“Kitabı bağlanan” dəyərli kitablar müəllifi

post-img

Dərin fəlsəfi düşüncəsi ilə hər kəsi heyran qoyan, Azərbaycan və rus dilləri ilə bərabər, fars dilini də əla bilən Heydər Hüseynov xalqımızın elm kəhkəşanının ən parlaq ulduzlarından olub. 1908-ci il aprelin 3-də İrəvanda doğulub və 1950-ci il avqustun 15-də Bakıdakı bağ evində həyatına intiharla son qoyub. Cəmi 42 il yaşasa da, bir əsrə sığmayan sanballı işlər görüb.

Tarix və fəlsəfə elminin inkişafına bö­yük töhfələr vermiş Heydər Hüseynov Azərbaycanda elmi tərcümə məktəbinin əsasını qoyub, ilk “Azərbaycanca-rusca” və “Rusca-azərbaycanca” lüğətin redak­toru olub. Buna görə 1948-ci ildə ilk dəfə Stalin mükafatı alıb. Bundan iki il sonra isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olan görkən­li alim "XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrinin tarixi haqqında" fun­damental əsər yazıb və növbəti dəfə Sta­lin mükafatına layiq görülüb. Dahi filosof Azərbaycanda bu sahənin banisi Bəh­mənyarın iki traktatını aşkara çıxarıb tə­dqiqat obyektinə çevirməklə sırf elmi-fəl­səfi irsimizin varlığını elan edib. Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazım bəy, M.F.Axundov, H.Zərdabi haqqında ciddi tədqiqat işi aparıb və 100-dən çox elmi məqalə yazıb. 

Heydər Hüseynovun yaradıcılığında mühüm yer tutan "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kita­bı rus dilində yazılmış, əsər iki dəfə çap edilmişdir. Kitabın redaktoru akademik Aleksandr Makovelski Heydər Hüsey­novun bu çalışmasını "XIX əsrdə Azər­baycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" kimi dəyərləndirib və yüksək səviyyədə təqdir edib. 

...Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik ol­duğunu aşkar söyləməsi imperiya ağa­larının zəhmindən qorxan kölələrə xoş gəlməyib. O, Sov.İKP sıralarından çıxa­rılıb və Elmlər Akademiyasındakı və­zifələrindən azad edilib. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalmasından sarsılan filosof elmi yaradıcılığının triumf dövrün­də – 1950-ci ildə damarlarını kəsməklə özünə qəsd edib.

Ədəbiyyatşünas, diplomat Vilayət Quliyevin bu barədə fikrini xatırladırıq: “Elmi fikrə hələ çox böyük töhfələr verə biləcək akademik yaradıcılığının ən ve­rimli çağında ehtiyatsızlıq və təcrübəsiz­likdən doğan adi təsadüfün qurbanı oldu. "Respublikanın sahibi"nin – Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsas­landıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala, bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edil­məsinə gətirib çıxardı. Səbəb müəllifin "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarxindən" monoqrafiyasında Mirzə Kazımbəyin "Müridizm və Şamil" əsə­rindən, eləcə də dağlı qəhrəmanı Şeyx Şamilin şəxsiyyət, mübarizə və idealla­rından bəhs etməsi, onu "qəhrəman və qəhrəmanların yaradıcısı" adlandırma­sı idi. Bədbəxtlikdən bu, elə vaxt idi ki, müridizm mürtəce hərəkat, Şeyx Şamil isə "ingilis və türk casusu" kimi qələmə verilirdi”.

Beləcə, qısa müddətdə tutduğu bü­tün vəzifələrdən azad edilən alim faktiki ev dustağına çevrilmişdi. Onun sima­sında yeni xalq düşməninin obrazının yaradıldığı artıq heç kəsə sirr deyildi. Ətrafındakı halqanın gündən-günə da­raldığını görən H.Hüseynov özünə qəsd edir. Çox güman ki, repressiya olunaca­ğı təqdirdə ailəsinin və dostlarının acı aqibət yaşamaması üçün o, bu addımı atıb. 

Taleyi faciəli sonluqla bitmiş görkəm­li filosof-alim az yaşayıb, amma zən­gin tərcümeyi-hala sahib olub. O, 1936–1940-cı illərdə keçmiş SSRİ EA Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik edib, 1939–1945-ci illərdə isə filialın sədr müavini olub. Azərbaycanda müstəqil Elmlər Akademiyasının təşkilindən (1945) sonra ilk 15 həqiqi üzv-akademik sırasında yer alan Heydər Hüseynov həmin dövrdən 1950-ci ilin fevral ayına qədər həm EA-nın vitse-prezidenti, həm də Azərbaycan KP MK yanında Parti­ya Tarixi İnstitutunun direktoru və Bakı Dövlət Universitetinin fəlsəfə kafedrası­nın müdiri kimi geniş elmi-pedaqoji və ictimai fəaliyyət göstərib.

Sular durulandan sonra Heydər Hü­seynov layiqli qiymətini alıb. Yaradıcılığı Amerikada belə tədqiq olunub. 1997-ci ildə isə qızı Sara xanım Dağıstanda “Şeyx Şamil” mükafatına layiq görülüb. 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat