Azərbaycanı hərtərəfli inkişafa, milli yüksəlişə qovuşdurmuş lider

post-img

Ötən əsrin 70 – 80-ci illəri Azərbaycanın həyatında hərtərəfli sosial-iqtisadi inkişaf və milli-mənəvi yüksəlişlə səciyyələnən bir dövr olmuşdur. Sovet İttifaqının digər respublikalarında həmin vaxt durğunluq və mənəvi tənəzzül hökm sürsə də Azərbaycanda bütün sahələrdə tərəqqi baş vermişdir. Bunun səbəbi nə idi?

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. O vaxtdan da Azər­baycanda tənəzzüldən tərəqqiyə, dir­çəlişə, inkişafa, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqa­yıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. Həmçinin 1969-1982-ci illər­də Azərbaycanın ictimai-siyasi, o cüm­lədən iqtisadi həyatda intibah dövrü başladı.

Dövrə aid sənədlərin təhlili göstərir ki, 1969-1982-ci illərdə Heydər Əliye­vin rəhbərliyi altında respublika iqtisa­diyyatında istehsalın həcmi genişlən­miş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar qazanılmış, yeni, müasir isteh­sal sahələri yaradılmış, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşı­laşmışdır.

Heydər Əliyevin fədakar əməyi, xü­susi təşkilatçılığı ilə iqtisadi inkişaf di­namikası Azərbaycanda keçmiş ittifaq respublikalarından xeyli yüksək olmuş­dur. Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaq respublikaları arasında öndə gedərək daima plan və tapşırıqları vaxtından əvvəl və artıqla­ması ilə yerinə yetirmişdir.

Heydər Əliyev mərkəzdəki nüfu­zundan istifadə edərək respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsi üçün iqtisadiyyatın müxtəlif sahələri­ni əhatə edən Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin aşağıdakı müva­fiq qərarlarının qəbul edilməsinə nail olmuşdur: 1) 1970-ci il iyulun 23-də “Azərbaycan SSR xalq təsərrüfatının inkişaf etdirmək tədbirləri haqqında”; 2) 1970-ci il iyulun 25-də “Azərbay­can SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında”; 3) 1975-ci il iyulun 9-da “Azərbaycan SSR kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqın­da”; 4) 1976-ci il iyulun 27-də “1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilmə­sinə dair Azərbaycan KP MK-nın tək­liflərinin nəzərdən keçirilməsi nəticələri barəsində”; 5) 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsrrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdir­mək tədbirləri haqqında”. Onu da qeyd edək ki, bu qərarların yerinə yetirilməsi üçün mərkəzi büdcədən Azərbaycana xeyli vəsait ayrıldı. 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fab­rik istifadəyə verilmiş, 630 min yeni iş yerləri yaradılmışdır.

Bu illərdə neft hasilatının, neft ema­lı və qazçıxarma sahələrinin inkişafın­da yeni mərhələ başladı. Yeni neft ya­taqları aşkar edildi və istifadəyə verildi. Neft və qaz mədənlərinin 80 faizi av­tomatlaşdırıldı. Xəzər dənizinin dərin akvatoriyalarında geoloji-kəşfiyyat işlə­rinin gücləndirilməsinə diqqət artırıldı, neft və neftayırma, qaz sənayesi əsaslı şəkildə yenidən quruldu. 

