Doğrusu, Bakının və Sumqayıtın qarışıq dilli reklamlarına, ticarət və xidmət obyektlərinin adlarına baxanda adam bir anlıq özünü Parisin Notr-Dam kilsəsinin ətrafında hiss edir. Viktor Hüqonun eyni adlı romanının qəhrəmanı Kvazimodo gəlir göz önünə: doğuşdan bədəni deformasiyaya uğramış, çox çirkin birisi. Belinin donqarı, bir gözdən mayıf olması onun eybəcər obrazını tamamlayır. Təəssüf ki, xəyaldan ayrılınca bu reklamların sənin öz şəhərində olduğunun fərqinə varırsan.
Deyərdik ki, dilimizin, onun leksik və orfoqrafik qaydalarının pozulmasına ən çox reklam, eləcə də ticarət və xidmət obyektlərinin adlarında rast gəlirik. Dilin başına oyun açmaq, yüngül desək, nadanlıqdır. Lövhələrdə məşhur şirkətlərə, brend mallara aid loqoların olması anlaşılandır, amma bu, həddən artıq olanda Nizami Gəncəvi demişkən, “dərd verir o da”. Addımbaşı qarışıq, anlaşılmaz reklamlar, obyekt adları dil norması pozuntuları ilə doludur. Gülünc və bayağı adlar ana dilimizi hörmətdən salır, aşağılayır.
“Xalq qəzeti”nin səhifələrində bu barədə dəfələrlə məsələ qaldırmışıq, vəziyyət isə dəyişməz olaraq qalır. Necə deyərlər, dəyirman bildiyini edir...
Reklam və obyekt adları arasında elələri də var ki, təmiz Azərbaycan dilində yazılıb, amma həm cəlbetmə fantaziyasından uzaqdır, həm də baxımsızlıq üzündən gülməli hala düşüb: ya bəzi hərfləri qopub, ya da gecə işıqlandırması alayarımçıqdır. Bu isə bəzən acı gülüş doğurur. Məsələn, “xəngəl” sözünün ilk hərfi düşdüyü üçün “...əngəl”ə dönüb, “Market” - “ma...ket”, “bazar” - “...azar” olub və s. “Ə..s...nə”ni görüncə isə çaşıb qaldıq: əcaba, bu obyektə girməzdən öncə əsnəməkmi lazımdır? (Biz həmin adı krossvord həll edirmiş kimi, xeyli varavurd etdik və nəhayət, “Əfsanə” olduğunu tapa bildik).
Ötəri müşahidə zamanı rast gəldiyimiz belə “şikəst” obyekt adlarının bəzilərinin fotosunu da çəkib “əşyayi-dəlil” kimi sizə təqdim edirik. Baxın, “Foto Etud”, “Xrdavat 1002” kimi adları yazanların savad dərəcəsindən siz də hali olun. Başqa bir ad lövhəsində isə “xırdavat” sözü düz yazılsa da, hərflərin düşməsi onu da gözdən salıb.
İşıq effektli obyekt adlarının qüsurları xüsusilə gözəçarpan olur. Təqdim etdiyimiz şəkillərdəki “Q...pılar” və “Baks...ll” kimi.
Müvafiq nəzarətedici orqanlar bu çatışmazlıqları görmürlərmi? Görürlərsə, nə üçün dilimizin “dilim-dilim” olmasına bunca laqeyd yanaşırlar? Axı, sözügedən nöqsanlar, ən azı, pintilik nişanəsidir və heç də xoş təəssürat yaratmır.
Gəlin, ana dilimizin Kvazimodoya çevrilməsinə yol verməyək.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”