Elmi tədqiqatlar sübut edib ki, insanların 25 faizə qədəri onkoloji xəstəlikdən dünyalarını dəyişir. Onkoloji xəstəliyə fillər, goreşənlər istisna olmaqla, nadir hallarda heyvanlarda da rast gəlinir. Alimlər heyvanlar üzərində apardıqları bir çox tədqiqatlarla canlıları onkoloji xəstəliklərdən qoruyan amilləri aşkar ediblər.
2015-ci ildə Çikaqo Universitetinin genetiki Vinsent Linç fillərdə, eynilə insanlarda olduğu kimi 1–2 növ yox, xərçəng əleyhinə olan TP53 geninin 20 növünü müşahidə edib. Alimlər, həmçinin öyrəniblər ki, fillərin geninin istehsal etdiyi zülallar insanlarınkına nisbətən daha keyfiyyətlidir. ABŞ və İsrailin bu işlə məşğul olan elm adamları artıq fillərin geni əsasında nəinki xərçəngi müalicə edən, hətta onun yaranmasını və inkişafını gecikdirən preparat hazırlamağa başlayıblar.
Uzun illər qocalıq əlamətlərinin və onkoloji xəstəliyin hakim rolunun təsir etməməsi üzrə tədqiqatlar aparılması goreşənlərin ideal obyekt olmasını bütün dünyada zəruri edib. Kembric Universitetinin tədqiqatçıları tüksüz goreşənlərin müxtəlif orqanlarından 79 nümunə götürüblər. Onlar bu nümunələri siçan və siçovullarda xərçəng yarada bilən onkoloji hüceyrələrlə yoluxdurub sağlam siçanlara, siçovullara və goreşənlərə yeridiblər. Nəticədə, siçanlarda bədxassəli xərçəngin inkişaf etdiyi aşkarlanıb, digər gəmiricilərdə yox. Alimlər hazırda “pis” hüceyrələri vaxtında aşkarlayıb məhv edən goreşənlərin immun sistemi üzərində tədqiqatlara başlayıblar.
Goreşənlərin müxtəlif növlərinin (zolaqlı kaftar, adi kaftar, tüksüz goreşən və s.) nəslindən olan uzaq “qohumları” praktik olaraq xərçəngə tutulmurlar. ABŞ-ın Roçester Universitetinin alimləri belə nəticəyə gəliblər ki, əsas məsələ onlarda xüsusi IFN-beta zülalının olmasındadır. Sağlam hüceyrələrə xərçəng transfer edəndə orqanizmdəki həmin zülal özünəxas məhvetmə proqramını işə salır. Həm də bu, onunla əlaqəlidir ki, siçanlar 1–1,5 il yaşayırlarsa, goreşənlər 30–40 il ömür sürürlər və onların müdafiə sistemi daha güclüdür. Həmçinin goreşənlərin hüceyrələrində nuklein turşularının səviyyəsi siçanlara nisbətən daha yüksək olduğundan onları xəstəliklərə qarşı dözümlü edir və viruslara yoluxmaqdan qoruyur.
Bəs insanlarda?.. Onkoloq Arzu Əliyeva bildirir ki, onkoloji xəstələrin 15 faizi xərçəng genlərini valideynlərindən miras olaraq alır və öz uşaqlarına ötürə bilir. Xərçəng erkən diaqnoz qoyulduqda yüksək müalicə nəticəsi verən xəstəlik qrupuna aiddir. Xəstəlik inkişaf etmədən qabaqlayıcı tədbirlərin alınması əsl hədəfdir. Bu səbəbdən xərçəng xəstələrinin mütləq şəkildə irsi meyilliliyi araşdırılmalıdır.
Xərçəngin diaqnostikası və müalicə alqoritm üsulları çox sürətlə dəyişir. İrsi olub-olmamasına baxmayaraq, artıq xərçəng xəstələrində geniş gen panelləri araşdırılır və bu genetik nəticələrə əsasən xəstəyə tətbiq ediləcək müalicə variantları “hər şəxsə özəl” olaraq təyin edilir.
Əvvələr xərçəngin müalicəsi patoloji müayinədən çıxan mikroskopik nəticələrə görə aparılırdısa, indi, ilk növbədə, genetik analizlərin nəticəsinə əsaslanaraq, icra olunur. Hazırda hətta ilkin mərhələdə olan xərçənglərdə belə genetik testlərin köməyi ilə müalicəni asanlaşdıran və həyat keyfiyyətini yaxşılaşdıran “ağıllı dərman hədəfi” var. Bu isə müalicə prosesini daha asan edir.
Bütün xəstəliklərin əsas səbəbi immun sisteminin zəifləməsidir. Hətta irsiyyətində xərçəng hüceyrələri olan minlərlə insan var ki, müdafiə sistemi yüksək səviyyədə olduğundan onlarda xəstəlik özünü göstərmir. Ona görə də hər kəs özünün həkimi olmalı, nəyi yeyib-içdiyinə diqqət etməlidir.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”