Vətən müharibəsi döyüşçüsü: Yeni aldığım mənzil ailəmiz üçün Ramazan ayının ən böyük hədiyyəsidir

post-img

Mənzili əbəs yerə ailənin ilkin sosial ehtiyacı hesab etmirlər. Hər kəsin səhər qapısını örtüb çıxdığı, hər axşam üz tutduğu isti ocağının olması çox vacib şərtdir. Hamı və hər kəs başı üstündə dam olmağını, rahat və geniş yaşayış sahəsi arzulayır. Mənə elə gəlir ki, rahat və abad mənzili olmayan adam həyatı yarımçıq yaşayır. Təəssüf ki, indiyədək bu sevincdən məhrum idim, atam, anam, həyat yoldaşım və mən Bakının Bakıxanov qəsəbəsində iki otaqlı dar bir mənzildə kirayənişin qalırdıq. Bu gün mən yeni mənzillə təmin olunmağımı bir növ həyatımın bütövləşdiyi gün hesab edirəm.

Bu sözləri Vətən müharibəsi qazisi Rauf Yaqubov AZƏRTAC-ın müxbirinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin təqdim olunması mərasimində deyib.

Göyçay rayonunda dünyaya gələn Rauf 2014-cü ilin yanvarında Milli Ordu sıralarından tərxis olunsa da, onda hərbi işə, xüsusilə kəşfiyyatçılığa böyük həvəs olub. Elə bu istəklə də ordudan tərxis olunandan beş il sonra müddətdən artıq hərbi xidmətə qayıdıb. Bir il sonra onun taleyinə işğal altında olan torpaqlarımızı düşmən əsarətindən azad etmək qisməti düşüb. O, sentyabrın 27-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda döyüşlərə qoşulub. Onun sonrakı döyüş yolu Cəbrayıl, Hadrut, Laçın və Xocavənddən keçib. Oktyabrın 24-də gecə ikən hərbçi yoldaşları ilə birlikdə böyük fədakarlıq nəticəsində Qırmızı Bazar qəsəbəsi yaxınlığında strateji cəhətdən əlverişli döyüş mövqeyini erməni quldurlarından azad ediblər. Həmin əməliyyat çox uğurlu alınıb və itkisiz başa gəlib. Elə həmin gün günorta qəflətən əks-hücuma keçən azğın düşmənlər itirdikləri mövqeni geri qaytarmağa çalışıblar. Ağır döyüşdə ordumuz xeyli tələfat verib, Raufun Lerik rayonundan olan çox yaxın kəşfiyyatçı dostu Samir Hüseynov, eləcə də digər hərbçi yoldaşları şəhid olublar. Rauf isə düşmən minomyotunun atəşi nəticəsində sağ ayağından ağır yara alıb. Buna baxmayaraq cəsur döyüşçülər əldə edilən mövqedən geri çəkilməyiblər. Qırmızı Bazar yaxınlığında yaralanandan sonra Rauf uzun müddət müxtəlif hospital və xəstəxanalarda müalicə alıb, dörd dəfə əməliyyat olunub. İkinci dərəcəli əlil olan Rauf 2021-ci ilin iyulunda Milli Ordu sıralarından tərxis olunub.

“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilən igid döyüşçü ötən il “Xəzər” markalı minik avtomobili ilə təmin olunub. Bu gün ona Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində üçotaqlı yeni mənzilin açarları təqdim olunub. Rauf bu münasibətlə deyib: “Yeddi-səkkiz ay bundan əvvəl ailə həyatı qurmuşam. Ailəmizə ilk övladın gəlişini gözləyirik. Ramazan ayında aldığım bu hədiyyəni çox böyük sevinclə qarşılayıram. Günü bu gündən yeni mənzilə köçəcək, kirayənişin həyatdan qurtulacağıq. Vətən müdafiəçilərinə göstərilən bu dövlət qayğısı hər cür təqdirə layiqdir. Yeni mənzil nəinki ata-anam və həyat yoldaşım, yolunu gözlədiyimiz, dünyaya yeni gələcək övladım üçün də ən böyük hədiyyə olacaq”.

Sosial həyat