Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verib

post-img

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi yolverilməz bəyanatları ilə əlaqədar Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib.

Səfirliyin notasında “Yedinaya Ros­siya” Partiyasından olan deputatın Azər­baycan və Türkiyə ilə bağlı fikirlərinin qəbuledilməz olduğu, regionda sabitliyi pozmağa yönəldiyi vurğulanıb, Ermənis­tan cəmiyyətində revanşist qüvvələri keç­mişdə qalmış münaqişəni yenidən alov­landırmağa təhriki kimi qiymətləndirilib.

İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fo­nunda “Azərbaycan tərəfindən münaqişə­nin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd edilib.

Bildirilib ki, 30 illik işğalın ağır nəticələ­rinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaş­dırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündə­liyinin təşviqini davam edən məhz Azər­baycandır.

Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bə­yanatlarının Azərbaycanın ərazi bütövlü­yünü dəstəkləyən və Azərbaycan-Ermə­nistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitə­çiliyinə kölgə saldığını bildirib. Oleq Mat­veyçev Azərbaycan ilə Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış müt­təfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bə­yannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Ha­kim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbay­cana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran er­məni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir.

Siyasət