Göyçə nisgilli bayatılar

post-img

Azərbaycan şifahi xalq yaradıcılıq nümunələri zəngin mənəvi sərvətimiz olmaq etibarilə, bütövlükdə, xalqımızın dünyagörüşünü, həyata baxışını, psixologiyasını, məişət tərzini və s. əks etdirmək baxımından önəmli bədii irsdir. Sorağı minillərdən gələn və indinin özündə də davam edən bu estetik proses xalqın şifahi bədii təfəkkürünün və zövqünün yüksəkliyini təsdiqləmişdir. Bu nümunələr həm də xalqımızın qan yaddaşıdır, tarixinin bədii salnaməsidir.

Xalq ədəbiyyatına meyilli bir şəxs kimi mən də bu ədəbiyyatın ayrı-ay­rı nümunələrinin toplanmasına uzun müddət maraq göstərmişəm. 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla doğma ra­yonum olan Lerikin Zuvand mahalının Kəlvəz kəndində müəlllim işləmişəm. Elə o vaxtlarda da yaşlı nəslin sinəsin­də qərar tutan xeyli folklor nümunələri­nin toplanmasına nail olmuşam. 

Respublikanın Qəmərşah Cava­dov kimi tanınmış alimləri ilə yanaşı, xalq ədəbiyyatına ürəkdən bağlı olan ayrı-ayrı adamların mənə göndərdiyi məktublar məni sevindirmiş və bu işə həvəsimi artırmışdır. Qərbi Azərbay­canın Göyçə mahalından da o zaman mənə bir neçə məktub göndərilmişdi. Göyçə mahalının Qoşabulaq kəndin­dən Nadirovlar soyuna mənsub 10 nəfər şəxsin yazdığı məktub isə diqqə­timi daha çox cəlb etmişdi. Onu da qeyd edim ki, həmin şəxslərlə əlaqələr saxlamış və məktublaşaraq topladı­ğımız xalq ədəbiyyatı nümunələrini bir-birimizə göndərmişik.

Nadirovların mənə ən səmimi hiss­lər və Azərbaycan təəssübü ilə 14 yan­var 1987-ci ildə yazdıqları məktubu yenidən oxuyarkən həyəcanlanmaya bilməzdim. Onların toplayıb göndərdiyi bayatıların böyük əksəriyyətinə hakim olan yurd sevgisini, parçalanmış Azər­baycan ağrısını, qəribçilik duyğularını və s. bir dərd kimi yaşadım. Etiraf edim ki, göndərilən bayatıların indiki təsiri əvvəlkindən daha fərqli və güclü oldu. Bu bayatılarda, sanki, onların başları­na bir il sonra gətiriləcək müsibətlər­dən, dədə-baba torpaqlarından qovu­lacaqlarından, yurdlarında bayquşlar ulyacağından qabaqcadan, fəhmlə xə­bərdar olduqlarının harayını gördüm:

Göy çəməni

Şeh bəzər göy çəməni

Hansı məkanda olsam

Haraylar Göyçə məni.

Bugünün gözü ilə baxanda bayatı­larda yurd həsrəti, vətən ayrılığı və par­çalanma faciəsini özündə əks etdirən iki amil diqqəti cəlb edir. Bunlardan biri Azərbaycanın şimalı ilə cənubunu ayı­ran sədd kimi qəbul olunan Araz çayı­na müraciət və etirazdır:

Əzizinəm xan Araz

Sultan Araz, xan Araz.

Vətənlə görüşüm var.

Gəl eyləmə qan, Araz.

Parçalanma reallığı ilə barışmayan, birlik təmənnasında olan xalq yeni fə­lakət və müsibətlərə düçar oldu: millət Qərbi Azərbaycan itkisinə məruz qaldı. Lakin bu gün yarasından qan axan, düşmən tapdağı altında inləyən bu tor­paqlara xalqın sevgisi və bağlılığı daha qüvvətli və güclüdür: 

Köksümü dağ eylərəm,

Əridib yağ eylərəm.

Qərib düşsəm, yurdumu

Min il soraq eylərəm.

Heç şübhəsiz, bu bayatılar haqqın­da geniş yazmaq, onları misra-misra təhlil edib, dəyərləndirmək də olar. On­ları mənə göndərən Göyçə mahalının Qoşabulaq kəndinin sakinlərinə – Na­dirovlara minnətdarlığımı bildirirəm. Qədim Göyçə torpağından vaxtı ilə göndərilən həmin bayatıların bir qismi­ni “Göyçə sovqatı” kimi ilk dəfə oxucu­lara ərməğan edirəm. 

 

Əzizim göy çəmənə,

Şeh düşdü göy çəmənə.

Ələsgəri səslədim,

Səs verdi Göyçə mənə.

Göyçə mənim,

Göy yurdum, göy çəmənim.

Laylamı özü çalıb,

Anamdı Göyçə mənim.

Araz boyu sədd oldu,

Sevincimə hədd oldu.

Hicran səbrimi qırdı,

Nə çəkilməz dərd oldu. 

Lala yalqız,

Gül qoşa, lala yalqız.

Qorxuram qərib öləm,

Cənazəm qala yalqız.

Əzizinəm qəmdə gül,

Qəmdə danış, qəmdə gül.

Ağ gündə gülən könül,

Hünərin var, qəmdə gül.

Salma bu dərdə məni,

Vermə namərdə məni.

Qurtar namərd əlindən,

Yetir bir mərdə məni.

Köksümü dağ eylərəm,

Əridib yağ eylərəm.

Qərib düşsəm, yurdumu,

Min il soraq eylərəm.

 

Elman QULİYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Sosial həyat