Günümüzdə sosial şəbəkələrin böyük rol oynadığını, hesab edirəm ki, heç kim inkar etməz. Bəzən bu auditoriyadan inqilablar törəndiyinin də şahidi olmuşuq. “Rəngli inqilablar” da yadımızdan hələ çıxmayıb. Amma istənilən istifadəçi sosial şəbəkədən özü üçün kifayət qədər tərbiyəvi paylaşımlar da tapa bilər. Bunlar gündəlik həyat tərzimizlə, milli adət-ənənələrimizlə, yaxud dini, əxlaqi dəyərlərimizlə bağlı olur. Aşağıdakı paylaşım da bəzilərimizin gündəlik davranışda yol verdiyi etinasızlıqla bağlıdır. Zənn edirəm ki, bu hadisə hər birimizə tərbiyəvi təsir etmək gücündədir.
Professor – doktor Saffet Solak “fasebook”da nəql edir:
“Amerikada təcrübə keçdiyim universitetin yemək zalı açıq bufet şəklindəydi. Hamı bəyəndiyi yeməkdən istədiyi qədər ala bilərdi. Yeməkxananın qapısında belə yazılmışdı: “Take what you need. Eat what you take”. Yəni, “Yeyəcəyin qədər al. Nə aldınsa ye”.
Bir gün eyni masada yemək yediyimiz çinli bir dostun boşqabında qalan son düyü dənəsini götürməyə çalışdığını gördüm. Ona dedim:
– Bir düyü dənəsi üçün niyə bu qədər səy göstərirsən? Qoy boşqabda qalsın.
Çinli dostumun verdiyi cavab çox düşündürücü oldu:
– Hər çinli bir düyü dənəsi israf etsə, çin əhalisinin sayına vur, gör neçə ton düyü edər. Biz əhalisi sıx bir ölkəyik. İsraf etmək şansımız yoxdur.
Mən dedim:
– Amma indi sən Çində deyil, Amerikadasan. Boşqabında qalan düyü dənəsi Çinə deyil, Amerikaya zərər vuracaq.
Dostum bu sözlərimin qarşısında güldü və belə dedi:
– Yaşadığım ölkə olan Amerikanı bu şəkildə zərərə salmaq qürurlu bir davranış olmazdı.
Çinli dostumu bu qürurlu hərəkətinə görə təbrik etdim və özümün düşüncələrimi ona belə söylədim: İslam dini bu mövzuda “Yeyin, için, amma israf etməyin. Çünki Allah israf edənləri sevməz” buyurub.
Elə bu əsnada ərəb ölkələrindən bir müsəlman yoldaş boşqabındakı yeməyin artığını zibil yeşiyinə boşaltdı. Bunu görən çinli dostum onu göstərərək:
– O, müsəlman deyilmi? – deyə soruşdu.
Mən həmin anda o qədər üzüldüm ki, nə deyəcəyimi bilmədim”.
İbrətamiz deyilmi?! Gəlin etiraf edək ki, elə bizim özümüz də bəzən dinimizin tələblərinə etinasız yanaşaraq bu cür israfçılığa yol veririk. Amma Çin vətəndaşı təkcə öz ölkəsində deyil, başqa ölkədə də qənaətcil olmağa çalışır. Bəlkə son illərdə böyük sosial-iqtisadi uğurlara imza atmış Çinin nəhəng sıçrayışlarının bir səbəbi də elə budur!..
P.BABAKƏRLİ, “Xalq qəzeti”