Heydər Əliyev neft-kimya sənaye­sinin inkişafını Azərbaycanın sosial-iq­tisadi inkişafında başlıca amil hesab edirdi. Arxiv sənədlərinin və material­larının təhlili göstərir ki, 1969-1982-ci illərdə kimya sənayesi məhsullarının, xüsusilə kükürd, plastik kütlə, sintetik, kauçuk və digər kimyəvi vasitələr is­tehsalında böyük nailiyyətlər əldə edil­mişdir. Araşdırmalar, arxivdəki faktiki və statistik materiallardan məlum olur ki, bu dövrdə respublika sənayesinin yeni sahələri olan elektrotexnika, ci­hazqayırma, elektron dəzgahqayırma, avtomatlaşdırma kimi yeni istehsal sahələrinin yaradılmasına başlanıl­mışdır. “Azon”, “Ulduz” cihazqayırma zavodları və Sumqayıt kompressor za­vodu və s. işə salındı. Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan keçmiş Sovetlər Birliyində elektrotex­nika sənayesinin ən böyük və əhəmiy­yətli mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycan KP MK-nın Büro ic­lasının 13 oktyabr 1972-ci il qərarı ilə Bakı məişət kondisionerləri zavodunun tikintisinə başlandı. Tikinti-quraşdırma işləri üçün əlavə 18 milyon manat ay­rıldı. Xarici ölkələrdən 25 milyon ma­natlıq kompleks avadanlıqlar və s. alı­nıb quraşdırıldı. Nəticədə zavod qısa müddətdə tikilib, 1975-ci ildə istifadəyə verildi. 1982-ci ildə, hazırda ulu öndə­rin adını daşıyan Dərin Dəniz Özülləri zavodunun tikintisinə başlanıldı. 

Heydər Əliyev Bakıda metropoli­ten tikintisinə də böyük diqqət yetirirdi. 1978-ci ildə “Nizami”, 1980-ci illərin əvvəllərində isə bu qolun başqa stan­siyaları “Elmlər Akademiyası”, “İnşaat­çılar”, “20 Yanvar” və “Memar Əcəmi” stansiyaları istifadəyə verildi. 

Bu dövrdə Azərbaycanın enerji müstəqilliyi təmin olundu. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, “Azər­baycan” DRES-1 işə salındı. Bakı şəhəri və Abşeron yarımadasının iç­məli su ilə təchizatının yaxşılaşdırıl­ması haqqında qərar qəbul olundu. Azərbaycan KP MK-nın 1971-ci il 2 fevral tarixli Büro iclasında tikintinin ən qısa müddətdə avqustun 1-nə kimi tam başa çatdırılması qərarlaşdırıldı. 

Heydər Əliyevin respublikaya rəh­bərlik etdiyi illərdə kənd təsərrüfatının dinamik inkişafı, respublikanın iqtisa­diyyatında onun rolunun artrması ən mühüm iqtisadi nəticələrdən biridir. Üzüm plantasiyaları 1985-ci ildə 1970-ci ildəkindən 2 dəfə artaraq 268 min hektara çatmış, kənd təsərrüfatının ümumi məhsul həcmi 2,6 dəfə çoxal­mışdı. Ümummilli lider Heydər Əliye­vin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublikanın tarixində ilk dəfə olaraq 1 milyon 151 min ton pam­bıq, 1 milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpa­ğı, 125 min ton ət, 340 min ton süd və s. tədarük edilmişdir.

Baş verən dəyişikliklərin miqyası, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatları, xalqın mad­di rifahının yüksəlməsi Azərbaycan­da mədəniyyət sahəsində də böyük inkişafa səbəb olmuşdu. 1972-ci ildə Şıxovda Xalqlar Dostluğu parkının bü­növrəsi qoyulmuşdu. Həmin il Bakıda böyük kinokonsert mərkəzi olan, indiki Heydər Əliyev adına Respublika Sara­yı tikilmişdir.

Ulu öndərin Azərbaycana rəhbər­liyinin birinci dövründə ən əhəmiyyətli xidmətlərindən biri, onun çox böyük prinsipial səyləri hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konsti­tusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbitinə nail olması idi.

Heydər Əliyev respublikada elmin inkişafına və təhsil səviyyəsinin qaldı­rılmasına böyük diqqət yetirirdi. Azər­baycanda onlarla yeni elmi-tədqiqat müəssisələri yarandı. 1975-ci ildə Elm­lər Akademiyasının nəzdində “Xəzər” Elmi Mərkəzi fəaliyyətə başladı. 1978-ci ildə mərkəzin əsasında Kosmik Tədqiqatlar İnstitutu təşkil edildi.

