10 Aprel - İnşaatçılar Günüdür

post-img

Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm də inşaat sahəsində çalışanların peşə bayramıdır.

Dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionlar əsl tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda əsasən özəl sektor hesabına inşaat materiallarının istehsalında ilbəil artım müşahidə olunur.

Sərmayə qoyuluşunun 73,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib

Bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2206,9 milyon manat və ya 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 60,1 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,3 dəfə artıb. Ümumi sərmayənin 1125,5 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinin, 968,5 milyon manatı (43,9 faizi) xidmət sahələrinin, 112,9 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 54,6 faizi dövlət, 45,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 73,7 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 75,1 faizini təşkil edib.

“Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi” kimi mühüm obyektlər istifadəyə verilib

2023-cü ilin yanvar-fevral aylarında Bakı şəhərində “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi” və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 524,8 milyon manatı (95,5 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç, İran və Fransa sərmayədarlarına məxsus olub. 2023-cü ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 72,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16 faizini əsaslı təmir, 8 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Metropolitenin “Xocəsən” elektrik deposu və “Xocəsən” stansiyası fəaliyyətə başlayıb

İctimai sərnişindaşımada vacib rol oynayan Bakı Metropolitenin inşaatçıları peşə bayramını məhz yerin altında qeyd edirlər. Ən qədim peşələrdən sayılan bu sahə yerin üstü kimi, altında da daim aktual, mühüm mövqe tutur. Bakı Metropoliteninin hər gün minlərlə sərnişinə yüksək səviyyədə xidmət göstərməsi məhz metro tikintisində gecə-gündüz demədən çalışan insanların əməyinin nəticəsidir. Metro inşaatçıları ötən ilin sonlarını da xüsusi bayram kimi qeyd etdilər. Məhz azərbaycanlı zəhmətkeşlərin əməyi sayəsində “Xocəsən” elektrik deposu və “Xocəsən” stansiyası istismara verildi. Növbəti mərhələlərinin tikintisi bu gün də davam etdirilən “Xocəsən” elektrik deposu ilə yanaşı, inşaatçılarımız böyük səylə Bənövşəyi xəttin şərti adı “B-04” olan stansiyasının da tikintisini aparırlar. Tarixən Bakının ağır hidrogeoloji şəraitində yeni yeraltı sarayların tikintisində fədakarlıq, qəhrəmanlıq nümunələri göstərmiş metro inşaatçılarının bugünkü nəsli də yorulmadan yüksək peşəkarlıqla çalışır, yeni əmək uğurlarına doğru addımlayırlar.

Azad olunan digər yaşayış yerləri də tezliklə sakinlərini qarşılayacaq

Onu da əlavə edək ki, işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Yurd yerlərimizdə yeni evlərin, kəndlərin salınmasına başlanılıb və bu işlər xüsusi nəzarət altında icra olunur. Ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonunda 5634, Tərtər rayonunda 368, Xocavənd rayonunda 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi nəzərdə tutulur. Artıq Ağalı, Talış öz sakinlərinə qucaq açıb. Azad olunan digər yaşayış yerləri də tezliklə sakinlərini qarşılamağa hazır olacaq.

2022-2026-cı illərdə 2264,5 kilometrlik 20 avtomobil yolu layihəsi icra olunacaq

Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) 2022-ci ildə ümumi uzunluğu 2241,5 kilometr təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb. Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” işğaldan azad edilən ərazilərdə 2 böyük layihə icra edir

“Azərbaycan Dəmir Yolları” QSC də işğaldan azad edilən ərazilərdə 2 böyük layihə icra edir. Bunlardan biri Bərdə-Ağdam, digəri isə Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisidir. Bərdə-Ağdam dəmir yolu xəttinin uzunluğu 47,3 kilometrdir. Yol boyu 4 stansiyanın tikintisi nəzərdə tutulub və işlərin 90 faizi həyata keçirilib. Tikintinin cari ildə başa çatdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu isə 110 kilometrdir. Yol boyu 9 stansiyanın tikintisi həyata keçirilir. Bu yolun inşasının 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrdir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 kilometr, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 kilometr, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Dəmir yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər trassa üzrə 82 kilometr ərazi minalardan təmizlənib.

Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 kilometrlik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Füzuli və Zəngilan hava limanları istifadəyə verilib, sıra Laçın aeroportundadır

Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. Qarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və ötən ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Hava limanlarında yaradılan şərait öz növbəsində beynəlxalq standartlara uyğun olaraq uçuşların həyata keçirilməsinə imkan verir. Bu hava limanları bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır. Eyni zamanda, ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Sənaye zonaları - 116 sahibkarlıq subyektindən 65-i istehsala başlayıb

Respublikada sənaye zonaları, məhəllələr və parkların yaradılması üzrə də mütəmadi işlər görülür. İndiyədək sənaye zonaları üzrə 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsala başlayıb. Ağdam Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb. Yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. İndiyə qədər Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur. Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Sənaye zonalarında sahibkarlar üçün yaradılmış əlverişli mühit investisiya cəlbediciliyini daha da artırır.

Azərbaycanda memarlıq qədim tarixi ənənələrə malikdir

Ölkədə tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə təsadüf edir və həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və ictimai binalar özündə Şərq və Qərb memarlığının nadir nümunələrini əks etdirir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru sürətlə inkişaf edib, bu dövrdə sənayenin bütün sahələrində böyük inkişafa nail olunub. Bu illərdə tikinti, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, yüngül sənaye və digər sahələrdə onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri fəaliyyətə başlayıb. Quruculuq prosesinə Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha güclü təkan verilib.

Azərbaycanda memarlıq qədim tarixi ənənələrə malikdir. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.

İnşaatçılar Gününün bayram kimi qeyd edilməsi bu sektora diqqət və qayğının bir nümunəsidir

Hər il aprelin 10-nun ölkəmizdə İnşaatçılar Günü kimi bayram edilməsi dövlətimizin başçısı İlham Əliyevin bu sektorun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Bu gün ölkədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda, müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.

 

Sosial həyat