İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Ağdamda bərpa-quruculuq işləri sürətlə davam edir. Yeni infrasruktur qurulur, yaşayış məhəllələri salınır, sənaye parkları, aqroparklar yaradılır. Sistemli şəkildə həyata keçirilən bütün bu layihələr keçmiş məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdacaqlarından xəbər verir.
Alışovlar ailəsi yurd-yuvasından didərgin düşəndən keçən 30 ildə doğma şəhərlərinə–Ağdama qayıdacaqları günü həsrətlə gözləyiblər. Nəhayət, uzun bir ayrılıqdan sonra bu istəklərinə qovuşublar. Ailə üzvləri söhbətə Ağdamla bağlı xatirələrindən başladılar. Pərvin Alışova dedi: “Mən yurddan ayrılanda balaca idim. Ona görə də yaddaşımda bu şəhərlə bağlı xatirələr elə də çox deyil. Ancaq doğma Ağdamın, evimizin xəyalını valideynlərimin danışıqları sayəsində unutmamışam. Yadımdadır, əmim Atamoğlan Alışov Ağdam uğrunda gedən qanlı döyüşlərdə şəhid olmuşdu. Atam əmimin üç mərasiminə çörək almaq üçün Ağdama gedərkən, “Bizi də apar”,–deyə onun ardınca ağladıq. Göz yaşlarımıza qıymayan atam qardaşımı, məni və şəhid əmimin oğlunu da maşına mindirdi. Bibimin həyat yoldaşı Əlibaba da bizimlə idi. Dəmir yolu vağzalı deyilən yerdə qəfil açılan güllə səsindən əvvəlcə nə baş verdiyini anlamadıq. Amma az sonra hər şey məlum oldu. Əlibaba namərd gülləsinə tuş gəldiyindən həyatını itirdi...”.
Elə həmin gün “tezliklə əmin-amanlıq yaranar, ev-eşiyimizə qayıdarıq” ümidi ilə Ağcabədiyə köçdük. O vaxtdan ağrılı-acılı məcburi köçkün günlərimiz başladı... Yeddi il məktəbin həyətindəki daxmada yaşadıq. Ağlımıza gəlmirdi ki, Ağdam işğal olunub və bu qəsbkarlıq illərdi ki, davam edir. Nə biləydik ki, taleyimiz belə gələcək, evimiz yanıb kül olacaq.
İndi o vaxtdan 30 ilə yaxın bir zaman keçib. Ümidlərimizin tükəndiyi bir vaxtda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qəhrəımanlığı ilə Qarabağ torpağı, o cümlədən Ağdam şəhər və kəndləri düşməndən azad edilib. Bizə də ailəliklə Ağdamı ziyarət etmək imkanı yaranıb...”.
Pərvin Alışova daha sonra söyləyir: “Anam mənə zəng edərək kövrək səslə Ağdama getmək istədiyini bildirdi. “Ağdam qoyub gəldiyimiz Ağdam deyil”,–dedim. Onun “qızım, bilirəm, düşmən yurd-yuvamızı xarabalığa çevirib, amma o torpağı görməklə, havasını udmaqla az da olsa, həsrət yanğımı söndürərəm...” kəlməsindən sonra daha başqa bir söz deməyə dilim gəlmədi.
Beləcə razılaşdıq. Bu səfər “Yolumuz Ağdamadır” layihəsi çərçivəsində gerçəkləşdi. Səhər saat 10-da Bərdədən Ağdama yola düşdük. İndi bizi doğma şəhərlə qovuşmağa illər deyil, dəqiqələr ayırırdı. Ağdama yaxınlaşdıqca valideynlərimin həyəcanı artırdı. Axı onların doğmaları, əzizləri Ağdamda yaşayıb, gənclik cağları, xatirələri, ömürlərinin bir parçası bu şəhərdə keçib...
…Bir vaxtlar Ağdamı tərk etdiyimiz yolla indi geri qayıdırıq. Yolboyu həyəcan, kədər, sevinc bir-birini əvəz edir. Artıq xarabalığa cevrilən, “Qafqazın Xirosiması” adlandırılan şəhərin bu acı mənzərəsi ürək ağrıdır.
