“Daşlar ölkəsi“ni daş kimi diyirlədirlər

post-img

Üzləşdiyi problemlərin “həlli” üçün özünə arxa-dayaq tapmaq ümidilə Fransanın, Amerikanın, İranın, Rusiyanın, Hindistanın və hələlik bilmədiyimiz daha haraların qapısını döyən rəsmi İrəvanın etdiyi faydasız cəhdlərin tükənəcəyi gün yaxınlaşmaqdadır. 

Hayastan regional alətə çevrilib

Rəsmi İrəvan dünənə kimi ona hi­mayədarlıq edən ölkələr və qurumlar tərəfindən tərk edilmiş, ən yaxşı halda, bölgədə öz maraqlarını güdən aktorla­rın əlində "regional alətə" çevrilib. Çün­ki həmin ölkələr Ermənistan rəhbərli­yinin “sürüşkən” mövqeyinə dəfələrlə şahidlik etdiklərinə görə onlara yalnız dividend gətirən Bakı ilə münasibətləri­nin pozulmasında qəti maraqlı deyillər. Azərbaycanın konkret, şəffaf və ədalət­li mövqeyinin qarşısında sərgilədiyi yalançı, təhrifçi və avantürist hərəkət­ləri ilə özünü beynəlxalq dəstəkdən də məhrum etmiş Hayastanın bir çıxış yolu qalır: sülhə gəlmək. 

Bu sülh təklifini ona Cənubi Qafqaz­da reallığı dəyişən, regionun şəriksiz lideri olan, indi həmin “köhnə qitə”nin etibarlı enerji partnyoru rolunu oynayan Bakı edir. Əgər İrəvan sülh prosesinin bundan sonrakı mərhələsində mövqe­yini bu reallığa uyğun qursa, son nə­ticədə hamıdan çox özü qazanacaq. Bunu baş nazir Paşinyan da yaxşı başa düşür, sadəcə o, münaqişənin davam etməsində maraqlı olan erməni lobbisinin, diasporunun, daxildəki re­vanşist-ekstremist qüvvələrin təzyiqləri altında müstəqil qərar qəbul edə bilmir. Belə davam edərsə, yenə təxribatlar törədiləcək, yeni qurbanlar qaçılmaz olacaq? 

Bəs, bu bədbin perspektiv kimə sərfəlidir? Əlbəttə ki, ilk növbədə, İrana. Son vaxtlar həm Ermənistana zəhərli təzyiqlərini, həm də anti-Azər­baycan siyasətini gücləndirən Tehra­nın İrəvandan regionu qeyri-sabitlik burulğanında saxlamaqdan ötrü alət kimi istifadə etməsi göz qabağındadır. Əks təqdirdə Hayastan hərbi gücünə və siyasi iradəsinə əyani bələd olduğu Azərbaycana qarşı 11 aprel tipli təxri­batlara cürət eləməzdi. 

Cəsarətsizin isə yalandan silah kimi istifadə etməsi təəccüb doğurmamalı­dır. Bu məqamda yadımıza tanınmış gürcü alimi İlya Çavçavadzenin 1902-ci ildə Tiflisdə dərc olunan “Erməni alimləri və ağlayan daşlar” əsəri düşür. Müəllif hələ XIX əsrdə erməni yalan­larının Rusiya, Avropa və Qafqazda “ayaq tutub yeridiyin”dən, hayların “Bö­yük Ermənistan” iddiasından bəhs edir. Üstündən iki əsr keçib, amma hay zeh­niyyəti hələ də dəyişməyib. 

Artıq bütün kartlar masanın üstündədir

Beynəlxalq təşkilatların eqidası al­tında "təhlükəsizlik zəmanəti" qazan­mağa çalışan İrəvanın bu ümidləri də boşa çıxdı. Axı, ABŞ və Qərbin böyük gücləri kimi, nüfuzlu BMT, ATƏT, Aİ qu­rumları da "buqələmun" xarakterli Er­mənistana görə Azərbaycanla normal münasibətlərini korlamaq fikrində deyil. Əksinə, Cənubi Qafqazda şəriksiz ge­osiyasi iradə sahibi olan, Avropa İttifaqı üçün önəmli enerji resursları qaynağı­na çevrilmək potensialına sahib Azər­baycanla strateji tərəfdaşlıq ABŞ və Qərb üçün daha vacibdir. Azərbaycan Cənubi Qafqazda cərəyan edən pro­seslərə nəzarət edə bilmək qüdrətini birmənalı şəkildə ortaya qoyub. Həm də bunu atdığı konkret addımları, müa­sir dünyanın çağırışlarına səs verməsi, etibarlı və ədalətli tərəfdaş olması ilə sübuta yetirib. Qarabağ məsələsində isə heç bir güzəştə getməyəcəyini, öz prinsiplərindən geri addım atmayaca­ğını hamının diqqətinə aydın şəkildə çatdırıb. Məhz belə ardıcıl və sağlam diplomatiyasına görə hətta Azərbay­canın rəqibləri, Cənubi Qafqazda nü­fuz davası edən, regiondan kənardakı aktorlar da Bakının mövqeyinə hör­mətlə yanaşmaq məcburiyyətində qa­lıblar. Çünki həmin aktorların İrəvanın üzərindən etdiyi geosiyasi manevrləri Azərbaycanın barışmaz reaksiyası ilə üzləşir. 

İndi bütün “oyunçuların” bəli olduğu Qarabağ, eləcə də Cənubi Qafqaz si­yasi podiumunda qapalı pərdə qalma­yıb, kartlar masa üzərindədir.

Zəngəzur dəhlizinin alternativi yoxdur 

İrəvanın daha çox cənub qonşu­sunun təhriki ilə imzalamaqdan boyun qaçırdığı Zəngəzur dəhlizi layihəsi kimi, 2020-ci il 10 noyabr üçtərəfli Bə­yanatında yer almış, iki ölkə arasında sərhədlərin delimitasiya və demarka­siyasını nəzərdə tutan öhdəliyi yerinə yetirmək istəməməsi də kənar təhdid və təzyiqlərin nəticəsidir. Münaqişənin son nizamlanması mərhələsində va­sitəçiliyi boynuna götürən Moskvanın sülh sazişi ilə yanaşı, bu məsələdə də İrəvana ünvanlanan çağırışları fayda vermir. 

Güman edirik ki, Zəngəzur dəhlizi­nin bölgə dövlətlərinin hamısı üçün fay­dalı olacağına diqqəti çəkən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu­nun bu günlərdə “Haber Türk”ə verdiyi açıqlaması İrəvanda da maraqla qar­şılanıb. M.Çavuşoğlu deyib: “Hərtərəf­li sülh sazişini imzalamaqla, yolların bərpasına və yenilərinin çəkilməsinə (Zəngəzur dəhlizi -red.) başlamaqla mövcud gərginliyi aradan qaldırmaq vacibdir. Bu, Ermənistanın özünün xeyrinədir”. Türkiyəli nazir İrandan keçməklə Azərbaycandan Naxçıvana yolun olmasının əhəmiyyətini də vur­ğulayıb: “Biz bu layihəni dəstəkləyirik, çünki riskdən yayınmaq üçün həmişə alternativə ehtiyac var”. 

Sərlövhədə “daşlar ölkəsi”ni futbol topuna bənzətməklə daş dövrünün təfəkkür tərzindən əl çəkə bilməyən Hayastan rəhbərliyinə ironiya ilə anlat­mağa çalışmışıq ki, daşı ətəyindən tök­məyəndə o daş qayıdıb başa dəyir... 

Yeganə HACIYEVA,
politoloq

İrəvanın son zamanlar yürütdü­yü siyasət, Paşinyanın açıqlama­ları yeni təxribatların anonsu kimi səslənir. Bu açıqlamalar bir neçə istiqamət üzrə hakimiyyətin aqres­siv ritorikasını artan xətt üzrə inkşaf etdirir. Paralel olaraq Paşınyan və hökuməti Bakının irəli sürdüyü bü­tün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarını artırıb və s. Onun uzun müddətdir sərgilədiyi mövqeyi üç­tərəfli Bəyanat çərçivəsində bütün razılaşmaların pozulması, hətta həll olunmuş məsələlərin şübhə al­tına alınması gərginliyin artmasına xidmət edir.

Ümumiyyətlə, Paşinyan və Er­mənistan hakimiyyətinin Azərbay­canla danışıqlar çərçivəsində möv­cud problemlərin həllinə konseptual yanaşması yoxdur. İrəvanın son mesajları Azərbaycanla yanaşı, Cənubi Qafqaz kimi strateji region­da sülh və sabitliyin bərqərar olma­sına çalışan diğər maraqlı tərəfləri, beynəlxalq qurumları da narahat edir. Aİ bölgədə sülh və tərəqqinin işlək formatı sayılan, 2020-ci il no­yabrın 10-da imzalanan üçtərəfli Bəyanatın bəndlərini və onun ic­rası üçün müəyyənləşdirilən prin­sipləri qəbul etsə də, onun erməni lobbisinin və Fransanın vasitəçiliyi ilə regiona göndərilmiş mülki mis­siyası Ermənistan və Azərbaycan arasında münasibətləri normallaş­dırmaq əvəzinə, gərginləşdirmək­lə məşğuldur. Rusiyanın strateji hərbi tərəfdaşı olan Ermənistan həm də NATO təlimlərində iştirak edir, alyansın üzvü Yunanıstanla hərbi təlimlər keçirir. Amma özəyin­də Rusiyanın dayandığı KTMT-nın təlimlərinə ev sahibliyindən imtina edir. Paşinyan ATƏT-in sədri ilə görüşdə sərhədin delimitasiyası və regional məsələlərin müzakirə­sinə hazır olduğunu deyir, amma ATƏT PA-nın sessiyası ərəfəsində sərhəddə hərbi təxribat törətmək­dən çəkinmir və s. Paşınyan ciddi konfrantasiyada olan bütün qrup­larla çarpaz əməkdaşlıq etsə də, bu proseslərdən hansısa nəticənin hasil olması mümkün deyil.

İmran BƏDİRXANLI,
“Xalq qəzeti”



Siyasət