Rüfət Rüstəmovun “Köhnə kənddən yeni xatirələr” kitabı “Elm və təhsil” nəşriyyatında təzəcə çap olunub. “Bu dağlardan bir Cahangir keçdi” (2018), “Milli qəhrəmanın tale romanı” (2022) kimi əsərləri ilə gündəmə gələn müəllif özünün keçdiyi böyük bir həyat yolu ilə də fərqli bir ziyalıdır. Hələ sovetlər dönəmində Türkiyə adını çoxlarının çəkə bilmədiyi bir zamanda, bu qardaş ölkədə çalışan mütəxəssislər sırasında olması onun zəngin həyat təcrübəsinə yiyələnməsində xüsusi önəm daşımışdır.
Kitab iki hissədən – hekayələr və İkinci Qarabağ müharibəsinin başlandığı vaxtlarda dövri mətbuatda dərc edilən publisistik məqalələrdən ibarətdir. Əslində, toplu hər kəsin yaşadığı, şahidlik etdiyi həyatımızın bir parçası olmaqla günümüzün reallıqlarını vətənpərvər bir ruhda əks etdirən nümunədir.
Rüfət müəllimin hekayələrinin (“Qonşumun həyat hekayələri”, “Papaq əhvalatı”, “Köhnə kənddən təzə xatirələr”, “Qaz qonaqlığı”, “Koronavirus təhlükəsi və mənim həkimliyim”, “Haram tikə”, “Mənim adım”, “İçki əhvalatı”, “Ayı əhvalatı”, “Yuxu” və s.) qəhrəmanları, burada rastlaşdığımız adamlar bizdən uzaqlarda deyil, əksinə, onların hiss və duyğuları da bu günümüzlə, hətta ola bilsin, hər birimizlə bağlıdır. Ona görə də onları oxuduqca hər kəs özünün həyatının, ya da taleyinin bir parçasını tapır bu əsərlərdə.
Kitabda Rüfət müəllimin son dövrlərdə mətbuatda yayımlanan publisistik yazıları da (“Türk dünyasına zəfər sevinci yaşadan Ali Baş Komandan”, “Dəmir yumruq” Azərbaycan həqiqətlərinə Zəfər yolu açdı”, “Zəfər günün mübarək, qalib Azərbaycan xalqı”, “Soçidə Azərbaycanın milli maraqları hərtərəfli qorundu” və s.) yer alır. Müəllifin publisistikasında da mübarizə ruhu özünü təsdiqləyir və burada da Vətən, torpaq, xalq anlamı ön planda dayanır.
Nəfis tərtibatlı kitabı vərəqlədikcə, bugünümüzün və dünənimizin həqiqətləri ilə baş-başa dayanırıq. Ona görə də tanınmış alim, türkologiya elminin nüfuzlu nümayəndəsi, BDU-nun Türk filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Rüfət Rüstəmovun hekayə və publisistik yazılarını ictimaiyyət üçün dəyərli töhfə, milli kitabxanamızı zənginləşdirən nəşrlər sırasına aid etməkdən çəkinmirik.
“Xalq qəzeti”