2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür
BMT-nin qərarı ilə autistlər üçün məxsusi günün təsis edilməsi bu xəstəlikdən əziyyət çəkənlərə kömək etmək, onların həyat səviyyəsini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.
Əsasən 3 yaşadək uşaqlarda müşahidə olunan autizm xəstəliyi beynin inkişafına təsir etdiyi üçün məhdud davranışlara gətirib çıxarır. Belə uşaqların sağlamlığının bərpası üçün hansı vasitələrdən istifadə etmək daha məqsədəuyğundur? Bu suallar bütün dünyanı düşündürən əsas məsələlərdəndir. Çünki autizmli insanların digərlərinə nisbətən daha çox uğur əldə edə bilmələrinə dair xeyli təcrübə mövcuddur.
Albert Eynşteyn, Nikola Tesla, Tomas Edison, Lüdviq van Bethoven, həmçinin "Microsoft” şirkətinin yaradıcısı Bill Qeytsin və başqalrının bir vaxtlar autizm xəstəliyindən əziyyət çəkməsi heç kimə sirr deyil. Dünyanın ən istedadlı idmançısı, dəfələrlə Olimpiya çempionu Maykl Felps də kiçik yaşlarından autizm xəstəsi olub.
Övladlarının autizm xəstəsi olduğunu müşahidə edən valideynlər onların sağlamlığının bərpası üçün bütün vasitələrdən istifadə etməlidirlər.
Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlərdə özünü büruzə verir. Valideynlər uşaqlarda bu əlamətləri hiss etdikdə diqqətli olmalı, onları daha erkən yaşlarda bərpa prosesinə cəlb etməlidirlər.
Autizmli uşaqların bərpasında ən effektli vasitələrdən biri idman və fiziki hazırlığın inkişafı ilə bağlıdır ki, Azərbaycanda bir sıra qurumların əlaqəli şəkildə fəaliyyəti bu yöndə müsbət nəticələr verir. Xəstəliyin dərəcəsindən asılı olaraq, həmin xəstələrin əksəriyyəti cəmiyyətə tam inteqrasiya ola, hətta hər hansı sahənin mahir bilicisi olmaqla inkişafımıza öz töhfələrini verə bilərlər.
“Osmanlı” Xüsusi Yaşam Mərkəzinin rəhbəri İlham Osmanlının dedikləri:
– Bu gün hamı bilməlidir ki, başda autizm olmaqla bir sıra inkişaf pozuntularında istifadə olunan idman terapiyası uşaqların fiziki problemlərinin bərpasında – aşağı əzələ tonusu, tənəffüs problemləri digər hallarda geniş istifadə edilir. Fiziki terapiya növü idmanın terapevtik istifadəsinə əsaslandığı üçün təkmilləşdirilmiş xüsusi proqramların tətbiqi ilə müsbət nəticə almaq olar. Həm yaş qrupuna, həm də pozuntunun növünə görə fərqlənən belə terapiya proqramları uşaqların gündəlik funksionallığını artırır. Bununla da onlar sərbəst şəkildə idman bacarıqlarına yiyələnə bilirlər.
Rəhbəri olduğum “Osmanlı” Xüsusi Yaşam Mərkəzi 2019-cu ildə yaradılıb və xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiyasını həyata keçirir. Ümumilikdə isə 10 ildən çoxdur ki, əsasən, autizmli və daun sindromlu, əqli imkanları məhdud olan uşaq, yeniyetmə və gənclərə yardım məqsədilə mühüm tədbirlər görürük. Əsasən, idmanla reabilitasiya həyata keçirir, onlara müxtəlif idman növlərinin sirlərini aşılayırıq. Şagirdlərimiz velosiped, stolüstü tennis, üzgüçülük, boççia, atletika və digər xüsusi bacarıqları inkişaf etdirən idman növləri ilə həvəslə məşğul olurlar. Bununla yanaşı, psixoloji, loqopedik, pedaqoji, sosial və özünəxidmət yönümlü təlimlər də əsas rol oynayır. Uşaqlar üçün fərdi inkişaf planı əsasında qurulan sistemdə əsas proqram günlük yaşam sistemidir.
Mərkəzimiz Bakıda yerləşir, amma regionlarımızda da nəzəri və praktiki seminarlar, müxtəlif layihələr həyata keçiririk. Cəlilabad, İmişli, Gəncə, Tovuz, Şamaxı, İsmayıllıda autizmlə bağlı seminarlar təşkil etmişik. Son illər ailələrin bu problemi daha tez çözməyə başlamaları bizi sevindirir. Əvvəlki illərdə 3–5 yaşlarında uşaqlar üçün müraciət edirdilərsə, indi 1,5 – 2 yaşlı uşaqlar üçün müraciət olunur.
Ümumiyyətlə, 2 yaşdan 25 yaşadək uşaqların reabilitasiyası ilə məşğul oluruq. Uşaqların fiziki hazırlıqla sağlam həyata qovuşa biləcəkləri ilə bağlı valideynləri təlimatlandırmağa çalışırıq. Bu sahədə geniş təbliğat işi hər bir autizmli uşağın həyatında böyük rol oynayır.
Müxtəlif idman növləri ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Autizm Assosiasiyası tərəfindən mütəmadi olaraq keçirilən yarışlarda uğurla təmsil olunuruq. Ay ərzində 50-yə yaxın uşağa reabilitasiya xidməti göstərir, xüsusi təlimlər keçirik.
Hazırda Türk dövlətlərinin Autizm Federasiyası qurulmaqdadır. Mərkəzin təmsilçiləri Türkiyədə keçirilən beynəlxalq və ölkədaxili yarışlarda çıxış edirlər. Stolüstü tennis və atletika yarışlarında artıq çoxlu uğurlarımız var. İdmanla verilən təlimlər vasitəsilə uşaqlarda tez bir zamanda diqqətin, göz kontaktının, hərəki qabiliyyətlərin, koordinasiyaların, təxəyyül və təfəkkür bacarıqlarının inkişafında müsbət nəticələr almaq mümkündür. Ona görə də valideynlərə tövsiyəmiz budur ki, autizmli uşaqların bərpa prosesində idmanla reabilitasiyasına xüsusi önəm versinlər.
Leyla QURBANOVA, “Xalq qəzeti”