Qarşımıza damları, pəncərələri sökülmüş, divarları uçurulmuş, yol-yolağası kol-kosla ortülmüş, səs-küylü bazarından əsər-əlamət qalmamış Ağdam çıxır. Bu dəhşətli mənzərə erməni işğalçılarının törətdiyi vəhşiliyi göstərir. Özümü təmkinli aparmağa çalışsam da, valideynlərimin çarəsiz baxışlarla ətrafı izləmələri nəzərimdən yayınmır, “kaş gəlməyəydik”,– deyə düşünürəm. Qoyub çıxdıqları Ağdam hara, indi gördükləri Ağdam hara?.. Anamın gözləri elə hey dolub-boşalır. Atam şəhərin dağıdılmış küçələrinə, xaraba qalmış evlərinə baxdıqca gözlərinə çökən kədər aydın hiss olunur. Dağıntılar o qədər qəddarlıqla, amansızcasına törədilib ki, bu şəhərdə bir küçəni, bir döngəni, bir evi, o evdən isə bir nişanəni tapmaq mümkün deyil.
…Bələdçi, “bura dəmir yolu vağzalıdır”,–deyir. İlahi, illər əvvəl bu yerdə ermənilər bizi atəşə tutmuşdular. Bu yer mənim uşaq yaddaşıma həkk olan, qorxunun ilk dəfə nə demək olduğunu duyduğum yerdir. Bura “Süleyman Sani Axundov küçəsidir” sözlərindən sonra isə anamın qeyri-ixtiyari hönkürməyi hamımızın ürəyini dağlayır. Onun bu qədər ağrılı “oy Allah!” deməsini bəlkə də, həyatımda ilk dəfə idi ki, eşidirdim”.
“...Biz Ağdamda yaraşıqlı binalar, yaşıllıqlar, parklar qoyub getmişdik. Heç biri yoxdur, kol-kosdan başqa heç nə gözə dəymir. Poçtun qarşısında bir dəmir qutu var, ondan bilirsən ki, bura vaxtilə poçt olub... Bələdçi “bura Süleyman Sani Axundov küçəsidir” deyəndə evimizi görmək istədim, amma tapa bilmədim, küçəmizə baxa-baxa qaldım. Xəyalımda yaşatdığım Ağdam tamamilə başqa idi”,- Sədaqət xanım deyir.
Pərvin Alışova yenidən söhbətə qoşulur:
Şahbulaq qalasında olanda bizə 50 dəqiqəlik istirahət verdilər. Biz Ağdamda nahar etdik. Necə də qulağa xoş gəlir: biz Ağdamda nahar etdik...
Elə gözəl torpaq qoxusu gəlirdi ki… Ayaqqabılarımı çıxarıb, yalın ayaqla Vətən torpağına basdım, istilik hiss etdim. Sonra bir ovuc torpaq götürüb öpərək qoxladım. Bir daha əmin oldum ki, ayağın doğma torpağa toxunanda öz varlığını hiss edirsən, özünə qayıdırsan, ürəklə “bu, mənəm”,– deyə bilirsən!
…Torpaqdan həm də qan qoxusu gəlirdi. Sanki Ağdam uğrunda 6 mindən çox şəhidlik zirvəsinə ucalan Vətən oğullarının qanı torpağa qarışıb, bu torpaq qanla yoğrulub...
İndi sürətlə bərpa olunan, tikilib-qurulan Ağdama köçəcəyimiz günə, burada xoşbəxt, bəxtəvər günlər yaşayacağımıza az qalıb, lap az. Tezliklə bu şəhərin sükutu pozulacaq, sözü, səsi özünə qayıdacaq Ağdamın. Hər evdən ürəyə yatan muğam eşidiləcək.
Düşmən düşünürdü ki, bu dağıntılardan sonra geri qayıdan olmayacaq. Ancaq səhv etdilər. Onlar anlamadılar ki, xalqımız üçün torpaqlarımızın yağıdan təmizlənməsi taleyüklü məsələdir. Haqlı olduğumuzu döyüş meydanında da sübut etdik.
Hazırda Ağdamda genişmiqyaslı tikinti işləri gedir. Yaşayış evləri, sosial binalar, yol-nəqliyyat infrastrukturu sürətlə bərpa edilir, yeniləri tikilir. Çox keçməyəcək, biz Ağdamı ağrı-acıları ilə deyil, gözəlliyi, sürətli inkişafı və sakinlərin yüksək rifahı ilə xatırlayacağıq.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri





