekord əldə edilib. Bundan başqa, mövsümün ilk sprint yarışının Bakıda keçirilməsini xüsusi qeyd etməliyəm. Bu, Formula 1 fanatları üçün yenilikdir. 

Formula 1 Azərbaycan Qran–Prisi­nin keçirilməsində marşal və könüllülə­rin hazırlığı mühüm əhəmiyyət kəsb edir. Ötən yarışlarda olduğu kimi, bu dəfə də həm marşal, həm də könüllülə­rin bacarıq və təcrübələrinin artırılması məqsədilə ciddi təlim proqramlarından keçiblər. Təlimlərdə əsas məqsəd ya­rışların təşkili istiqamətində vacib bilik və bacarıqların aşılanması, eyni za­manda öz fəaliyyətləri çərçivəsində çevikliyin və peşəkarlığın artırılmasıdır. Yarış müddətində 1471 marşal iştirak edəcək. BŞH Akademiyasının könül­lüləri bu il də bütün əməliyyatlara cəlb olunacaqlar. Budəfəki yarışlarda 1500 nəfər könüllü kimi çalışacaq. 

Yerli və əcnəbi media nümayən­dələri üçün Media Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə jurnalistlər və fo­toqraflar üçün hər cür şərait yaradılıb. Onların yürüşləri izləməsi üçün xüsusi monitorlar quraşdırılıb. Eyni zamanda fotoqrafların çəkiliş məkanlara çatdırıl­ması üçün bütün imkanlar var. 

Bu il ötən illərdən fərqli olaraq BŞH-yə daxil olan bəzi yollar avtomobillərin rahat hərəkətini təmin etmək üçün açıq olacaq. Yarışlar zamanı şəhər sakinləri trekə daxil olan ərazilərdə yeraltı keçid­lərdən maneəsiz istifadə edə biləcək­lər. Eyni zamanda piyadalar, həmçinin Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsində, Xəqani və Rəşid Behbudov küçələrində, habelə halqanın ətrafında yerləşən Azadlıq prospekti ilə Xəqani küçəsində quraş­dırılmış müvəqqəti yerüstü keçidlərdə sərbəst hərəkət edə biləcəklər. Bunun­la yanaşı, Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yerüstü keçid də bu məqsəd üçün daimi əsasda quraşdırılıb. 

Turab Teymurov qeyd etdi ki, Bakı yarışında hər il əyləncə proqramı əv­vəlkindən daha maraqlı təşkil edilir. Bu ənənə bu il də davam edəcək. Belə ki, bu il də Dənizkənarı Milli Park ərazisin­də F-1 azarkeşləri üçün müxtəlif əylən­cə proqramları baş tutacaq. BŞH sürət həvəskarlarının marağını və istəyini nəzərə alaraq yarış çərçivəsində baş tutacaq dünya ulduzları – niderlandlı sənətçilər DJ Don Diablo və DJ Hard­vell konsertlərinə əlavə məhdud sayda ayaqüstü biletləri satışa çıxarıb. Bilet sahibləri, həm də fan zonaya giriş əldə edə biləcəklər.

Leyla QURBANOVA, “Xalq qəzeti”





İdman