“Heydər Əliyev irsi – yeni sosial islahatlar”

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Heydər Əliyev və Azərbaycanda yeni sosial müdafiə sisteminin formalaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin nazirliyin foyesindəki büstü qarşısına gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

“Dəyirmi masa”da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şura­sının sədri Arif Rəhimzadə, hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri iştirak ediblər. 

Tədbir Dövlət Sosial Müdafiə Fondu­nun sədri Himalay Məmişovun “Heydər Əliyev irsi – yeni sosial islahatlar” möv­zusunda təqdimatı ilə başlayıb. Sahil Ba­bayev, Musa Quliyev və Arif Rəhimzadə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ölkəmizdə etibarlı sosial müdafiə siste­minin qurulması və inkişafı sahəsində misilsiz tarixi xidmətlərini qeyd ediblər. Bildirilib ki, ümummilli liderin 1993-cü il iyunun 15-də Azərbaycanın rəhbərliyinə qayıdışı ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqti­sadi və sosial böhrandan xilas edib. Ulu öndər tərəfindən Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi tə­min olunub. 

Ümumilikdə, 1995–2003-cü illər ər­zində respublikamızda pensiya və müa­vinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım olub, sosial sahədə qanunvericilik bazası yaradılıb. Şəhid ailələri və müha­ribə ilə əlaqədar əlilliyi olanlar üçün bir sıra sosial müdafiə, o cümlədən mənzillə təminat tədbirlərinə başlanıb.

Ümummilli lider Heydər Əliyevin uğur­lu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək sə­viyyədə davam və inkişaf etdirilməsi nə­ticəsində Azərbaycanın qazandığı tarixi uğurlar, 44 günlük Vətən müharibəsin­dəki möhtəşəm Zəfərimiz qeyd olunub. Ölkəmizdə aparılan ardıcıl sosial isla­hatlar, xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra olunaraq sosial ödənişlərdə ciddi artımlar edildiyi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələr­lə genişləndiyi, sosial sahədə innovativ həllərin geniş tətbiq edildiyi qeyd olunub.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat