Doğru yolu oğru yoluna çevirmək olmaz!

post-img

Uzun illər idi ki, hər orucluqda evimizdə cavabını bilmədiyim sual eşidirdim: Görəsən, əsgərlərimiz arasında oruc tutan varmı? Varsa, onlar növbədə olanda orucu necə açırlar? Sonra öyrəndim ki, hərbçilərimiz arasında oruc tutanlar var və onların ibadəti üçün hər cür şərait yaradılıb. 

Builki Ramazan günlərində isə bir yas mərasimində iştirak edən köhnə dos­tumuzdan maraqlı fikirlər eşitdim: “Əmim oğlu ekofəalların etiraz aksiyasında iş­tirak etdiyi günlərdə də orucunu davam etdirdi”. Yerdən səs gəldi ki, orada iştirak edən cavanlar bizim fəxrimizdirlər. 

Həmin məqamda mən dövlət başçı­mızın bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri xatırladım: “Laçın –Xankəndi yo­lunda etiraz aksiyası keçirən gənclər bi­zim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qar­lı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik ol­masını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separat­çılar dünyaya tamamilə yalan informasi­ya ötürməklə məşğuldurlar”.

Xatırladaq ki, artıq dörd aydan çoxdur ki, davam edən bu tədbiri bütün dünya Azərbaycan təbiətinə ekoloji ziyan vuran xarici şirkətlərin və Ermənistan iş adam­larının fəaliyyətinə etiraz edən könüllülə­rin aksiyası kimi qəbul edir. Ermənistan və onun havadarları isə vay-şivən qopa­rırlar ki, Xankəndi guya blokadaya alınıb. Ancaq heç bir dəlil-sübutları yoxdur. Bu dörd ayın hər günündə həmin yoldan həm rus sülhməramlılarının, həm Bey­nəlxalq Qızıl Xaç Komitəsinin avtomobil­ləri, həm də humanitar məqsədli nəqliy­yat vasitələri tam sərbəst şəkildə istifadə edirlərsə, hansı dəlil-sübutları ola bilər? Artıq beynəlxalq aləmdə hamı görür ki, ermənilərin iki əsrdən bəri davam edən çoxsaylı yalanlar seriyasına absurd “blo­kada” riyakarlığı da əlavə edilib. 

Dövlət başçımız hələ yanvarda de­mişdi ki, orada blokadadan söhbət gedə bilməz. Çünki qısa müddətdə həmin yol­dan sülhməramlıların dörd yüzə yaxın yük avtomobili keçmişdir. Fikir verin, aksiyalar dekabrın 12-də başlanmışdı. Cənab Prezident isə oradan 400 avto­mobilin keçdiyini yanvarın 10-da – yəni aksiyanın başlanmasından heç bir ay öt­məmiş deyirdi. Bir ayda dörd yüz maşın keçibsə, bunun harası blokada oldu? 

Azərbaycan tərəfi aksiya keçirilən əraziyə dəfələrlə xarici siyasətçiləri, dip­lomatları, mətbuat təmsilçilərini aparıb. Hamı görür və etiraf edir ki, yol humani­tar məqsədli nəqliyyat vasitələri üçün tam açıqdır. Ermənistan və ermənipərəst da­irələr isə hələ də feyk məlumatlar yayır­lar ki, guya, Azərbaycan aksiya keçirilən yerdə yolu tam bağlayıb. Dövlət başçımız “blokada” adıyla dünya ictimaiyyətini al­datmağa çalışanları fakt qarşısında qo­yur: “Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışır­dı. Hətta İran maşınları üzərinə saxta er­məni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”.

Xatırladaq ki, ekofəalların aksiyası­nın hələ ilk ayındaca İspaniyanın “EFE” xəbər agentliyi, “swissinfo.ch” portalının ispandilli versiyası, həmçinin Argentina­nın “infobae” saytında Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissə­sində ekofəalların etiraz aksiyası barə­də materiallar dərc olunmuşdu. Orada göstərilirdi ki, Rusiya sülhməramlıları hə­min yolda sərbəst hərəkət edirlər. Bütün bunlara baxmayaraq, İrəvan rəhbərliyi Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi ki, Azərbaycan tərəfi Xankəndini blokadaya alıb. Guya, bu aksiya saxta­dır və iştirakçılar Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Ermə­nistan bu yalanlarla məhkəməyə müra­ciət edərək, aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi.

Son zamanlar bütün cəhdləri boşa çıxan Ermənistan həmin məhkəmədən də bəhrələnə bilmədi. Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il ta­rixli qərarında məhkəmə Ermənistanın vəsatətini də, aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv etmişdir. Daha nə istəyirsiniz?

Buna baxmayaraq, Ermənistan si­yasətçiləri “blokada” nağılından əl çək­mək istəmədikləri kimi, işğalçı ölkənin mətbuat təmsilçiləri də “əsaslandırılma­mış” ifadəsindən çox möhkəm yapışıblar. Elə bir gün olmur ki, erməni mətbuatında “Azərbaycanın Artsaxa əsaslandırılma­mış iddiaları”, “Xankəndi –Laçın yolunda əsaslandırılmamış aksiya”, “Əliyevin bey­nəlxalq tribunalardan əsaslandırılmamış çıxışı”, Azərbaycan Müdafiə Nazirliyinin əsaslandırılmamış məlumatı”, “Ankara­nın Bakıya əsaslandırılmamış köməyi” kimi cəfəng iddialar səsləndirilməsin. 

Məlum məsələdir, gündən-günə itirə-itirə gedirlər. Ona görə də artıq baş­larını da itirirlər. Yoxsa, bu qədər “əsas­landırma”ya nə ehtiyac vardı ki? 

Sonda xatırladaq ki, AzTV-nin Şuşa­dakı xüsusi müxbiri hər axşam oradan verdiyi məlumatda deyir: “Təəssüf ki, bu gün də aksiya öz müsbət nəticəsini ver­mədi. Ancaq ekofəallarımızın mübarizəsi davam edir”. 

Mən bu sətirlərin sonunda üzümü hə­min müxbirə tuturam: Tələsmə, həmkar! Həmin müsbət nəticə uzaqda deyil! Doğ­ru yolu isə oğru yoluna çevirməyə imkan verilməyəcək.

İ.QAÇAYEV, “Xalq qəzeti”

Siyasət