ABŞ-ın Ukrayna ilə bağlı məxfi sənədləri

post-img

Bu günlərdə sosial şəbəkələrdə ABŞ-ın Ukrayna, Yaxın Şərq və Çinə aid yeni məxfi sənədləri peyda olub. “New York Times”ın məlumatına görə, yeni sızmış sənədlər arasında Ukraynanın hücuma hazırlıqları ilə bağlı məlumatların fotoşəkilləri də var. Hazırda bir çox ölkələrin məmurları informasiyanın yayılmasından dəyən zərəri hesablayırlar. Onlarla səhifədən ibarət məxfi sənəd bu il fevralın 28-də və martın 2-də “Diskord” platformasında dərc edilib. 

Məxfi materialların bir hissəsi 100-dən artıq sənədi əhatə edir və ABŞ-ın Ukray­na, Yaxın Şərq, Cənubi Koreya və Çinlə bağlı milli təhlükəsizliyinə aiddir. Sənəd­lərdən görünür ki, ABŞ istər Rusiya, istər Ukrayna, istərsə də müttəfiq ölkələrin ha­kimiyyətlərini izləyir. Məsələn, sənədlər­dən birində “Tam məxfi” qrifində Rusiya Baş Qərargahının NATO-nun Ukraynaya verdiyi tanklara necə müqavimət göstər­mək məsələsi müzakirə olunur. Sənəd­lərdən görünür ki, ABŞ xüsusi xidmətləri Rusiyanın zərbələri, hücumların məqsədi barədə Kiyevə vaxtında xəbərdarlıq edib və bu da Ukraynaya müdafiə tədbirləri görməyə imkan yaradıb. 

Sənədlərdən birinə əsasən, ABŞ kəş­fiyyatı Rusiya Müdafiə Nazirliyinin fevralın konkret günündə Ukrayna ordusunun iki yerdəki mövqelərinə zərbə endirmək pla­nından xəbər tutub. ABŞ kəşfiyyatı həm də rus hərbçilərinin Ukraynadakı onlarla energetika obyektinə və eyni sayda kör­pülərə zərbə hazırladıqlarından da əvvəl­cə xəbərdar olub.

Kəşfiyyatın hesabatlarından bəlli olur ki, Birləşmiş Ştatlar Ukraynanın hərbi və siyasi rəhbərliyini də izləyir. Bu, Va­şinqtonun Ukraynanın hərbi strategiyası haqqında dolğun təsəvvür əldə etmək səylərini əks etdirir. Qəzet yazır: “Bu ma­teriallar kəşfiyyat nümayəndələrinin çox­dan səsləndirdiyi belə bir ideyanı təsdiq edir: ABŞ Rusiyanın hərbi əməliyyatları haqqında daha dəqiq təsəvvürə malikdir, nəinki Ukraynanın planları haqqında”. 

Sosial şəbəkələrə sızmış faktlar ara­sında müharibədən əlavə, ABŞ-ın müttə­fiqləri, xüsusən Cənubi Koreya haqqında məlumatlar da yer alıb. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər