Milli dövlətçiliyimizin xilaskarının media dərsləri

post-img

Xəbər verdiyimiz kimi, Nəsimi Rayon İcra Hakimiyyəti “2023 – Heydər Əliyev İli” çərçivsində rayon ictimaiyyəti nümayəndələrinin ölkənin tanınmış ziyalıları ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda silsilə görüşlərini təşkil edir. Ümummilli liderin anadan olmasının 100 illiyi münasibətilə “Xalq qəzeti” redaksiyası ilə birgə keçirilən növbəti konfrans “Heydər Əliyevin media dərsləri”nə həsr edilmişdi. 

Toplantıda müstəqil dövlətimizin banisinin demokratik cəmiyyətdə medianın rolu və vəzifələri ilə bağlı konseptual təlimi diqqət mərkəzində oldu, ulu öndərin milli jurnalistika­mızın inkişafındakı xidmətləri qədir­bilənliklə yad edildi. 

“Xalq qəzeti”nin baş redaktoru Əf­latun Amaşovun və redaksiya əmək­daşlarının, “Yeni Azərbaycan” qəzeti­nin baş redaktoru Alqış Musayevin, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin və Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun iştirak etdikləri konfransı giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi­nin hər iki dövründə milli mətbuatımızın, ölkə teleradiosunun peşəkarlıq baxımın­dan yüksəlişi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı tədbir­lər həyata keçirib. 

Cəmiyyətin ümumi inkişafında, si­vil dəyərlərin geniş intişar tapmasında medianın rolunu yüksək dəyərləndirən ümummilli lider, eyni zamanda, jurnalist nüfuzunun yüksəldilməsi üçün də zəruri tədbirlər gerçəkləşdirib. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaş­masında Heydər Əliyevin xidmətləri mi­silsizdir. Bütün bunlara görə müstəqillik illərində ölkə jurnalistləri azad sözün bö­yük himayədarını “Jurnalistlərin dostu” elan etmişdilər.

Rayon rəhbəri qeyd etdi ki, ötən əsryarımlıq dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan milli jurnalistikası ulu öndərin yaratdığı mükəmməl hüquqi və müasir texnoloji baza üzərində özü­nün yüksəliş mərhələsini yaşamaqda­dır. Mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirən Heydər Əliyev müstəqillik şəraitində söz azadlığı prin­siplərinin bərqərar olması üçün ardıcıl, sistemli tədbirlər həyata keçirib. 

Prezident İlham Əliyevin sərənca­mı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ulu öndərin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. Ümummilli liderin anadan olmasının 100 illiyi şərəfinə davam edən il çərçivəsin­də keçirilən hər bir tədbir dünya şöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəa­liyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbli­ği və gənc nəsillərə ötürülməsi baxımın­dan olduqca önəmlidir. 

Asif Əsgərov giriş nitqinin sonunda söylədi ki, “Heydər Əliyev İli” peşəsin­dən asılı olmayaraq, hər bir Azərbay­can vətəndaşının ulu öndərin müqəd­dəs xatirəsi, mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabatına çevrilib. Bu prosesdə jurnalistlər böyük rol oynamaqla yanaşı, ulu öndərin me­dia dərslərinə sədaqətlərini də yüksək səviyyədə nümayiş etdirirlər. Ümummil­li liderin media siyasətinin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə demokratik cə­miyyətdə azad jurnalistikanın səmərəli fəaliyyəti üçün zəruri şəraiti təmin edib, jurnalistlərin zamanın çağırışlarını ope­rativ, peşəkarcasına cavablandırmasını stimullaşdırıb.

Konfransın davamında “Xalq qə­zeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov bildirdi ki, Heydər Əliyev jurnalistikaya açıq li­der idi, azad, doğru sözün gücünü kifayət qədər aydın görür və yüksək dəyərləndirirdi:

–1969-cu ilin 14 iyulunda xalqını və Vətənini sevən, təşəbbüskar və yüksək enerjili kadr kimi respublika rəhbərliyin­də təmsil olunan Heydər Əliyevin Azər­baycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mət­buatın inkişafında əsaslı dönüş yaratdı. Məhz ulu öndərin müstəsna səyi nəti­cəsində o vaxtadək rəsmi həyatda ana dilimizə olan ögey münasibətdə köklü dəyişiklik baş verdi. Ümummilli lider Heydər Əliyev ölkədə anadilli jurnalis­tikanın rolunu və mövqeyini də əsaslı surətdə yüksəltdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Res­publikasının Konstitusiyasında dövlət di­linin Azərbaycan dili kimi təsbit olunması milli jurnalistikamızın da inkişafına təkan verdi.

