İnsanların sağlamlığının qorunması, bərpası dövlətin kifayət qədər nəzarətdə saxladığı məsələdir. Təsadüfi deyil ki, ölkəmizdə sanatoriya-kurort və istirahət evləri, turizm obyektləri şəbəkəsi get-gedə genişlənir, yenidən qurulur.
Belə mərkəzlərdən biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort “ QSC-nin Mərdəkanda yerləşən “Günəşli” nevroloji sanatoriyasıdır.
Bura əsasən mərkəzi sinir sistemi ilə bağlı problemləri olan xəstələrin reabilitasiyası üzrə fəaliyyət göstərir.
Sanatoriyanın yerləşdiyi məkan, iqlim müalicə üçün çox əlverişlidir. Füsunkar təbiət sanki, sanatoriya kollektivinin – həkimlər, tibb bacıları və köməkçi-texniki personalın fədakarlığı ilə vəhdət təşkil edir. Nəticədə xəstələrin sağlamlıqları uğurla bərpa edilir. Sanatoriyanın baş həkiminin müalicə üzrə müavini Fatma Quliyeva, kardioloq Adil Ağadadaşov, nevropatoloqlar Qumru Abdullayeva və Heydər Şirəliyev, psixoterapevt Sabir Mehdiyev, tibb bacıları Şəlalə Cəfərova, Zülfiyyə Əliyeva,Valentina Tumanova, Kəmalə Kazımova, Aygün Dadaşova, Aynurə Sadıqova, Sahilə Abdulova, Pirayə Abdulova, Solmaz Əliyeva və Guldanə Rəhimova kollektivin aparıcı qüvvələridir. Təcrübə və bacarıqları, insanpərvərlikləri ilə nümunədirlər. Bu sıraya xidmətçi Züleyxa Məmmədovanı da qoşardıq. Qayğıkeşliklə hər kəsin köməyinə çatır. Fiziki qüsurlu, zəif xəstələrə duş qəbuluna qədər yardımçı olur.
Son zamanlar sanatoriya üçün mütərəqqi tibbi cihaz və avadanlıqlar alınmış, iş prosesi tamamilə kompüterləşdirilmişdir. İşçilərin texniki, professional bilik səviyyəsinin artırılmasına xüsusi fikir verilir. Sanatoriyada qida məsələsi ciddi nəzarətdədir.Yeməkxanada verilən təamlar çeşidinə və keyfiyyətinə görə standartlara tam uyğundur. Burada müalicə alan xəstələrin asudə vaxtının səmərəli keçməsi məqsədilə mədəni-kütləvi tədbirlər təşkil olunur. Musiqili-bədii, şeir gecələri keçirilir. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirləri dinləyicilər maraqla izləyirlər.
Burada müalicə alan qələmdaşımızlarımız – Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, AYB üzvü, Sumqayıt şəhər Ağsaqqallar şurası sədrinin birinci müavini Ofeyla Babayeva, Əməkdar mühəndis və dramaturq Akif Zeynalov minnətdarlıq məktubunda onların da adını çəkməyimizi xahiş etdilər. Ümumi fikrimiz bu oldu ki, nə yaxşı, pespublikamızda beynəlxalq miqyasda rəqabət aparmağı bacaran belə sağlamlıq ocaqları var.
Süleyman HÜSEYNOV,
İbrahim HACIYEV,
AYB üzvləri