Ermənilər həmişə onları himayə edənlərə xilaf çıxıblar. Çox da uzaq olmayan tarixdə bununla bağlı yetərincə fakt var. Osmanlı İmperiyası dönəminə nəzər salsaq, erməni qövmünün təbəəsi olduğu dövlətə qarşı nə cür fitnə-fəsadlar törətdiyini söyləyə bilərik. Qərbin Osmanlını dağıtmaq planlarında hərəkətverici təxribatçı rolunda iştirak etmiş ermənilər SSRİ dövründə də xəyanətkar əməllərindən qalmayıblar. Onlar həmin dövrdə müxtəlif yollarla Azərbaycana məxsus tarixi torpaqları ələ keçiriblər, müxtəlif saxta sənədlərlə “özününkü”ləşdiriblər. Azacıq müqavimətlə üzləşdikdə isə haray-həşir qaldırıblar. Bu baxımdan ötən əsrin ikinci yarısından sonra Qarabağın müxtəlif bölgələrində, o cümlədən Əsgəranda, Xankəndidə baş verənləri yada salmaq kifayətdir.
Nəzərə alaq ki, həmin mərhələdə yaşananlar, erməni xalqına xoş münasibəti ilə seçilən azərbaycanlılara qarşı naşükürlük və xəyanət səhnələri ilə də yadda qalmaqdadır. Yeri gəlmişkən, xalqımızın total erməni xəyanəti ilə üzləşməsinin başlanğıc tarixi 195 il əvvələ – 1828-ci ilin Türkmənçay müqaviləsinə gedib çıxır. Məhz həmin müqavilədən sonra, konkret olaraq, 1830-cu ildən sonra ermənilərin Suriyadan və İrandan əzəli Azərbaycan torpaqlarına köçürülməsinə başlanıb. Beləliklə, ümumilikdə, Qafqaz bölgəsində sonradan qlobal motivlərə söykənmiş böyük xəyanətin əsası qoyulub.
Müstəqillik illərində biz Rusiyanın erməni avantürizminin əsiri olduğunu gördük. Erməni millətçiləri Moskvanın köməyi ilə Azərbaycan torpaqlarına təcavüz etdilər, ərazilərimizi 30 ilə yaxın müddətdə işğalda saxladılar. Nəhayət, 2018-ci ildə Ermənistanda inqilab baş verdi. Əslində, bu inqilab yox, böyük ölçüdə anti-Rusiya çevrilişi idi.
Bəli, ermənilər Rusiyadan onlara ayrılan payın azlığını düşündülər. Belə hesab etdilər ki, Qərbdəkilər daha çoxunu verəcəklər. Yəni, 2018-ci ildə Ermənistanda baş verənlər, yüksək səslə, pafosla təqdim edildiyi kimi, heç də inqilab, filan deyildi. Daha böyük ölçüdə götürsək, hazırkı baş nazir Nikol Paşinyanın iqtidara gəlməsi ilə nəticələnmiş hakimiyyət dəyişikliyi, əslində Ermənistanın Rusiyaya xəyanəti reallığını doğurmuş üsyan idi. Lakin xəyanətin cəzası ağır oldu. Erməni millətçiliyinin Qarabağ avantürasına sarsıdıcı zərbə vuruldu. Söhbət 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycan tərəfindən darmadağın edilməsindən gedir.
Qeyd edək ki, Paşinyanadək Rusiyaya sadiq qalan erməni liderlər Bakıya münasibətdə açıq demarş xətti götürmürdülər. Bilirdilər ki, bunu etmək oyun qaydalarının pozulması kimi qiymətləndiriləcəkdir. O qaydaların ki, əsası həm də Moskva tərəfindən qoyulmuşdu. Beləliklə, Rusiyaya xəyanət yolu tutmuş, üzünü Qərbə çevirmiş Ermənistanın eyforiya dövrünü yaşayan rəhbərliyi belə düşündü ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verərkən də Qərb onun arxasında dayanacaqdır. Yəni, Moskva dayanmasa da olar...