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəlilə­yiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, teleradionun ana dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universite­tinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdi. Respublika rəhbərinin təşəbbüsü və himayəsi ilə o zaman həmin fakültə­nin istedadlı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika mək­təbinin dünya təcrübəsi əsasında yeni­dən formalaşmasında faydalı rol oynadı. Bütün bunların nəticəsi idi ki, o dövrdə Azərbaycanda nəşr olunan qəzet-jurnal­lar və efirə yayılan verilişlər ittifaq miq­yasında da peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. 

Artıq Azərbaycan mediası uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximiz­dən, zəngin mədəniyyətimizdən daha çox yazmağa, danışmağa, göstərməyə başladı. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın me­diasının da aqibəti bəlalı oldu. Həmin dövrdə jurnalist kollektivlərinin necə bö­yük çətinliklərlə üzləşdiyi hamıya bəllidir. Söz azadlığından şəxsi və qrup maraq­lar üçün istifadə cəhdləri ilə yanaşı, me­dianın maliyyə, təminat böhranı ilə də üzləşməsi onun inkişafında ciddi əngələ çevrilmişdi.

Belə bir zamanda xalqın, xüsusən ölkənin xilasını düşünən ziyalıların tələ­bi ilə müstəqil dövlətin ali rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbay­can jurnalistikasının da milli maraqlar və dövlətçilik ruhunda inkişafı üçün zə­ruri tədbirləri təxirəsalmadan gerçək­ləşdirdi. Milli jurnalistikamızın tarixində senzuranın ləğvi kimi inqilabi addım da ulu öndərin adı ilə bağlıdır. Biz o zaman düşünürdük ki, müharibə vəziyyətində olan bir ölkə senzuranı necə ləğv edə bilər? Ulu öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı qərarı “Ölüm hökmü”nün ləğvi ilə yanaşı, həqiqətən, cəsarətli və uzaq­görən addım idi.

Müdrik rəhbər üçün media, eyni za­manda, dövlət idarəçiliyinin vacib vasitə­si idi. Heydər Əliyev ölkəyə rəhbərliyinin birinci dövründə olduğu kimi, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu xəttini yüksək səviyyədə davam etdirdi. O, mətbuatı bilavasitə demokratik cə­miyyət quruculuğunun mühüm amili kimi təsdiqlədi. Bütün bunlarla “Jurnalistlərin dostu” adını qazanmış Heydər Əliyev mediaya azad sözün və plüralist fikrin ifadə meydanı olaraq yanaşırdı. 

Jurnalistlərimizin böyük himayədarı Heydər Əliyev həmişə çalışırdı ki, media fəaliyyəti cəmiyyətin demokratikləşmə­sində önəmli vasitəyə və təsirli qüvvəyə çevrilsin. Ulu öndər bu məqsədinə nail olmaq üşün tarixi əsaslar yaratdı. Azad mediamız bu mötəbər zəmin üzərində uğurlarını davam etdirir. Heydər Əliyevin media dərsləri milli jurnalistikamızı daim irəli və yüksəlişə doğru aparır. 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev isə söylədi ki, demokratik cəmiyyətdə medianın yerini ən dəqiq və qeyri-adi bir həssaslıqla dəyərlən­dirən düşüncə ulu öndər Heydər Əli­yevə məxsusdur:

–1993-cü ildə iyunun 15-də Mil­li Məclisin sədri seçilən Heydər Əliyev növbəti iclasların birində belə bir bəya­nat səsləndimişdi: “Mətbuat, informasi­ya bu gün müasir dünyanın canıdır”. Ulu öndərin jurnalistikaya münasibəti heç vaxt cari, ötəri xarakter daşımayıb. Hey­dər Əliyevin mətbuata yanaşmasının əsasında onun sözə yüksək münasibəti dayanırdı. Söz onun üçün alternativsiz silah idi. Söz onun üçün enerji daşıyı­cısı idi. Söz onun təqdimatında bərpa olunan enerjiyə çevrilirdi. Onun özünə olan kütləvi xalq inamı onun sözünə və məntiqinə olan inamdan qaynaqlanırdı. 

