25-ci “Vətən Bağı” Ağstafada salındı

post-img

2021-ci ildən etibarən “Qırmızı Ürəklər” Fondu Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağaclar əkilir. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək və şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır.

Növbəti “Vətən Bağı” “Qırmızı Ürək­lər” Fondu, “Paşa Holding” MMC və “Kapital Bank” ASC-nin təşkilatçılığı ilə Ağstafa şəhəri, Hüseyn Arif küçəsində salınıb. “Hər şəhid üçün bir ağac əkək” şüarı ilə 229 ədəd sərv və tuya ağacının əkildiyi aksiyada rayon rəhbərliyi, “Qırmı­zı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, şəhid ailələrinin üzvləri, qazilər, “Kapital Bank”ın əməkdaşları, ra­yonun hüquq-mühafizə orqanlarının rəh­bərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Layihə Ağstafa Rayon İcra Hakimiy­yətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

“Vətən Bağı” əsasən, insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində “Vətən Bağ”larının sayı 25-ə çatıb və aksiya ağacəkmə mövsü­mü zamanı yenə davam etdiriləcək.

Əkilən ağaclara qulluq olunması, suvarılması və digər lazımi tədbirlər yer­li icra hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Son xəbərlər