Çində “Azərbaycan mədəniyyətinə pəncərə”

post-img

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində bu ölkənin Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu və Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ilə görüşüb. 

AZƏRTAC xəbər verir ki, ÇXR Kom­munist Partiyasının Benbu şəhər komitə­sinin katibi Xuan Siaovu Azərbaycanın Benbu şəhərinin “Qədim məskənlər” mədəniyyət parkına dəstək göstərən ilk ölkələrindən olduğunu vurğulayaraq Heydər Əliyev Fondu tərəfindən parkda yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyonun qurulması­na görə təşəkkür edib. 

2021-ci ildən fəaliyyət göstərən “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonunun parka mütəmadi gələn zi­yarətçilərin marağına səbəb olduğu bildi­rilib. Cənab Siaovu şəhərin turizm poten­sialının gələcəkdə artacağı səbəbindən parka və pavilyona da yüksək ziyarət axını olacağını qeyd edib.

Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ötən forumda Azər­baycanın fəxri qonaq qismində iştirakını və Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyə­tindən söz açıb. O, gələcək forumlarda da Azərbaycanla əməkdaşlıq etmək niy­yətini bildirib.

Qeyd edək ki, “Qədim məskənlər” parkında məhdud sayda xarici milli pa­vilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonu olub. Pavil­yonda Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilim­lər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, milli geyimlər, musiqi alətləri, habelə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltaraşlıq əsərləri, Qo­bustan qayaüstü rəsmlərinin imitasiyası da eksponatlar sırasında yer alıb.



Son xəbərlər