Müstəqil Azərbaycan dövlətinin ba­nisi və qurucusu Heydər Əliyevin media siyasətinin ilk addımları olaraq jurnalist kollektivlərinə ilkin maddi-maliyyə dəstə­yi göstərildi. Bununla yanaşı, müstəqil informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Mediaya dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq stan­dartlara cavab verən, dövri nəşrlərin və digər kütləvi yayım vasitələrinin təsis edilməsi və fəaliyyəti üçün qanunveri­ciliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində zəruri olan sənədlər qəbul edildi. 

Sonrakı illərdə ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşki­latlarının rəhbərləri ilə dəfələrlə görüşən ümummilli lider azad jurnalistikanın problemlərini müzakirə edərək onun həlli istiqamətində tapşırıqlarını verdi. Bu qərarlardan sonra bir çox problem­lər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ötən dövrdə zamanın çağırışla­rına çevik cavab verən media müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlan­ması və təbliğində, o cümlədən demok­ratik maarifləndirmə sahəsində mühüm rol oynayır.

Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə təminatlı gələ­cəyə doğru inamla addımlayır. Azərbay­can mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində, başqa cür ola da bilməz. Çünki ənənəvi mətbuatın da, elektron medianın da yükü və qay­ğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. 

Heydər Əliyevin siyasətinin gücü sözünün gücü ilə düz mütənasib idi. O, XX əsrin nadir siyasi liderlərindəndir ki, sözün enerjisini bütün çalarları ilə duya bilirdi, səfərbər edirdi və milli dövlətçilik maraqları, cəmiyyətin bütövlüyü naminə yönləndirə bilirdi. Heydər Əliyev idarəçi­lik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəyə ali rəhbərliyi dövründə Azərbay­canda mətbuata dövlət qayğısının miq­yası daha da genişlənmişdir. İndi Azər­baycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərin­cə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. 

Ulu öndər Heydər Əliyevin çox təcrü­bəli bir dövlət adamı olaraq Azərbaycan cəmiyyətinin problemlərinin işıqlandırıl­ması, onun dövlət orqanlarının nəzərinə çatdırılması, obyektiv medianın düzgün dövlət yönətimində nə qədər əhəmiyyətli bir funksiya daşıdığını lazımı şəkildə qiy­mətləndirə bildi. Ali idarəetmədə azad sözə böyük önəm verən Heydər Əliyevin gücü bunda idi

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə də vurğuladı ki, ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticə­sində Azərbaycanda mətbuat orqan­larının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qal­dırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi: 

–Qüdrətli lider, qarşısına qoyduğu hədəfləri qətiyyətlə fəth edən ulu öndər Heydər Əliyev sovet dönəmindəki kimi, müstəqil Azərbaycan dövlətinin Prezi­denti olduğu illərdə də milli mətbuatı­mızın, ölkə teleradiosunun, kinonun və kitab nəşrinin inkişafı naminə çox böyük işlər görüb. Ölkədə kütləvi informasiya vasitələri ilə bağlı mükəmməl qanunve­ricilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin güclən­dirilməsi sahəsində Prezident Heydər Əliyevin həyata keçirdiyi vacib tədbirlər milli jurnalistikamızın növbəti inkişafına yol açdı. 

Ümummilli lider Heydər Əliyev de­mokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasi­ya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquq­ları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq kon­vensiyalara, sazişlərə qoşuldu. 

Ulu öndər Heydər Əliyevin haki­miyyəti dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək kütləvi informasiya va­sitələrinin maddi-texniki bazasının möh­kəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Dahi şəxsiy­yət azad, sözün, doğru informasiyanın insanların vahid məqsədə yönəldilmə­sindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də medianın inkişaf tələbatına və jurnalistlərin ehti­yaclarına xüsusi həssaslıqla yanaşırdı.

Media qurumlarının lisenziyasızlaş­dırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi ilə bağlı addımlar da azad jurnalistikanın özüllərini möhkəm­ləndirdi. Ulu öndərin həssas və qayğı­keş münasibəti sayəsində bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması, tənqidə yüksək səviyyədə dözümlülülk, istedadlı yazarların əməyinin qiymətləndirilməsi nümunələri də ulu öndərin media dərs­lərini tamamlayan qiymətli elementlərdir.