Bəli, Paşinyan administrasiyası ölkəni müharibə rüsvayçılığına gətirdi. Müharibədən ötən iki il yarıma qədərki müddətdə biz Ermənistan iqtidarının qeyri-ordinar hərəkətlərinə şahidlik etməkdəyik. Paşinyan iqtidarı 44 günlük müharibə ilə Cənubi Qafqazda formalaşmış və özü üçün sərfəli olmayan reallıqları dəyişmək üçün çeşidli siyasi kombinasiyalara əl atmaqdadır. Lakin, göründüyü qədərilə, cəhdlərinin heç bir faydası yoxdur. “The New York Times” qəzetində yayımlanmış yazı isə onu göstərir ki, Ermənistan özü üçün dolaşıq olan labirintdə indi də Rusiyaya yarınmaq yolu tutmaqdadır. Yəni, üzdə Qərbpərəstlik, altda Moskvaya xidmət. Yazımız həm də bu barədədir.
Başlayaq ondan ki: “The New York Times” qəzeti ABŞ-ın və Avropa İttifaqının yüksək vəzifəli vergi və ticarət rəsmilərinin bu il martın 24-də keçirilmiş görüşündə səslənmiş faktları açıqlayıb. Burada bir sıra maraqlı məqamlar var. O cümlədən, Ermənistanla bağlı. Sən demə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunub. Diqqət yetirək, bu, dünyanın anti-Rusiya mövqe tutduğu bir vaxtda baş verir. Özü də söhbət Rusiyanın Ukraynaya atdığı raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərdən və digər elektron cihazlardan gedir. Daha doğrusu, onların kütləvi satışından.
Bir qədər də konkretləşdirək. Qəzetdə bildirilir ki, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun məlumatına görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən, ABŞ-dan 515, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. İlk baxışdan da böyük rəqəmdir. Görünür, elə buna görə satışı həyata keçirənlər məsələnin üzərində dayanmağa qərar veriblər. Doğrudan da, balaca Ermənistanın o qədər avadanlıq nəyinə lazımdır? Suala cavab özünü gecikdirmir. Sən demə, Ermənistan həmin məhsulların 97 faizini sonradan Rusiyaya ixrac edibmiş. Yəni, Qərbpərəst olduğunu hər addımında bəyan edən ölkə Moskvanın düşdüyü hazırkı durumu özünə mənfəət yeri kimi görüb.
Əlbəttə, İrəvan rəsmiləri bu yolla ölkəyə qazanc gətirdiklərini iddia edə bilərlər. Heç şübhəsiz, Qərbdən gələn maddi xeyirin azlığından da şikayətlənib, necə deyərlər, pis yola düşdüklərini bildirmələri mümkündür. Xəyanəti arqumentləşdirmək onlar üçün su içimi kimi şeydir. Ancaq fakt faktlığında qalır. Güman edirik ki, erməni avantürizminə siyasi sərmayə yatıranlar yaranmış əcaib etimad durumunu nəzərə alacaqlar. Amma məsələ yalnız bununla məhdudlaşmır.
“The New York Times” yazır ki, 2022-ci ildə Vyetnamdan Ermənistana ixracat 380, Yaponiyadan 252, Qazaxıstandan 201, Hindistandan 190, Fillipindən 181, Cənubi Koreyadan 102 faiz artıb. Həmin ildə ölkəyə Avropa İttifaqından ixracatın isə cəmi 70 faiz çoxaldığı vurğulanır. Ortaya ziddiyyət çıxır. Necə olur ki, üzünü Qərbə çevirmiş Ermənistana Aİ-dən ixracatın həcmi ilə sadaladığımız ölkələrdən olan ixracatın həcmi arasında belə kəskin fərq yaranıb? Yəqin, cavabı təxmin etdiniz. Adları çəkilən ölkələr daha çox elektron məhsullar üzrə ixtisaslaşıblar. Aİ isə bu baxımdan bahalı bazardır, oradan daha çox digər məhsullar gətirilir. Yenə də Ermənistanın əhali və ərazi baxımından kiçikliyinə diqqət yetirək və Asiya ixracatının spesifikliyi üzərində dayanaq. Deməli, burada da Ermənistanın “tranzit” əhəmiyyəti vurğulanmalıdır. Belə qənaətə gəlmək mümkündür ki, ölkə Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biridir.
