Görkəmli türkoloq alim Minaxanım Təkləlinin “Türkoloji etüdlər” kitabının Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda təqdimatı olub.
Bakı Mühəndislik Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzinin professoru, AYB üzvü Minaxanım Təkləli ümumtürk mədəni irsi ilə bağlı ciddi araşdırmalar aparır, yorulmaz səylər göstərir. Sözügedən kitabın ərsəyə gəlməsi buna daha bir sübutdur.
Tədbirdə Əməkdar elm xadimi Tofiq Məlikli kitab haqqında məlumat verərək, onun türkologiya və dilçilik baxımından dəyərli nəşr olduğunu bildirib. Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir M.Təkləlinin böyük türkçülük sevdasından bəhs edib və onun öz kitabları ilə bütün türk dünyasına, türkçülüyə elmi xidmət göstərdiyini vurğulayıb. Yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güney Minaxanım Təkləlinin bu araşdırmalarının təqdirəlayiq olduğunu qeyd edib. Digər natiqlər də kitab haqqında öz fikirlərini bölüşüblər.
Professor Minaxanım Təkləli təqdimata toplaşanlara təşəkkür edərək bildirib ki, bu kitabda araşdırmalarının əsasını bir çox rus sözlərinin, dövlətçilik ənənələrinin, dövlət atributları və simvollarının türkcədən gəlməsi, türk köklü olması təşkil edir.
Ə.ƏLİYEV, “Xalq qəzeti”