Uşaqların sualları

post-img

Sumqayıtda eyni həyətdə böyüdüyümüz Rauf Muradov illərdir ki, Böyük Britaniyanın Souzhampton şəhərində yaşayır. Bakıda Texniki Universiteti (keçmiş Politexnik institutu) bitirib, Moskvada aspiranturada oxuyub. Bacarıqlı mühəndis olmaqla bərabər, “Qaraişıq” imzası ilə gözəl şeirlər yazır, bir neçə kitabın müəllifidir. İldə bir dəfə Vətənə gələn Raufla sevincək görüşür, xatirələrə dalırıq. O, həm də fəal sosial şəbəkə istifadəçisidir. Demək olar ki, hər gün diqqətçəkən statuslar yazır. 

Bu günlərdə Rauf riqalı yazıçı Mixail Dımova məxsus olan bir paylaşım edib. Altı-on yaşlı məktəblilərə tapşırılır ki, Allaha suallar verib, ondan nəsə xahiş etsinlər. Şagirdlərin həmin yazılarından bəzilərini sizə təqdim edirik:

“Uşaqlıq bütün ömür üçün bəs edə bilərmi?”

“İnsanlar Yer üzündə böyük əzab çəkirlər. Doğrudanmı, cəhənnəm daha pisdir?” 

“Bəlkə sənə nə iləsə kömək edə bilərəm?”

“Gülləri insanlardan daha yaxşı yaratmısan”. 

“Mən necə yaşayım ki, dünyada hamı xoşbəxt olsun?”

“Nədən yoxsullar kilsənin yanında dilənirlər? Kimin onla­ra pul verdiyini sən görəsən deyə?”

“İnsanlar səni sevirlər, yoxsa qorxurlar?”

“Məsih insanlara görə çarmıxa çəkilib. Bəs, insanlar nəyə görə zülm çəkirlər?” 

“Elə et ki, mən ikinci həyatımda Fransada, özü də indiki kimi qız yox, oğlan doğulum”.

“İlahi, sən mənə öz canımı vermisən, ya başqasınınkını?” 

“Günlər qocalaraq ölür?” 

“Həyat nəyə lazımdır? Lazımdırsa, insanlar niyə ölürlər?” 

“Biz sənin oyuncaqlarınıq? ” 

“Niyə sevəndə hər şey xoşa gəlir. Hətta qayğanaq da?”

“Mən olmayandan sonra özümü görəcəyəmmi?” 

“Deyirlər ki, insanlar hansı şəkildəsə dünyaya qayıdırlar. Lütfən, elə et ki, mən öz itim kimi qayıdım, o isə mənim kimi və biz yenə birlikdə olaq”. 

“Tanrım, elə et ki, göydə nənəmlə babamım üzləri işıqlan­sın və onlar mənə baxıb gülümsəsinlər”. 

“Gəl, şərtləşək: Mən sənə inanım, sən də mənə”. 

“Əlcəyimi tapsan, xahiş edirəm, qaytarasan”. 

“Atam dənizçidir, qoy, dalğalar ona qarşı mehriban olsun”.

“Düşmənlərimə öyrət ki, düşmənlərini bağışlasınlar”. 

“Dünən məktəbdə elan etdilər ki, sən varsan. Salam!”

“Uşaqların öz Allahı olmalıdır: balaca Allahcığaz”. 

“Olarmı, mən ölməyim?”

“Qocalar yorulmuş uşaqlardır?” 

 

Hazırladı: Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat