Azərbaycanda pasxa bayramı

post-img

Xristian dünyası üçün ən özəl günlərdən biri də Pasxadır. Bu bayram İsa Məsihin dirilməsi şərəfinə keçirilir və onun özünəməxsus adət-ənənələri var. Pasxa tarixi ay-günəş təqviminə uyğun olaraq hesablanır.

İbranicə "Pesax" sözündən götürülüb, ay təqviminə görə qeyd olunan yəhudi Pasxası ilə eyniləşdirilir. Pasxa Pesax, başqa cür desək, pasah sözünün kökü ilə bağlıdır,  Uca Yaradanın yəhudi evlərindən keçərək Misirin ilk oğullarını məhv etdiyi anlamına gəlir. Bu bayram həm də  yəhudi xalqının Misir əsarətindən çıxmasının xatirəsinə qeyd olunur. Baxmayaraq ki, Pasxa bayramını qeyd etmək adəti köçdən əvvəlki dövrdə yaranıb. Buna görə də qədim zamanlarda bu bayram maldarlıq və əkinçiliklə əlaqələndirilirdi.

Zaman keçdikcə, Xristianlar arasında bu bayramın adı fərqli bir şəkildə mənalandırılmağa başladı. "Ölümdən həyata, yerdən göyə keçid" şüarı ilə qeyd olunan bu bayram yəhudiləri Misir əsarətindən azad etdiyi kimi, xristianları da İsa Məsihin ölümü və dirilməsi vasitəsilə günahın əsarətindən azad olunması kimi qeyd olunmağa başladı. Beləliklə, bu şüar xristian Pasxasının prototipinə çevrilməyə başladı.
Pasxa bayramı Pravoslavlıqda 40,  Qərb Xristianlığında isə 50 gün davam edir. 

Bu bayramın da özünəməxsus adət-ənələri var. Həmin gün insanlar dini inanc kimi od qalayır ki, bu da Pasxa atəşi adlanır. İsa Məsihin dirilməsindən sonra "bütün kainatı işıqlandıran Allahın İşığını" simvollaşdırır. Yunanıstanın və Rusiyanın böyük şəhərlərində pravoslav kilsələri Müqəddəs Qəbiristanlıq Kilsəsindən bu Müqəddəs Atəşin gəlişini gözləyirlər. Müqəddəs Od Yerusəlimdən  gətiriləndən sonra kahinlər onu şəhərin məbədlərinin ətrafında təntənəli şəkildə gəzdirirlər. Xristianlar şamlarını həmin oddan yandırırlar. Ayin icra olunduqdan sonra isə çırağı odlu evə aparır, orada onu bir il müddətində -növbəti pasxa gününə qədər saxlamağa çalışırlar.

Pasxa bayramındəın ən önəmli xüsusiyyətlərindən biri də növbənöv şirniyyatların hazırlanması, yumurtaların müxtəlif rəngə boyadılması və bayram süfrələrinin təşkilidir. İnsanlar kilsədə ibadət edir, sonra isə bayram süfrəsi üçün hazırlanmış Pasxa tortlarının, kəsmik və Pasxa yumurtalarının dadına baxırlar.

Fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşayırlar. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Pasxa bayramınız mübarək olsun!!!

Fidan Hüquqqızı,
“Xalq qəzeti”

Sosial həyat