1975-ci ildə Heydər Əliyevin təşəb­büsü ilə Bakıda inşaat-mühəndisləri institutunun yaradılması haqqında qə­rar qəbul olundu.1979-cu ildə Azərbay­can Kardiologiya elmi-tədqiqat insti­tutu yaradıldı, 5 nömrəli şəhər kliniki xəstəxanasının kardioloji korpusunda elmi-tədqiqat institutunun yerləşdiril­məsi qərara alındı və 500 çarpayılıq kardioloji xəstəxananın tikintisinə baş­lanıldı. 1974-ci ildə Bakı şəhərində Zaqafqaziya respublikaları üçün neyro­cərrahiyyə mərkəzinin təşkil olunması haqqında qərar qəbul olundu.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna, uzaqgörən xidmətlərindən biri də gənclərin Azərbaycandan kə­narda ali təhsil almasına yaratdığı şə­raitdir. Bunun nəticəsi idi ki, keçmiş SSRİ-nin 50-dən çox böyük şəhərinin 175-ə qədər nüfuzlu ali məktəblərində 250-dən çox ixtisas üzrə 15 mindən ar­tıq azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssis kimi hazırlandı. 

Heç şübhəsiz ki, uzaqgörənliyi, fitri istedadı, iti və dərin duyumu hesabına Azərbaycanın gələcək müstəqilliyi­ni proqnozlaşdıran ulu öndər Heydər Əliyev suveren dövlətçiliyimizin sosi­al-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı cid­di problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadr­ların hazırlanması sahəsində atdığı uzaqgörən addımların Ermənistanın təcavüzünə məhz qaldığımız zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq. Onu da qeyd edək ki, SSRİ dövründə ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərlə əsas­lanırdı. Sovet rəhbərliyi müsəlman-türk respublikalarında milli hərbi kadrların hazırlanmasına hər vasitə ilə mane olurdu. Amma 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış hərbi təmayüllü internat məktəbi təşkil olundu. 

Bu dövrdə Azərbaycan xalqının mənəvi dəyərlərinə böyük diqqət yeti­rilirdi. Nizami Gəncəvi, Əcəmi, Nəsimi, N.Tusi, M.P.Vaqif, Aşıq Ələsgər Üze­yir Hacıbəyov, Müslüm Maqomayev, Hüseyn Cavid və başqa görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. 

Hüseyn Cavid şəxsiyyət kimi Heydər Əliyevin həmişə diqqət mərkə­zində idi. Şair dramaturqun 90 illiyi təntənə ilə qeyd edildi, 100 illik yubi­leyi ərəfəsində Heydər Əliyevin çox cəsarətli səyləri ilə 1937-ci ildə “pan­türkist” kimi represiya olunmuş böyük Azərbaycan şairinin cənazəsi tapılmış, Qərbi Sibirdən Azərbaycana gətirilmiş və Vətəndə dəfn olunmuşdur. 

Heydər Əliyevin 1969-1982-ci il­lərdə Azərbaycanda həyata keçirdiyi uzaqgörən siyasətinin nəticəsi idi ki, bu illərdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddiala­rını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər. Lakin 1987-ci ildə Heydər Əliyev Sovet rəhbərliyindən uzaq­laşdırıldıqdan iki həftə sonra erməni təcavüzkarları Dağlıq Qarabağı Azər­baycandan ayırıb Ermənistana bir­ləşdirilməsi iddiası ilə kütləvi çıxışlara başladılar.

Heydər Əliyevin Azərbaycana rəh­bərliyi dövründə Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və milli dəyərlərini qoruyub saxlayan respublikaya çevrildi. Sonra­lar ulu öndər qeyd edirdi ki, “Azərbay­canını sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə ya­ranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır... Bu gün tam əminliklə söyləmək olar ki, Azər­baycanın dövlət suverenliyi və iqtisa­di müstəqilliyi... 1970-1981-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı poten­sialına əsaslanır”.

İbrahim ZEYNALOV,
Bakı Dövlət Universitetinin professoru

Sosial həyat