Bir neçə gün əvvəl rəfiqəmlə birlikdə dənizkənarı bulvara gəzintiyə çıxmışdım. Düşündüm ki, yazın gəlişi ilə bağlı bir şey yazsam, yerinə düşər. Bu an xatırladım ki, “Xalq qəzeti”ndə ilk yazım bu ünvanla bağlı idi. O zaman bulvarın payız ovqatından söz açmışdım.
Bulvar bu yaz günləri, həqiqətən, çox gözəldir. Burada ağac və gül kollarının çoxu artıq yaşıl libasını geyinib. Gül açmış ağaclar çox füsunkar görünür. Ləklərdəki rəngbərəng güllərə baxmaqdan doymaq olmur.
Buraların gözəlliyi, təbii ki, uşaqlardır. Onlar ayaqlarına diyircəkli kirşələr geyərək ətrafda usanmadan fırlanırdılar. Doğmaları onlara həyəcanla göz gəzdirir, bəzən yıxılacaqlarını düşünüb narahat olur, bəzən də cəld hərəkətlərinə çox sevinirdilər. Uşaqlar əyləndikcə onlar da xoşbəxt olurdular.
Rəfiqəmlə gəzə-gəzə biraz da irəli getdik. Dalda bir oturacaqda gənc bir oğlan qızla xısın-xısın danışırdı. Birdən oğlan ayağa durub yaxınlıqdakı ləkdən bir neçə gül dərdi və qızın saçlarına taxdı. Qızın çöhrəsində dərhal isti bir təbəssüm yarandı.
Sanki, o çiçək də qızın saçlarına düzüldüyündən “xoşbəxt” idi. Gül, bəlkə də, həyatının ilk sevgisini yaşayan bir qızın üzündə gülüşə səbəb olmuşdu.
Rəfiqəmin də o gənclərə diqqətlə baxdığını gördüm. Ona tərəf dönüb “kaş elə sənin də saçlarına gül düzən biri qarşına çıxsın” – dedim.
Rəfiqəmin gözləri parıldadı.
Təsadüfə bir bax! Bu an kafelərdən birində tanış bir melodiya eşidildi:
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm…
Qoy bütün qızların saçlarına gül düzən, onlara həqiqi sevgini yaşadan biri olsun...
Leyla HADİ,
tələbə-jurnalist,
Elşən AĞALAR (foto)

