Süni intellekt (AI) təbii intellektdən fərqli olaraq, xüsusi maşınlar tərəfindən nümayiş etdirilən zəka növüdür.
Süni ağıl insanlara məqsədlərinə çatmaqda kömək etmək üçün onların işlərini asanlaşdıran cihaz qurğudur. Danışıq dilində “süni intellekt” termini çox vaxt “öyrənmə” və “problemin həlli” kimi “idrak” funksiyalarını təqlid edən maşınları təsvir etmək üçün istifadə olunur.
Bunlar bir neçə qrupa bölünür:
1. Reaktiv maşınlar - stimullara reaksiya verən süni intellekt növüdür. Onlar keçmiş təcrübələrini təhlil edərək nəticə çıxarır və ani stimullara reaksiya verir. Maşın öyrənməsi adlanan sistem süni intellektin ən böyük hissəsini təşkil edir. Buna “Dip Blu” adlı süni intellektin 1997-ci ildə şahmat üzrə dünya çempionu Kasparovu məğlub etdiyini misal çəkə bilərik.
2. Məhdud yaddaşlı maşınlar - məlumatları qısa müddətdə məhv edən proqram növüdür. Bu maşın növünə işıqforlar və onlayn mesajlaşma proqramlarını nümunə gətirmək olar.
3. Ağıl nəzəriyyəsinə əsaslanan maşınlar - cəmiyyətin qorxu ilə yanaşdığı bu proqramlar, adətən, insanların həyatını asanlaşdırmaq üçün böyük işlər görə bilir. Belə ki, bu maşın növü insanlarla ünsiyyət qura, hisslərinizi və düşüncələrinizi müəyyənləşdirə və buna uyğun reaksiya verə bilir. Onlardan hətta tibb sahəsində sosial qarşılıqlı əlaqə quraraq pasiyentlərin müalicəsində də istifadə olunur.
Süni intellektin gələcəyimiz üçün hansı müsbət təsirləri ola bilər?
1. Bu cihazlar nüvə fəlakətlərinin və yol qəzalarının qarşısını ala, zəlzələ, yanğın və digər təbii fəlakətlər zamanı zərərçəkmiş insanların həyatını xilas edə biləcəklər.
2. İnsanlar daha ağır yükləri qaldırmaq və daşımaq üçün süni intellektə malik avtonom maşınlardan istifadə etmək şansı əldə edəcəklər.
3. Onlar dünyanın ən yaxşı cərrahlarından da yaxşı əməliyyat edə bilmək xüsusiyyətinə malik olacaqlar.
4. Kosmosun tədqiqində ən böyük silahımız süni intellekt olacaq. Bundan əlavə, okeanın dərin sularında da süni intellektlər yerləşdiriləcək.
5. İnsan münasibətləri dəyişəcək. Gələcəkdə insanlar bir-biri ilə ünsiyyət qurmaq əvəzinə, süni intellekt vasitəsilə dostlaşacaqlar.
6. Bu günün ev heyvanları gələcəyin mehriban robotları olacaq.
7. Süni intellekt gündəlik və darıxdırıcı işləri öz üzərinə götürəcəyi üçün insanların daha çox istirahət etməyə boş vaxtı olacaq.
F.SALMANOVA, “Xalq qəzeti”

