Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “2023-cü il aprelin 26-da Azərbaycanın Respublikasının Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan vətəndaşı Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb, sağ ayağı dizdən aşağı amputasiya olunub. Dinc mülki insanların davamlı olaraq həyat və sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyir, beynəlxalq ictimaiyyəti ardı-arası kəsilməyən mina terroruna səssiz qalmamağa çağırırıq.
Ermənistan 30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməyib, insanların həyat və sağlamlığına qəsd etmək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıb.
2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində 3 mina insidenti baş vermişdir ki, nəticədə 5 nəfər mina qurbanına çevrilmişdir. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 3374 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb. Onlardan 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olub.
Ermənistan ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə nəinki məlumat vermir, bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, xüsusilə də Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının tələblərini pozmaqda davam edən Ermənistan, bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirməkdədir.
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciət edir, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Ermənistanın hərbi cinayətlərinə susmamağa, qətiyyətli mövqe nümayiş etdirməyə çağırır və aprelin 26-da baş verən son hadisə daxil olmaqla Ermənistanın mina terroruna hüquqi-siyasi qiymət verilməsini tələb edirik”.