Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri də Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var.
(Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdəki nitqindən)
Bu gün hansısa ziyalımızın Azərbaycan dilində danışması çox da çətin deyil. Çünki dövlət başçımız BMT tribunasından bu dildə danışır. Ancaq 1978-ci ildə – adi mənzil-kommunal idarəsində də başqa dildə danışıldığı dövrdə Azərbaycan Konstitusiyasına “xalqımızın dövlət dili Azərbaycan dilidir” fikirlərinin ifadə olunması təkcə çətin yox, həm də çox riskli bir məsələ idi. Ancaq ulu öndər Heydər Əliyev həmin çətinliyin öhdəsindən gəlmişdi. Həm də 1978-ci il Konstitusiyasında yenilik təkcə dil məsələsi deyildi.
Tanrı elə qismət edib ki, Azərbaycan tarixində iki Konstitusiya xalqın, mətbuatın və elmi ictimaiyyətin yaddaşında “Heydər Əliyev Konstitusiyası” kimi qalmışdır. Bunlardan birincisi 1978-ci il Konstitusiyası idi ki, orada Heydər Əliyev Kremlin çox ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olduğunu sübut edən müddəanın yazılmasına nail olmuşdu. İkinci Konstitusiya isə 1995-ci il Konstitusiyasıdır ki, bu Əsas Qanun da bilavasitə ulu öndərimizin şəxsi təşəbbüsü və iştirakı ilə hazırlandığına, çoxsaylı xarici və daxili maneələrin dəf edilməsindən sonra qətiyyətlə qəbul edildiyinə görə insanlar arasında “Heydər Əliyev Konstitusiyası” kimi tanınır.
XX əsrin 60-cı illərinin sonlarında kommunizm cəmiyyətinə sürətli keçid ideyası tədricən iflasa uğramış, 70-ci illərin əvvəllərində inkişaf etmiş sosializm cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxmışdı. Uzunmüddətli müzakirələrdən sonra – 1977-ci il oktyabrın 7-də SSRİ-nin üçüncü Konstitusiyası, 1978-ci il aprelin 21-də isə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında respublikamızın sayca dördüncü Konstitusiyası qəbul edilmişdi. 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət bu Əsas Qanunun özündən əvvəlki konstitusiyalardan bir sıra prinsipial fərqləri var idi. İlk dəfə idi ki, Konstitusiyada insanların sağlamlığının mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, ən başlıcası, yaradıcılıq azadlığı təsbit edilirdi.
Özündən əvvəlki Əsas Qanundan fərqli olaraq, 1978-ci il Konstitusiyasında təkcə Azərbaycan SSR Ali Sovetinin deyil, Ali Sovetin Rəyasət Heyətinin, Nazirlər Sovetinin, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Respublika Ali Məhkəməsinin də qanunvericilik hüququ təsbit edilirdi. Ən mühüm məqam isə ana dilimizlə bağlı idi. Bu, danılmaz faktdır ki, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
O qədər də uzaq tarix olmadığına görə, hamı xatırlayır ki, 70-ci illərin ortalarından başlayaraq, SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı.
Təbii ki, o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşısa da milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasına görə, narazılıqlarını bildirirdilər. Yenə də respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq, Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasını israr edirdi. Lakin Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək, bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri Leonid Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir fikir yer aldı: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu.
Azərbaycanın 1978-ci il Konstitusiyasındakı əsas yeniliklərdən biri də DQMV-nin dövlət hakimiyyəti və idarə orqanlarının statusunun 1937-ci il Konstitusiyasında olduğu kimi, ayrıca fəsildə deyil, Azərbaycan SSR-də yerli dövlət hakimiyyəti və idarə orqanlarının tərkibində əks etdirilməsi idi. Yəni Heydər Əliyev DQMV-yə 1937-ci ildə verilmiş statusların respublika rəhbərliyinə qaytarılmasını tələb etmiş və buna nail olmuşdu.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

