Milli ermənişünaslığın hədəfləri

post-img

“Qərbi Azərbaycana Qayıdış missiyasının uğurla gerçəkləşdirilməsi Azərbaycan ermənişünaslığı qarşısında da önəmli vəzifələr qoyur. Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb edən bu problem indiyədək xüsusi araşdırılmamış, müzakirə edilməmiş, bir sözlə, lazımi diqqətdən kənarda qalmışdır. Buna görə də Azərbaycan ermənişünaslığı sahəsində qeyri-qənaətbəxş vəziyyət yaranmışdır”.

AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bu mövzuda qəzetimizə açıqlaması­nın davamında bildirdi:

–Qərbi Azərbaycana qayıdışın el­mi-tarixi təminatı bu məsələ ilə də sıx bağlı olduğundan institutumuzda ilk dəfə bu problemi ayrıca tədqiqat pred­meti kimi irəli sürməyi, onun ən vacib məsələləri və zəruri ehtiyaclarını gün­dəmə gətirməyi qərara almışıq. Erməni­şünaslıq anlayışının ümumi məzmunu­nu müəyyən etmək üçün, ilk növbədə, onu bu səpgili digər bilik sahələri ilə tu­tuşdurmaq zəruridir. Belə bir müqayisə­dən sonra ciddi bir qənaətə gəlmək olar.

Ermənişünaslıq ümumi şəkildə er­mənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqın­da elmlərin məcmusudur. Lakin hər hansı konkret ölkədə (Rusiya, Fransa, Almaniya və b.) ermənişünaslıq ümumi cəhətlərilə birgə, müəyyən spesifikaya malik olur. Azərbaycan ermənişünaslığı bu baxımdan daha çox fərqlənir. Ermə­nistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları – Qərbi Azərbaycan olması, həmin tor­paqlarda yaşayan azərbaycanlıların ta­leyi, Qarabağın dağlıq bölgəsində (tarixi Arsax) albanların deetnizasiyası, ermə­nilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, onların azərbay­canlılara qarşı genosidi və b. məsələlər Azərbaycan ermənişünaslığının hüdud­larını genişləndirir və tədqiqat prosesin­də nəzərə alınmasını tələb edir.

Azərbaycan ermənişünaslığının elmi tarixinin araşdırılması və el­mi-metrik xarakteristikası aşağıdakı vəzifələrin irəli sürülməsini zəruri edir:

–Azərbaycan ermənişünaslığının müəyyən edilmiş anlayışına uyğun gələn əsərlərin biblioqrafiyasının hazır­lanması;

–həmin əsərlərin xronologiya üzrə say dinamikası (informasiya axını); 

–institutlaşma (tədqiqat mərkəzləri­nin formalaşması); 

–əsas tədqiqat istiqamətləri və mü­vafiq əsərlərin təhlili; 

–dünya ermənişünaslığında Azər­baycan ermənişünaslığına istinad vəziy­yəti və ya sitatçəkmə indeksi.

Azərbaycan ermənişünaslığının tədqiqi üçün həlledici yeri bu problem üzrə mükəmməl biblioqrafiyanın hazır­lanması tutulmuşdur. Bu işin çətinlikləri üzərində dayanmadan qeyd edək ki, onun yerinə yetirilməsi digər vəzifələrin həllinə əlverişli şərait yaratmışdır. Bib­lioqrafiyaya daxil edilmiş ədəbiyyatın illər və dövrlər üzrə (Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü və Azərbaycan Respublikası) təsnifatı aparılmışdır. Məlum olmuşdur ki, 300-dən çox kitab, sənədlər toplusu, elmi-publisistik məqalə və s.-dən böyük əksəriyyəti 1988-ci il fevral hadisələrin­dən sonraya aiddir. 

Azərbaycan ermənişünaslığına dair informasiya axınının güclənməsinə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, Azərbaycan Respublikası Pre­zidentinin “1948–1953-cü illərdə azər­baycanlıların Ermənistan SSR ərazisin­dəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyası haqqında” 1997-ci il 18 dekabr və “Azərbaycanlıların soyqı­rımı haqqında” 27 mart 1998-ci il tarixli fərmanları mühüm təsir göstərmişdir.

Dünyanın bir sıra ermənişünaslıq mərkəzləri, o cümlədən qonşu Gür­cüstandan fərqli olaraq Azərbaycan­da ermənişünaslığın institutlaşması­nının diqqətdən kənarda qalmasını xatırladan tarixçi alim təəssüflə qeyd etdi ki, Azərbaycanda hələ də ciddi ermənişünaslıq mərkəzi yoxdur:

–Azərbaycan ermənişünaslığına aid edilən əsərlər isə müxtəlif elmi idarə, mərkəz, ali məktəb, mətbuat və başqa sahələrdə çalışan şəxslər tərəfindən yazılmışdır. Müqayisə üçün qeyd edək ki, Tbilisi Universitetində 1922-ci ildə ermənişünaslıq kafedrası (rəhbəri L.M.Meliksetbek) açılmışdı. 1945-ci ildə bu­rada şərqşünaslıq fakültəsi təşkil edil­dikdə bu bölmə əsas kafedralardan biri olmuşdu. 1960-cı ildə yaradılmış Gür­cüstan EA Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi. Ermənistanda da türkologiya, qafqazşünaslıq, xüsusilə gürcüşünaslıq və albanşünaslıq, kürd­şünaslıq çoxdan institutlaşmışdır. Azər­baycan ermənişünaslığının əhatə da­irəsinə daxil etdiyimiz başlıca tədqiqat süjetlərini tarixi ardıcıllıqla nəzərdən keçirib, əsas istiqamətlər üzrə ümu­miləşdirsək aşağıdakı qənaətə gələ bilərik. 

Erməni qaynaq və tarixi ədəbiyya­tından Azərbaycan tarixinin tədqiqində istifadə olunması. Bu sahədə yeni dövr­də ilk addımları A.A.Bakıxanov atmışdır. O, “Gülüstani-İrəm” əsərində (1841) er­məni tarixçilərinə (Хоренский М., 1893; Чамчиан М., 1784) istinad etmişdir. Bu süjet sonralar Azərbaycan ermənişü­naslığında əsas yerlərdən birini tutmuş­dur. 1939-cu ildə Azərbaycan tarixi üzrə qaynaqların icmalı (вып. II. Армянские источники ) çap edilmişdi (Меликсет-Бек Л., 1939). Azərbaycan tarixinin dövrləri üzrə monoqrafik tədqiqatlar­da digər qaynaqlarla vəhdətdə ermə­ni qaynaqlarından da tənqidi istifadə olunmuşdur. Erməni qaynaqlarının tər­cümə olunaraq Bakıda nəşri də həyata keçirilmişdir (Метцопский Ф., 1957 (rus və azərbaycan dillərində); Армянская анонимная хроника, 1988 və b.).

Ermənilərin Azərbaycana ərazi iddi­aları və azərbaycanlılara qarşı düşmən münasibətin təbliğinə münasibət. Azər­baycan ermənişünaslığının ümumi ta­rixində bu süjet mühüm yer tutur. Lakin Azərbaycanda bu məsələni qeyd edən və ona sərt münasibəti ilə H.B.Zərda­binin fərqləndiyini xüsusi qeyd etmək lazımdır. O, “Əkinçi” qəzetində davamlı olaraq erməni millətçi ideoloqn və pub­lisistlərini cavablandırmışdır. Sonrakı dövrdə də milli mücadilə ziyalılarımız erməni millətçiliyinə qarşı sərt mövqe tutmuşlar.

1905-1906-cı illər “erməni-müsəl­man davası”, əslində ermənilərin azər­baycanlılara qarşı genosidinə münasi­bət. Bu məsələyə o zamankı hakimiyyət orqanları və siyasi qüvvələrin münasibə­ti tendensiyalı xarakter daşımışdır (Kuz­minskiy, 1906 və b.) Azərbaycanlılara gəldikdə, M.Ə.Sabirin münasibəti daha çox maraq doğurur.

Qeyd olunan məsələ üzrə ən baş­lıca əsər M.S.Ordubadinin “Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının ta­rixi. Bakı, 1911” (təkrar nəşri, 1991) he­sab olunmalıdır. Mir Möhsün Nəvvabın qaynaq xarakteri daşıyan “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı isə 1993-cü ildə işıq üzü gördü. 1905-1906-cı illərdə ermənilərin azərbaycan­lılara qarşı soyqırımına başqa əsərlərdə toxunulsa da, etiraf etmək lazımdır ki, Ordubadinin əsəri bu baxımdan müqa­yisəolunmazdır. Fikrimizcə, Ordubadinin bəhs etdiyi 245 məktub aşkar edilməli və onların üzərində iş davam etdirilməlidir.

Ermənilərin 1917-1920-ci illərdə, xü­susilə 1918-ci ilin martında törətdikləri türk-müsəlman soyqırımı haqqında. Bu problemə dair ədəbiyyat xronologiya üzrə sistemləşdirilmiş və tarixşünaslıq tədqiqatı aparılmışdır (İsgəndərov A., 1997, 2006). Bu soyqırımına ilk müna­sibətlər dövrün özündə, əsasən Azər­baycan Xalq Cümhuriyyəti zamanında yazılmış əsərlərdə əks olunmuşdur. So­vet dövründə məsələ sosialist inqilabına dair ümumi əsərlərdə nəzərdən keçiril­miş və mahiyyəti təhrif edilmişdir. 

Bu mövzunun yenidən dərininə öyrənilməsi və genosid kimi araşdı­rılması 1990-cı illərin əvvəllərində or­taya çıxmışdır. Burada A.Paşayevin məqaləsini (Что это было: геноцид или депортация?, 1992) qeyd etmək olar (həmçinin baxın: 2001, 133-147). C.Həsənov da məqaləsində (1918-ci ilin martı: vətəndaş müharibəsi, yox­sa türk-müsəlman soyqırımı, 1994) məsələyə bu şəkildə yanaşmışdır. Bu­nunla da ermənilərin fəaliyyəti soyqırımı kimi təsdiq edilmiş, Azərbaycan Res­publikası Prezidentinin 1997-ci il 18 de­kabr fərmanından sonra araşdırmalar və sənədlər nəşri genişlənmişdir.

(ardı var)

 

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”



Sosial həyat