“Cəfərin yadigarı”

post-img

Sumqayıtdan olan qələm dostum, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Turan” Ədəbi Məclisinin sədri Rəfiqə Şəms həm də fəal sosial şəbəkə istifadəçisidir. Tez-tez maraqlı statuslarla çıxış edir. Bugünlərdə “Facebook”da onun Cəfər Cabbarlı ailəsi haqqında qeydlərini oxudum. Martın 20-nin böyük dramaturq Cəfər Cabbarlının dünyaya gəldiyi gün olduğunu xatırladır və onun ailəsi ilə qohumluğundan bəhs edirdi. Həmin xatirəni təqdim edirəm:

“Azərbaycan ədəbiyyatının az­manı, dünya şöhrətli ziyalı, yazıçı, dramaturq, şair, filosof yaşamı ilə böyük qadağalar, repressiyalardan keçib sonda çat-çat olmuş ürəyini ölümə təslim edən Cəfər Cabbarlı­nın doğum günüdür. Onun haqqın­da nə qədər danışılsa da, söz “da­lana dirənməyəcək”. Mən isə Cəfər baba haqqında uşaqlıq yaddaşı­mın bir küncündə iz buraxan bəzi məqamlardan söz açmaqla ruhunu şad etmək istəyirəm. 

Altı-yeddi yaşım var idi. Cəfər baba 26 il idi ki, dünyasını dəyiş­mişdi, amma nənəm Umunisə xa­nımla Cabbarlı ailəsinin əlaqəsi bir az da sıxlaşmışdı. Yaxın qohumluq münasibətləri olduğu səbəbi ilə hamımızın “Sonabacı” adı ilə ça­ğırdığımız “Cəfərin yadigarı” tez-tez nənəmin evinə qonaq gələrdi. Nənəmə “Ay Püstəbacı, dur, gedey bir az kuşəppeyi yığaq, kitəb bişi­reg”, - deyərdi. Biləcəridəki evimi­zin yanında kiçik bir təpəcik var idi. Ora qalxıb az sonra qucağı dolu qayıdardılar. 

Həmin günlər bütün qohum­lar bu ocağa yığışardı. Axşamüstü Cəfər babanın oğlu Aydın həyat yoldaşı Fatma xanımla bərabər Sonabacını aparmaq üçün bura gələr, onlar da məclisə qoşulardı­lar. Aydın həmişə tələsərdi. Tez-tez qol saatına baxmaq vərdişi var idi. 1976-cı ildə nənəm dünyasını də­yişdi. Mənə onun şəkil albomundan cabbarlılar ailəsinə aid bu şəkil də yadigar qaldı: Cəfər Cabbarlı, həyat yoldaşı Sona xanım, oğlu Aydın, qızı Gülarə birlikdə çəkilmişdilər. Şəkli göz bəbəyi kimi qoruyuram”.

Bəli, əziz oxucu! Sosial şə­bəkədə, bax, beləcə həzin, kövrək xatirələr də olur.

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat