Qərbi Azərbaycan İcması BMT-dən ədalətli qərar gözləyir

post-img

Xəbər verdiyimiz kimi, bugünlərdə Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib. İcmanın rəhbəri, Milli məclisin deputatı Əziz Ələkbərli həmin müracətlə bağlı qəzetimizə açıqlamasında aşağıdakıları söylədi:

–Biz bu məktubu BMT-nin Baş ka­tibi Antionio Quterreşə Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT mis­siyası göndərmək üçün ünvanlamışıq. Mək­tubda qeyd etmişik ki, 1989-cu ildə yaradıl­mış təşkilatımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Müraciətimizdə bildirmişik ki, azərbay­canlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Qərbi Azərbaycandan – Ermənis­tanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb. Etnik təmizləmə nəticə­sində Ermənistanda bir nəfər belə azərbay­canlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib.

Daha sonra göstərmişik ki, azərbay­canlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə al­saq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannamə­sində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm bey­nəlxalq aktlarda təsbit olunmuş geri qayıt­maq hüququna əsaslanaraq, biz öz evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağa can atırıq.

BMT Baş katibinin nəzərinə çatdırmışıq ki, Qərbi Azərbaycan İcması dinc, təhlükə­siz və ləyaqətli qayıdış konsepsiyasıı hazır­lamış və həmin sənəd A/77/801-S/2023/134 və E/2023/53 saylı qeydiyyat nömrələri ilə BMT Təhlükəsizlik Şurasının, Baş Assamb­leyanın və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılmışdır.

Digər oxşar vəziyyətlərdə olduğu kimi, Ermənistandan qovulmuş azərbaycanlıların könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı­na şərait yaratmaq üçün əsaslı beynəlxalq töhfə gərək olduğunu vurğulayaraq daha sonra qeyd etmişik: “Geri qaytarma ən yaxşı şəkildə müvafiq beynəlxalq hüquqi razılaşma çərçivəsində baş verdikdə təmin edilir. Qayıdış prosesi beynəlxalq ictima­iyyətdən müvafiq təhlükəsizlik, humanitar və sosial-iqtisadi yardım tələb edəcək. Geri qayıtmış əhalinin yenidən qovulmasının, onlara qarşı ayrı-seçkiliyin və zərərin qar­şısını almaq üçün beynəlxalq sülhü qoruma, monitorinq, hesabatlılıq, müdaxilə və digər zəruri fəaliyyətlər zəruri olacaq. Qayıdanla­rın davamlı reabilitasiyasını və yenidən in­teqrasiyasını təmin etmək üçün beynəlxalq nəzarət altında müvafiq yenidənqurma və barışıq tədbirlərinə ehtiyac duyulacaq”.

Onu da bildirmişik ki, bizim təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun təmin edilməsinə dair Ermənistandan qanuni tələ­bimiz bu ölkənin ərazi bütövlüyünə və ya suverenliyinə xələl gətirəcək şəkildə yan­lış tövsif edilə bilməz: “İnsan hüquqlarına əsaslanan ədalət və barışığa nail olmaq üçün dialoqa başlamaq xahişi ilə biz birbaşa Er­mənistan hökumətinə müraciət etmişik. Biz insan hüquqlarına və insanların qanun qarşı­sında bərabərliyinə inanırıq. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam et­məsidir. Bu, beynəlxalq sülhün və təhlükə­sizliyin qorunmasına heç cür yardım etmir”.

Odur ki, Dünya Birliyinin rəhbərindən xahiş edirik ki, BMT-nin Baş katibi kimi xoş niyyətləri ilə bizim işimizə dəstək olsun və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermə­nistana göndərəsin:

–ümumi vəziyyəti qiymətləndirmək, təhlükəsiz və ləyaqətlə könüllü qayıdışa əlverişli şəraitin yaradılması üçün addımlar müəyyən etmək;

–beynəlxalq humanitar yardım və uzun­müddətli reabilitasiya, reinteqrasiya proq­ramları kimi repatriasiya prosesinin ehti­yaclarını müəyyən etmək;

–geri qayıdan azərbaycanlıların hüquq­larını, azadlıqlarını və təhlükəsizliyini, on­ların reinteqrasiyasını təmin etmək üçün Ermənistanın həyata keçirməli olduğu qa­nunvericilik və icraedici tədbirləri, habelə barışığa nail olmaq üçün atmalı olduğu ad­dımlarını müəyyən etmək; 

–Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək, zərər vurulmuş və məhv edilmiş irs nümunələrinin bərpası üçün tələb olunan addımları müəyyən etmək;

–azərbaycanlılara məxsus qanunsuz zəbt olunmuş əmlakın inventarlaşdırılması­nı aparmaq;

–münaqişənin Ermənistandakı evlərini tərk etməyə məcbur qalmış etnik azərbay­canlıların hüquqlarına təsiri barədə məlu­mat toplamaq;

- Ermənistanın qovulmuş azərbaycanlı sakinlərinin bu ölkədəki evlərini, qəbiris­tanlıqlarını, müqəddəs yerlərini və mədəni irsini ziyarət etmələrinə imkan yaradan eti­mad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək;

–repatriasiyanın dəstəklənməsi məqsədi ilə beynəlxalq aləmin mümkün təhlükəsiz­lik rolunu müəyyən etmək üçün təhlükəsiz­lik vəziyyətinin texniki-səhra qiymətləndir­məsini həyata keçirmək.

Sonda bildirmişik ki, maraqlı tərəf ola­raq, biz Ermənistandan qovulmuş azərbay­canlıların geri qayıtmaq hüququnun təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsində BMT ilə qarşılıqlı əməkdaş­lıq etməyə və bununla da regionda ədalətin, sülhün və təhlükəsizliyin bərqərar edilmə­sinə yardım etməyə hazırıq. Biz Qərbi Azər­baycan İcması olaraq BMT-dən ədalətli qə­rar gözləyirik. 

 

Hazırladı: T.RÜSTƏMLİ, “Xalq qəzeti”

Siyasət