Uşaqlar üçün gözəl nağıl–əsərlər yaratmış Hans Xristian Andersen aprelin 2-də anadan olub. Məhz onun ad gününün Beynəlxalq Uşaq Kitab Günü kimi qeyd olunmasını isə alman yazıçısı Yella Lepman təklif edib və 66 il öncədən başlayaraq, Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada həmin adla qeyd olunmağa başlayıb.
Tarixi XV əsrə gedib çıxan uşaq kitablarının çapı bu gün nəşriyyat sistemində daha geniş vüsət alıb. Antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çapından, daha sonra çex maarifçisi və pedaqoqu Komenskinin uşaqlar üçün rəsmlərdən ibarət kitab nəşr etməsindən üzübəri böyüyən nəslin yazılı ədəbiyyatla ünsiyyəti başlayıb.
Yazılaraq kitablara köçürülən xalq nağılları, ümumiyyətlə, folklor nümunələri uşaq ədəbiyyatının bünövrəsini təşkil edir. Bu yerdə Şərqdə "Min bir gecə", "Ələddin", "Əlibaba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları yada düşür. Qərbdə uşaqlar üçün kitab yazmaq tendensiyası Qrim qardaşlarının nağılları ilə güclənib. 1846-cı ildən başlayaraq, Andersonun qələmə aldığı nağılları da uşaqların bu gün daha çox sevib oxuduğu kitablardır. Əlbəttə, müəlliflərin və kitabların adını saymaqla bitməz. Bu baxımdan XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur.
Azərbaycanda peşəkar uşaq ədəbiyyatının inkişafı öz mənbəyini XX əsrin əvvəllərindən götürür. Həmin vaxtdan başlayaraq ölkənin maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəlib: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradılıb. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov və Soltan Məcid Qənizadə birlikdə “Sovqat” adlı şəkilli uşaq jurnalı və “Məktəb” elmi-pedaqoji aylıq jurnalını nəşr etmək istəyi buna sübutdur. Rəşid bəy Əfəndiyev “Uşaq bağçası” kitabında orijinal və tərcümə əsərləri, coğrafiyaya, tarixi hadisələrə və kainatın quruluşuna dair maraqlı materiallar verib. Həmçinin Abdulla Şaiqin “Uşaq gözlüyü”, “Gülzar”, İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət “Ana dili” və b. vəsaitlərdə də yeni məzmunlu uşaq ədəbiyyatından nümunələr toplanmışdı. Süleyman Sani Axundov “Məktəb” jurnalı üçün “Qorxulu nağıllar”ını yazıb. Həmin dövrdə ölkənin hər tərəfində dövri-mətbuat parlamağa başlamışdı. Amma ilk uşaq nəşr nümunəmiz tаnınmış mааrif хаdimi Əlisgəndər Cəfərzаdənin “Dəbistаn” jurnаlı sayılır. Ardınca “Rəhbər”, “Məktəb” kimi jurnallar çıxıb.
İlk çağlarda Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı və digərlərinin yaradıcılığı ilə təşəkkül tapan uşaq ədəbiyyatımız daha sonra növbəti nəsil yazıçıların əsərləri ilə daha da genişlənib. Çoxsaylı və gözəl, yaddaqalan şeir, təmsil və mənzum hekayələr qələmə alınıb və çap edilib...
Bu gün uşaq nəşrləri qalereyamız xüsusilə zəngindir. Təkcə “Göyərçin” jurnalı 65 ildir ki, uşaqların maariflənməsi və tərbiyəsinə, dünyagörüşünün inkişafına sədaqətlə xidmət edir. Hazırda “Əlifba”dan sonra ikinci dərsliyimiz adlanan bu jurnalın baş redaktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu bizimlə söhbətində “Göyərçin”in Azərbaycan göylərində inamla qanad çaldığını söylədi. “Bir-birini əvəz edən nəsillərin tərbiyəsində bu jurnal çox işlər görüb. Sehirli qanadlarında evlərə nağıl, şeir, hekayə, tapmaca, əyləncə, maraqlı rəsmlər aparan “Göyərçin” dövlətimizin himayəsi ilə öz “uçuş”larını indi daha inamla davam etdirir. Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Əhməd Cəmil, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Bayraqm Bayramov, Qılman İlkin, Gülhüseyn Hüseynoğlu, Balaş Azxəroğlu, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qasım Qasımzadə, Salam Qədirzadə, Nəriman Həsənzadə, Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Elçin, Əlibala Hacızadə, Vaqif İbrahim, Mövlud Süleymanlı və digər qələm sahiblərimiz hər zaman məhz “Göyərçin” üçün də əsərlər yazaraq uşaqların xidmətində durublar”.
Əlavə edək ki, bu gün də yüzlərlə şair və yazıçımız uşaq ədəbiyyatı inciləri yaradırlar.
“Xalq qəzeti”