Ceyhun Məmmədov: İranın Azərbaycanın daxili işlərinə qarışmasına heç bir haqqı yoxdur

post-img

Azərbaycan bütün platformalarda Fələstinlə bağlı qəbul edilən qətnamə və sənədləri dəstəkləyib. Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının Fələstinlə bağlı qəbul etdiyi bütün qərarlarda fələstinlilərin yanında olub.

İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə gəldikdə, bu gün təkcə Azərbaycan deyil, digər müsəlman dövlətləri də bu ölkədə səfirlik açıblar. Artıq bir neçə ərəb ölkəsinin Fələstində səfirliyi fəaliyyətə başlayıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan təkcə İsraildə səfirlik açmadı, Fələstində də ölkəmizin nümayəndəliyi fəaliyyətə başladı. Eyni zamanda, Azərbaycan fələstinlilər üçün məktəb tikməyi planlaşdırır.

“Burada belə haqlı sual yaranır. Niyə İran Fələstində səfirlik açan digər ölkələrə etiraz etmədi? İsraildə həmin ölkələrin səfirliyinin açılmasını niyə qınamadı? Niyə məhz Azərbaycanla bağlı bu cür mövqe sərgilədi?

Hesab edirəm ki, İranın belə reaksiya verməsinə son dövrlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda yanaşmaq lazımdır. Tehran dövləti bu cür hərəkətlərlə Azərbaycanın İranla bağlı mövqeyinə və atdığı addımlara təsir etmək istəyir. İranda bəziləri düşünür ki, bu cür addımlarla Azərbaycanın mövqeyinə təsir etmək mümkündür. Ancaq yanılırlar. Son proseslər də göstərdi ki, İranın atdığı addımlara cavab olaraq Azərbaycan ən sərt qərarları qəbul etməyə hazırdır. İran səfirliyinin 4 əməkdaşının ölkəmizdən çıxarılması barədə qərar bunu bir daha təsdiq etdi”, - deyə C.Məmmədov vurğulayıb.

Deputatın sözlərinə görə, İran xarici işlər nazirinin son günlər azərbaycanlı həmkarına zəngi Tehranın Azərbaycanın qəbul etdiyi qərarlardan ciddi narahat olduğunu göstərir. Bəs İran niyə narahatdır? İranı hazırda ən çox narahat edən məsələ 30 il ərzində böyük maliyyə vəsaiti ayıraraq Azərbaycanda yaratdığı şəbəkənin çökdürülməsidir. Bu şəbəkənin məhv edilməsi İranın Azərbaycanla bağlı planının süquta uğradığı anlamına gəlir.

Münasibətlərin sonrakı mərhələsinin İranın özünü necə aparmasından çox asılı olduğunu qeyd edən C.Məmmədov deyib: “Düşünürəm ki, gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər. Ancaq bu, daha çox İrandan asılıdır. İran təxribatlara son qoymalıdır.

Ancaq bütün hallarda Azərbaycandakı İran şəbəkəsinin çökdürülməsi istiqamətində addımlar davam etdiriləcək. İranın Azərbaycanın daxili işlərinə qarışmasına heç bir haqqı yoxdur”.

Siyasət