Dondurulmuş insanlar diriləcəkmi?

post-img

Dünyada bir gün diriləcəyini gözləyən 250-dən çox dondurulmuş insan var. Onlar əsasən, xəstə insanlardır. Hazırda müalicəsi olmayan xəstəliyə tutulan insanların əksəriyyəti hesab edirlər ki, bir gün həmin xəstəliyin müalicəsi tapılacaq və onlar oyanıb həyat uğrunda mübarizəyə davam edəcəklər. İlk dondurulmuş insan xəstəlikdən əziyyət çəkən Kaliforniya Universitetinin psixologiya üzrə professoru, 73 yaşlı Ceyms Betforddur. O, artıq 51 ildir dondurulmuş vəziyyətdə saxlanılır. Professor 1967-ci il yanvarın 12-də dondurulub. O, ağciyər xərçəngindən əziyyət çəkirmiş. Artıq xərçəng hüceyrələrinin ağciyərlərinə yayıldığını biləndən sonra dondurulması barədə qərar verib. Onun bədəni mənfi yüz doxsan altı dərəcədə olan maye azotda, xüsusi hazırlanmış “krio” adlı dəmir silindrdə saxlanılır. 

Bəs insan necə dondurulur? Bütün bu proseslərə başlamazdan əvvəl da­marlarda olan qan boşaldılır. Sonra bu insanların bədəninə “antifriz” adlanan və bütün orqanları qoruyan kimyəvi qarışıq doldurulur. Donmaq üçün hazırlanan bə­dən yuxarıda adını çəkdiyimiz dəmir si­lindrin içərisinə yerləşdirilir. 

Hesablamalara görə, ABŞ-da bü­tün bədəni 200 min dollara, tək başı isə səksən min dollara dondurmaq müm­kündür. Sadəcə, başlarını donduran in­sanlar gələcəkdə bir bədənə sahib ola bilməsələr də, beynindəki məlumatları bir robotun üzərinə köçürə biləcəklərinə inanırlar. 

Lakin bir qrup mütəxəssis bildirir ki, bu mexanizm heç bir işə yaramır. Həmin insanları diriltmək mümkün olmayacaq. Onların fikrincə, xəstə insanları bu yolla aldadaraq onlardan qazanc üçün istifadə edirlər. Lakin insanları donduran şirkətlər bu iddiaları qəbul etmir. 

Qeyd edək ki, insanları gələcəyə saxlamaq niyyəti ilə dondurmaq fikri ilk dəfə 1960-cı ildə meydana gəlib. O vaxtdan bu günə qədər dondurulma ilə bağlı mexanizmlər sürətli şəkildə inkişaf etməyə başlayıb. Belə ki, alimlər insanı artıq diri-diri yox, ölən kimi dondurmağın və gələcəkdə diriltməyin mümkün oldu­ğunu qeyd edirlər. Buna görə də dünya­da 1500-dən çox insan öldükdən sonra dondurulmasına razılıq verilməsi üçün bəzi şirkətlərlə müqavilə imzalayır. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat