İsti yuvalarına qovuşdular...

post-img

IDEA Heyvanlara Qayğı Mərkəzi Bakı Zooloji Parkında növbəti sərgi keçirib

 

 

Bakı Zooloji Parkında IDEA Heyvanlara Qayğı Mərkəzinin himayə blokunda saxlanılan bəzi heyvanların növbəti sərgisi təşkil olundu.  

Mərkəzin və Bakı Zooloji Parkın birgə təşəbbüsü ilə ərsəyə gələn tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Dörd saat davam edən sərgiyə maraq göstərənlər arasında 4 yaşdan tutmuş 14-15 yaşadək uşaqlar daha çox diqqətimizi çəkdi. Eləcə də, azyaşlı uşaqlarla birgə valideynlər, həmçinin qrup halında tələbələr də sərginin ziyarətçiləri sırasında idilər. Onların arasında sərgiyə vaxtaşırı qatılanların olmasını sevindirici hal kimi vurğulamaq olar. Sərgi iştirakçıları arasında Səbinə Əliyeva (9 yaş) artıq dördüncü dəfədir tədbirdə iştirak etdiyini dedi. Bildirdi ki, balaca itlər, pişiklərlə vaxt keçirmək çox maraqlıdır. Səbinə elə pişiyinə də sərgidə sahibləndiyini vurğuladı. 

Budəfəki sərgidə 2-5 aylıq pişiklər, itlər daha çoxluq təşkil edirdi. IDEA Heyvanlara Qayğı Mərkəzinin direktor müavini Heyran Hüseynova hər ayın son şənbə günü belə bir sərginin keçirildiyini bildirdi: “Bu sayca 10-cu sərgidir. Sərginin təşkilində əsas məqsəd insanlarda, xüsusən gənc nəsildə heyvanlara qarşı mərhəmət, sevgi hissini daha da artırmaq, onlar arasında daha isti münasibətlərin qurulmasına nail olmaqdır. Heyvanlara sahiblənmək istəyənlər şəxsiyyət vəsiqəsini təqdim edərək qısa müsahibədən keçməli, öhdəlik sənədini imzalamalıdırlar. İnsanlar burada heyvanlarla vaxt keçirir, ev heyvanlarına qulluqla bağlı təlimatlar alır, həmçinin özlərinə vəfalı dost qazanırlar. Elə sərgimiz olmayıb ki, heyvanlardan bir və yaxud bir neçəsini himayəyə verməyək. Bundan bir neyə sərgi əvvəl gətirdiyimiz dördayaqlı dostlarımızın hamısı yeni ailələrinə qovuşdular”. 

Heyran xanım himayəyə verilən heyvanların yeni ailələri ilə də əlaqə saxladıqlarını bildirdi: “Himayəyə verilən heyvanların yeni ailələrindən video və şəkillər alırıq. Onların öz ailələrində xoşbəxt olması bizi hədsiz sevindirir”. 

Həmişə olduğu kimi, bu sərgidə də isti yuvasına qovuşanlar oldu. Onların həm özləri, həm də yeni sahibləri xoşbəxt görünürdülər. 

Leyla QURBANOVA

“Xalq qəzeti”

 

 

























Sosial həyat