Rusiya unikal silaha malikdir?

post-img

Ukraynada vəziyyət gərgin olaraq qalır. Rusiya qüvvələri xüsusi hərbi əməliyyat çərçivəsində müxtəlif istiqamətlərdə hücumları davam etdirir. RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, ölkəsinin “istənilən rəqibi məhv etməyə qadir olan unikal silahı mövcuddur”. Məlumatı UNİAN verib. 

Patruşevin sözlərinə görə, bu silahdan “RF-nin mövcudluğu üçün təhlükə olanda” istifadə ediləcək: “Rusiya istənilən düşməni, o cümlə­dən ABŞ-ı məhv etməyə qadir unikal silaha malikdir”. 

Patruşev bildirib ki, NATO Uk­raynada böyük hərbi düşərgə salıb, Kiyevə silah və sursat göndərir, təlim keçir”, Qərb Rusiya məğlub olana qədər münaqişəni dayandırmaq niy­yətində deyil.

Ukraynada isə hesab edirlər ki, Rusiya döyüş meydanında uğursuz­luğa düşdükcə dünyanı nüvə silahı ilə hədələyir. Prezident Vladimir Pu­tin də iyulun 1-nə qədər Belarusda nüvə silahı yerləşdirməyə hazırlaş­dığını bəyan edib. Bununla əlaqədar Ukrayna Təhlükəsizlik Şurasının ic­lası çağırılıb. 

Eyni zamanda, Almaniya və bir sıra Avropa ölkələri RF-ni nüvə ilə hədələməkdə ittiham edib, Avropa İttifaqı diplomatiyasının başçısı Jozef Borrel isə Moskvaya qarşı yeni məh­dudiyyətlərin tətbiq ediləcəyini bildirib. 

Rusiya tərəfi də Ukraynanı ölkə ərazisinə hərbi müdaxilədə ittiham edir. Müdafiə Nazirliyinin məlumatın­da bildirilir ki, Tula vilayətində radio­elektron mübarizə vasitəsinin köməyi ilə Ukraynaya məxsus Tu-141 “Strij” PUA-sı vurulub. Zərbə nəticəsində aparatın naviqasiya sistemi sıradan çıxarılıb və o, Kireyevsk yaşayış məntəqəsinə düşüb. Məlumata görə, PUA-nın vurulması nəticəsində üç nəfər yaralanıb, bir neçə çoxmənzilli bina və şəxsi ev zədələnib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, əsas döyüşlər hələ də Baxmut ətrafında gedir. Bu istiqamətdə vəziyyət sabit ağırdır. Quru Qoşunlarının komanda­nı Aleksandr Sırski bildirib ki, döyüş­lər intensiv fazaya daxil olub. Rəqib çoxlu insan, silah-sursat və hərbi texnika itkisi verir. Ancaq hücumu davam etdirir.

UNİAN-ın məlumatına görə, Uqledarın şiddətli atəşə tutulması­nı həyata keçirən general Rüstəm Muradov isə RF “Şərq” qoşun qrup­laşmasının komandanı vəzifəsindən azad edilib. O, əsgərləri mina sahə­sinə buraxmaqda və kütləvi ölüm hallarında ittiham olunur. 

 

P.BABAKƏRLİ, “Xalq qəzeti”

Son xəbərlər