“Bakı xəbər” qəzetinin baş redak­toru, politoloq Aydın Quliyev də qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra müstəqil dövlət­çilik üçün lazımlı və əhəmiyyətli olan bütün institutların formalaşdırılması, möhkəmləndirilməsi yönümündə sis­temli addımlar atıldı:

– Heydər Əliyev dünya miqyaslı bö­yük dövlət xadimi olaraq bütün istiqamət­lərdə Azərbaycan dövlətinin möhkəm əsaslarını yaratdı. Bu təməllər üstündə güclü dövlətçiliyin sonrakı inkişafı təmin edildi. Ulu öndərin media–dövlət müna­sibətləri çərçivəsində apardığı siyasət də tarixi önəmi ilə yanaşı, bügünkü və gələcək fəaliyyət üçün strateji mahiyyət daşıyır. Heydər Əliyevin ümumən me­dia-dövlət siyasəti sadə və məntiqli bir sxem üstündə qurulmuşdu. Bu ondan ibarət idi ki, dövlət medianın inkişafına dəstək verməli, media isə öz növbəsin­də dövlət quruculuğu prosesinin fəal işti­rakçısı və böyük güc mənbələrindən biri olmağı bacarmalıdır.

Ötən əsrin 90-cı illərinin ortalarında və 2000-ci illərin əvvəllərində respublika rəhbərinin atdığı addımlar real şəkildə sübut etdi ki, Heydər Əliyevin müəy­yən etdiyi media–dövlət əməkdaşlığı, həqiqətən, real və praktik inkişaf xa­rakterlidir. O zaman medianın inkişafı­nı dövlətin himayəsi altına almaq üçün bu yanaşmadan uğurlu format tapmaq mümkün deyildi. Heydər Əliyev məhz bu model çərçivəsində mediaya siyasi və maddi dəstək tədbirlərini gerçəkləşdirdi. Bununla nəşriyyatlara və redaksiyalara dövlətdən birbaşa yardımlar edildi, azad söz üzərində senzura demokratik dövlət quruculuğu strategiyası ilə uyuşmaz bir struktur kimi ləğv edildi. Heydər Əliyev həm də məmurları mətbuatla açıq, səmi­mi və şəffaf davranışlara çağırırdı.

Heydər Əliyevin bu qərarları mətbu­atın müstəqilliyini əlindən almadan onun dövlət dəstəyi altında fəaliyyət göstər­mək vərdişlərinin formalaşmasının əsa­sını qoydu. Mediaya dövlət dəstəyinin və medianı dövlət himayəsinə götürmə­yin əsaslarını Heydər Əliyev məharətlə yaratdı. Həm də bu, o qədər asan iş olmadı. Medianı dövlət himayəsinə gö­türmək, bu zaman onun müstəqilliyini və peşəkar inkişafının əsaslarını qoruyub saxlamaq, həqiqətən, çətin vəzifə idi. O zaman mediaya dövlətin şəffaf dəstək addımları ətrafında müəyyən beynəlxalq qurumların hay-küy salmasını da unut­maq olmaz. Təbii ki, Heydər Əliyev prin­sipial siyasətini davam etdirdi və sübut etdi ki, bu himayə milli maraqlar və za­manın tələbləri baxımından ən düzgün yoldur. 

Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Va­sitələri haqqında” Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mət­buat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. Mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kom­munikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biri oldu. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculu­ğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən, tədris və maarifləndirmə sahəsində mü­hüm rol oynadı.

Prezident İlham Əliyev də son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün im­kanlar yaradan addımlar atır. 2005 və 2010-cu illərdə Prezidentin sərəncam­ları ilə milli mətbuatımızın 130 və 135 illik yubileyləri ölkə miqyasında geniş qeyd olundu. Jurnalistlər üçün 2 müasir, çoxmərtəbəli yaşayış binası tikilib onlara dövlət adından hədiyyə edildi. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin in­formasiyaya olan ehtiyacının ödənilmə­sində mühüm əhəmiyyət kəsb edirlər.

Konfransda çıxış edən natiqlərin çıxışları belə bir mülahizədə ortaqlıq təşkil etdi: Ulu öndərin əsasını qoydu­ğu ənənəni davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə milli mət­buatımızın yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Müstəqil dövlətimiz­də azad, demokratik medianın inkişafı­na, jurnalistlərin sosial problemlərinin həllinə dövlət dəstəyini təmin edən təsirli tədbirlər reallaşdırılıb. Bunların nəticəsi­dir ki, jurnalistika ölkədə ən sürətlə inki­şaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gün­dən təkmilləşən fəaliyyət sahələrindən biridir. 

Səhifəni hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”











Sosial həyat