Onu da bildirək ki, Ermənistan sanksiya altında olan ölkələrə “kömək göstərmək” təcrübəsinə malikdir. Axı, uzun illərdir sanksiya altında olan İran xaricdən malları, məhz, Ermənistan vasitəsilə alırdı və yenə də almaqdadır. Bu mənada Paşinyan administrasiyasının özündən əvvəlki Koçaryan-Sarkisyan hakimiyyətininin “ənənəsini” davam etdirdiyini söyləyə bilərik. Pul olan yerdə sədaqətin ikinci plana keçməsi erməni xislətindən irəli gələn “göstəricidir”.
Bütün qeyd edilənlərin fonunda bir maraqlı məqam da var. Diqqət yetirək, hazırda “The New York Times” Ermənistanın Rusiyanın sanksiyalardan yayınması istiqamətində mühüm “tranzit” olduğunu yazır. Əvvəlki illərdə İrəvanın “tranzit” rolundan niyə söhbət açılmırdı? Bəlkə də açılırdı, sadəcə, məsələ çox da ictimailəşdirilmirdi. Çünki Paşinyana qədər rəsmi İrəvanın mövqeyi bilinirdi. Yəni ruspərəst idi və onun İrana gizli köməyi fövqəladə hal sayılmırdı. Moskva da bunu ermənilərin əlavə qazanc yeri kimi görürdü. Həm də çox güman, Rusiya dairələri Ermənistanı lazımınca dolandırmadıqlarını anlayırdılar. Başqa sözlə desək, dolandırmırıqsa, dolanmasına mane olmayaq. Bəs indi? Ermənistan indidəmi dolanmır?
Əlbəttə, söhbət dolanıb-dolanmamaqda da deyil. Başlıca məqam erməni xislətinə xas tamahkarlıqla və onun doğurduğu xəyanətdədir. Əgər, hazırkı Hayastan hakimiyyətinə qədərki erməni iqtidarı “gizli kömək” məntiqinə baş vururdusa, ölkəni öz təsir dairəsinə salmaq istəyən Qərb isə düşünürdü ki, məsələyə göz yummaq olar. Məsələ dedikdə, söhbət sanksiya tətbiq olunmuş (o cümlədən, hərbi istifadə üçün nəzərdə tutulmuş) malların saxta sənədlərlə və gizli yollarla ötürülməsindən gedir.
İndi Ermənistan Qərbin təsiri altındadır. İkincinin təmsilçiləri yaxşı görürlər ki, İrəvan İrana sanksiyalardan yayınmağa yardımına bənzər “yardımları” Rusiyaya göstərir. Sual yaranır: nə üçün ABŞ və Aİ tərəfindən Ermənistana təzyiq yoxdur? Nəyə görə onun hərəkətlərinə göz yumulur? Bəlkə Paşinyan administrasiyasının üzünü Moskvaya çevirməsindən ehtiyat edilir? Yoxsa, Ermənistana hər şey olar? Suallar çoxdur, özü də həddən artıq. Hətta ola bilər ki, İrəvan Qərbi borclu da çıxarsın və desin ki, Azərbaycanla mübarizədə ona lazımi qədər siyasi və hərbi dəstək göstərilmir.
Hər halda, fakt faktlığında qalır. Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən biridir. “The New York Times”da gedən yazı bu reallığın beynəlxalq ictimaiyyətə sızdırılmasıdır. Demək çətindir ki, sızdırılmada məqsəd nədir. Qərb Ermənistana münasibətdə sərt davranmaq istəyir, yaxud onun anti-Azərbaycan və anti-Türkiyə ritorikasını yumşaltmaq niyyətindədir? Bu kimi məqamlara aydınlıq gətirmək müşkil görünür.
Ancaq “The New York Times”ın gündəmə gətirdiyi məsələ fonunda ortaya daha böyük mənzərə çıxır. Belə qənaət formalaşır ki, Qərbin Rusiya ilə mübarizədə Ukraynaya dəstəyi ilə bağlı görüntü qeyri-səmimidir. Əgər bu görüntünün ziyanlı tərəflərini, daha doğrusu, Qərbə inamın sarsılması perspektivini düşünənlər varsa, o zaman Ermənistana qarşı da sanksiyaların tətbiqi gündəmə gəlməlidir. Ən azı Qərb ölkələri özlərinin sərt mövqelərini bildirməlidirlər. Bildirəcəklərmi, yoxsa, erməni xəyanətinə göz yumacaqlar. Bunu zaman göstərəcək.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

