Maqnit sahəsi Yer kürəsi və onun üzərindəki canlılar üçün çox mühüm rol oynayır. O bizi Günəş radiasiyasından qoruyur, iqlimə və havaya təsir edir. Bundan əlavə, maqnit sayəsində işləyən kompasın əqrəbləri şimala doğru yönəlir.
Günəş sistemindəki digər planetlərin də maqnit sahələri var. Alimlər isə daha uzaq planetlərin bəzilərində belə sahələrin ola biləcəyini istisna etmirlər. Məsələn, Nyu-Mexikoda “Very Large Array” (VLA) radio teleskoplarından istifadə edilən son müşahidələr Yerdən, təxminən, 12 işıq ili uzaqlıqda bir ulduzun ətrafında fırlanan qayalı ekzoplanet “YZ Ceti b”də maqnit sahəsinin olduğunu sübut edib.
“Nature Astronomy” jurnalında dərc olunan araşdırmaya görə, Günəş sistemindən kənarda olan bu planetdə maqnit sahəsinin ilk aşkarlanmasıdır. Milli Radio Astronomiya Rəsədxanasının direktoru, tədqiqat müəllifi Co Peske “Araşdırma təkcə bu xüsusi ekzoplanetin maqnit sahəsinə malik olduğunu göstərmir, həm də alimlərə maqnit sahəsi olan daha çox planet tapmaq üçün perspektivli üsul təqdim edir”, – deyə bildirib.
Alimlərin fikrincə, maqnit sahəsi olmayan planetdə məskunlaşmaq olmaz: belə bir sahə yoxdursa, Günəşdən gələn enerji hissəcikləri planetin atmosferini məhv edə bilər. Peske sonra əlavə edib ki, digər sistemlərdə yaşayış üçün əlverişli olan planetlərin tapılması qismən Yerə bənzər ekzoplanetlərin, həqiqətən, maqnit sahələrinə malik olub-olmadığını müəyyən etməkdən asılıdır.
“YZ Ceti b” yaşayış üçün əlverişli deyil. Belə ki, o, öz ulduzuna çox yaxındır. Üstəlik, orbital sürət o qədər yüksəkdir ki, bu planetin bir ili Yerdəki iki günə bərabərdir. Buna baxmayaraq, elm adamları bu planetin maqnit sahəsindən gələn radiodalğaları aşkar edə biliblər. Alimlər bildirirlər ki, planetin maqnit sahəsi elektrik yüklü plazmanı öz ulduzuna doğru geri itələyir. Daha sonra ulduzun öz maqnit sahəsi ilə qarşılıqlı təmasda olaraq parlaq enerji partlayışları yaradır.
Əslində, komandanın müşahidə etdiyi radiodalğalar, çox güman ki, planetlə qarşılıqlı təsir nəticəsində yaranan ulduzdakı qütb işıqları idi.
Kolorado Universitetinin astronomu və yeni tədqiqatın həmmüəlliflərindən olan Sebastian Pineda qeyd edir ki, bu planetin öz atmosferi varsa, onun qütbü də olmalıdır.
Səadət RZAYEVA, “Xalq qəzeti”