Dünən xarici işlər naziri Ceyhun Bayramov Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib.
Görüşdə tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.
Nazir Ceyhun Bayramov post-münaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğu qeyd edib.
Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
***
Dünən Ceyhun Bayramov həmçinin Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Nazir fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərə verdiyi töhfəyə görə səfir Serjan Abdıkarimova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir, öz növbəsində diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Xalq qəzeti”

